YAZIÇI VƏ ŞAİRLƏR

...

                                             Esmira Fuad

Həyatı. Ustad Doktor Seyid Məhəmmədhüseyn Behcət Təbrizi Şəhriyar XX əsrin fenomenlərindəndir. Əsrinin ikinci Hafizi-Hafizi sanisi, Sədisi kimi dəyərləndirilən qüdrətli şairə hələ sağlığında ikən “Ustad” deyə müraciət olunub, bütün rəsmi və qeyri-rəsmi dairələrdə ustad şair kimi qəbul edilib.

Məhəmmədhüseyn Seyid İsmayıl Musəvi oğlu* Şəhriyar 1905-ci ilin baharında-mart ayının 21-də Cənubi Azərbaycanın Təbriz şəhərinin Bağmeşə məhəlləsinin Mirzə Nəsrullah bazarçası//Çayqırağı hissəsində dünyaya göz açıb. Atası xalq arasında daha çox Hacı Mirağa Xoşginabi adı ilə tanınmış Seyid İsmayıl Musəvi Təbrizdə ünlü vəkil, anası Kövkəb xanım isə evdar qadın olub. Nəcəfdə dini təhsil alan və əhalinin əksəriyyətinin savadlı olmadığı bir dövrdə gözəl xəttə və yazı savadına sahiblənən Hacı Mirağa sadə adamlar üçün “ərizə”lər yazırmış. Xalqın böyük hörmət və ehtiramını qazanan, işini  gözəl  bilən, kasıbların havadarına çevrilən Hacı Mirağa Xoşginabi el-obada, xalq arasında haqq-ədalətin keşikçisi-hüquq müdafiəçisi, həqiqətpərəst bir şəxsiyyət kimi tanınmışdı.

 Müasirlərinin söylədiklərinə görə, XX əsrin əvvəllərində İran hökmdarı Müzəffərəddin şahın saraydakı xadimlərindən olan Əmir Nizam Gorusi onun yazdığı ərizələrdən birində gözəl xəttini görüb çox bəyənir və H.M.Xoşginabini yanına çağırtdıraraq onunla söhbət edir. Sonra isə Hacını müctəhidlərdən birinə tərifləyir. Həmin dövrdən etibarən də onun şöhrəti artmağa başlayır. Şəhriyar bu məsələ ilə bağlı xatirələrində yazır: “Təbriz vəliəhdin iqamətgahı olduğu zaman Tehran əyanlarından biri Təbrizə gəlir. Atamı ildə 50 tümən olmaqla, övladına müəllim təyin edir. O zaman 50 tümən böyük məbləğ idi və bir ailə 50 tümənə bir ay keçinə bilərdi. İllər sonra Qacar şahzadələrinin vəziyyəti çətinləşir. O şahzadə də Tehrana qayıtmalı olur. Lakin atamın maaşını kəsmir. Onun ölümündən sonra, həyat yoldaşı xanım Əkrəm üs-Səltənə də hər il atamın maaşını göndərirdi”[1].

Kiçik Məhəmmədhüseynin ömrü XX əsrin müəyyən mərhələlərində Cənubi Azərbaycanda, İranda baş vermiş şiddətli sinfi mübarizələr, milli istiqlaliyyət, mədəni yüksəliş və milli tərəqqi uğrunda ictimai-siyasi çarpışmalar dövründə keçmişdir. Müstəbid sah rejiminin zülmündən, imperialist dövlətlərin soyğunçulu­ğun­­dan zinhara gəlmiş Cənubi Azərbaycan və İran xalqlarının antiimperialist mübarizəsinin, milli istiqlaliyyət uğrunda demokratik hərəkatının ilk mərhələsi olan Məşrutə inqilabı (1905-1911) zamanı sadə əhalinin də yaşayışı çətinləşmişdi. Hacı Mirağa elmli, ziyalı bir insan idi və Təbrizdəki siyasi vəziyyət onu çox narahat edirdi. O, siyasi vəziyyətin kəskinliyini və “ailəsini də düşünərək Təbrizi tərk etməyi fikrində tutsa da, bunu tez bir zamanda həyata keçirmir. Lakin Təbrizdəki siyasi toqquşmalar zamanı evi dağıdılır”[2].

Evinin dağılmasına baxmayaraq o, yenə də Təbrizi tərk etmir və kiçik oğlunun 2 yaşı tamam olanadək gözləyir.

Hər yerdə Mücahid dəstələri təşkil olunmuş, Təbriz küçələri döyüş meydanına çevrilmişdi. Hacı Mirağa bir müddət də səbr edir. Təbrizi ən qədim şəhərlər sırasına daxil edən Əhməd Kəsvərinin fikrincə, Hacı “bəlkə də düşünürmüş ki, şəhəri tərk edərsə, ailəsi üçün qazanc, dolanışıq yeri tapa bilməz. Lakin bu zaman evi ikinci dəfə də gülləbaran edilərək dağıdılır”[3]. Ancaq Dr. Məryəm Müşərrəf fars dilində qələmə aldığı “Morğ­-e Behişti. Zendegi və şere Seyyed Mohammed Hoseyn Behcat Təbrizi (Şəhriyar) adlı kitabında yazır ki, “Mirağanın kənddəki dolanışığı haqqında məlumatımız olmasa da, məlumdur ki, Şəhriyarın uşaqlığı kənddə rifah içində keçib”[4]. Bu faktı şairin xatirələrindəki müəyyən məqamlar da təsdiqləyir. Həmin  məqamlardan biri Novruz bayramı günlərində uşaqların bacadan şal sallama adətinin izahındadır: “Çərşənbə gecəsi bəzi adamlar özünü tanıtmadan evlərin damına çıxıb öz rəngbərəng şallarını sallayırlar. Yəni ki, bayramlıq istəyirəm. ...Bu adət əksərən kasıb uşaqlarını əyləndirmək, onların könlünü almaq məqsədi güdsə də, dövrün şən mərasimlərindən idi”[5].

Nəhayət, Hacı Mirağa şəhəri tərk etmək qərarına gəlir. Ailəsinin təhlü­kə­sizliyini təmin etmək məqsədi ilə mürəkkəb hadisələr burulğanı olan Təbriz şəhərindən ata-baba yurduna - Abbas mahalının Xosginab kəndinə köçür və ata evində məskunlaşır. Həmin evdə Məhəmmədhüseynin Xanım nənəsi və bibisi də yaşayırdı. Şəhriyarın kənddə yaşadığı illərdə təhsil almasında və dünyagörüşünün formalaşmasında şeirlərində dəfələrlə sevə-sevə bəhs etdiyi bibisinin və onun evində saxladığı kitabların böyük əhəmiyyəti olur: ”Bizim yaşadığımız evdə bibimin otağındakı tağçada 2 kitab vardı: Biri Qurani-Məcid, digəri isə Hafizin divanı. Mən oynayıb gələndən sonra bir dəfə Quran ayələrini, bir dəfə də Hafizin divanını oxuyurdum. Əvvəldən zehnim Qurani-Məcidin səmavi musiqili kəlmələri və Hafizin şeirləri ilə dolu idi...”[6]

O zaman Şəhriyar altı yaşında yerə-göyə sığmayan, çılğın, cəld hərəkətli, kitab oxumağa, yeni biliklər qazanmağa, hər şeyi öyrənməyə həvəs göstərən, gözüaçıq bir uşaq idi: “Kənddə idim. 6 yaşım vardı. Əlifbanı oxuyurdum. Sözləri oxuya bilsəm də, mənasını anlamırdım”[7] və “mən atamdan farsca və ərəbcə ədəbiyyatı öyrənirdim”[8].

Beləliklə də kiçik Məhəmmədhüseyn uşaqlıq illərini Xoşginab və ona bitişik olan Qayışqursaq, Qaraçəmən və Qıpçaq kəndlərinin füsunkar qoynunda yaşamalı olur, heç vaxt unuda bilmədiyi o çağlar ana təbiətin füsunkar qoynunda keçir. Burada yaşadığı sakit, qan tökülməsindən, çarpışma və qarışıqlıqdan uzaq illər gələcəyin dahi şairinin yaddaşına əbədilik həkk olumur, həyatında dönüş yaranır. Ömrünün ən çılğın çağlarında baş verənlər, bibisinin baməzə hərəkət və danışıqları ilə bağlı bəzi məqamlar şairin xatirələrində öz əksini tapır: “Qış günləri səhər tezdən bibim təndiri yandırıb, ev-eşiyi yığışdırıb, səhmana salıb, yenidən kürsünü qurardı. Bunun üçün qabaqcadan evdəkilərin kürsünün altından çıxıb başqa yerə getmələri tələb olunurdu. Ancaq bu yerdəyişmə biz tənbəllərin xeyrinə deyildi. Xüsusən bibimin qoca əri heç vəchlə isti kürsünün altından çıxıb yerini dəyişmək istəməzdi. Bacardığı qədər bu yan-o yan edər, yubanardı. Həm də bibimdən qorxduğu üçün onunla bir növ ehtiyatla danışardı. Bibimin hirsli-hirsli dişlərini qıcaması, onların arasında gedən mübahisə və danışıqlar, doğrudan da, bizim üçün çox maraqlı olardı. Mirzə Tağı Bağırzadə mənim bibim oğlu idi. Bir gecə onunla çaya gedib aya baxdıq. Ay suda qərq olan bir adam kimi, sanki əl-ayaq çalırdı. Təzəcə mənim şairlik zövqüm ilhama gəlmişdi ki, birdən çayın o tayında bir cüt şölə yanar çıraq kimi diqqətimizi cəlb etdi. “Ey-vay, qurddur!” – deyə qayıdıb qaçdıq. Yol baş-yuxarı idi, birtəhər oranı dırmaşdıq. Elə qorxmuşduq ki, artıq mənim ayaqlarım getmirdi. Yeriyə bilmirdim, çox zəhmətlə, rəngi saralmış, əsə-əsə gəlib evə çıxdım. O gecə hələ yorğanın altında da uzun müddət özümə gəlməmişdim”[9].

Bir çox böyük sənətkarlar kimi, Şəhriyarın da doğum tarixi mübahisəlidir. Şairin həyat və yaradıcılığından bəhs edən tədqiqatlarda, ayrı-ayrı məqalə və resenziyalarda görkəmli alimlər Q.Beqdeli, H.Məmmədzadə, H.Bülluri, Y. Akpinar, Ə.Atəş, Y.Gədikli, Ə.Dəstğeyb, Y.Şeyda, L.Zahidi, Ə.Zəhri, N.Rizvan, eləcə də ona müxtəlif səpkili elmi, yaxud məlumat xarakterli məqalə və resenziyalar həsr etmiş R.Sultanov, B.Hüseynov, S.Ə.Xalxali, İ.Həbibbəyli, E.H.Quliyev, H.İsaxanlı, E.Mədətli, R.Əliyev, Z.Əkbərov, B.Nəbiyev, T.Əhmədov,  E.İ.Quliyev və b. ustadın doğum tarixini müxtəlif illər çərçivəsində (1904, 1905, 1906, 1907, 1908, 1909, 1910, hətta 1911-ci illərdən birini) göstərmişlər. Hətta M.Həsənbəyi ustad şairlə apardığı “Şeir ildırımdır” adlı müsahibənin “Həyatından səhifələr” hissəsində onun dünyaya gəliş tarixini 1902-ci il olaraq göstərmişdir: “Şəhriyar 1281-ci ildə (salnamədə 1285-1906-ci il göstərilir-tərcüməçi) Şərqi Azərbaycanın tabeliyində olan Xoşginab kəndində o dövrün birinci dərəcəli vəkillərindən birisinin ailəsində dünyaya göz açdı”[10].

Burada həm doğum ili, həm də məkan yanlışlığı aydın görünür və bu məqamlar aydınlığa qovuşduğundan, təbii, şərhinə gərək duymadıq. Tədqiqatçı N.Rizvanov şairin “Dər xaneye təqdir” qəzəlindəki aşağıdakı beytə əsasən, onun doğum tarixinin məhz 1905-ci ilin baharı olduğu qənaətinə gəlir. Onu da qeyd edək ki, bu fakta Şəhriyarın həyat səhifələrini vərəqləyən şeirlərindən gətirdiyimiz:

 

Min üç yüz iyirmi dördün fərvərdin ayında –

Ömrümdən qırx ildən artıq keçməyib,

ancaq qocalmışaм (20, s.30)  -
 

kimi nümunələrdə də təsadüf edilir. 1324-cü il miladi tarixlə 1945-ci ilə uyğun gəlir və şairin yazdığı kimi, həmin tarixdən 40 ili çıxsaq, yenə də doğuluşu 1905-ci ilin fərvərdin, yəni mart ayına uyğun gəlir. Qızı Şəhrizad da xatirələrində yazır ki, “atam 1953-cü ildə 48 yaşında bibisi qızı sayılan Əzizə xanımla evlənmişdir”[11].

Şəhriyarın həyatını bütünlüklə araşdıran tədqiqtçı Əhməd Kaviyanpurun ilk kitabının çap olunduğu ildə şairin 24 yaşlı gənc olduğunu vurğulaması da doğum ilinin 1905-ci il olması faktını təsdiqləyir: “1308 (1929)-cu ildə Xəyyam kitabxanası onun kiçik həcmli bir divanını da nəşr etmişdir. Ona mərhum ustad Məlik-üş-şüaraye Bahar, ustad Səid Nəfisi və görkəmli şair Pejman Bəxtiyari tərəfindən müqəddimələr yazılmışdı. O, kiçik həcmli divanda dərc edilən şeirləri tərhum Məlik üş-şüaraye Bahara o qədər təsir etmişdir ki, öz müqəddiməsində cəmi 24 yaşlı Şəhriyarı İranın, bəlkə də dünyanın fəxri kimi təqdim etmişdir”[12].

Ə.Kaviyanpurun ustad şairin misilsiz xanəndə Qəmər ül-mülk Vəziri ilə tanışlığının yarandığı tarixi günlə bağlı digər bir qeydində yenə də bu məqam vurğulanır: “1927-ci ildə 22 yaşlı Şəhriyar öz dostu Şəhyardan xahiş etdi ki, Qəmər ül-mülk Vəzirinin şərəfinə tərtib edilmiş qonaqlıqda o da iştirak edib, İranda bu qədər təriflənən Qəməri yaxından görsün. Şəhyar Şəhriyarın təkidlə xahiş etdiyini görcək qərara gəlir ki, həmin məclisdə o da iştirak eləsin”[13]. Təbii, təkcə elə bu faktları - şairin evlənmək qərarına gəldiyi, həmçinin ilk kitabının nəşr olunduğu vaxtla dünyaya gəldiyi vaxtı incələsək, doğum tarixinin məhz 1905-ci il olduğu təsdiqlənir...

O, ilk təhsilini Xoşginab kəndində Molla İbrahimdən və molla Ağa Məhəmməd Bağırdan alır, Molla İbrahimə qədər isə yazıb-oxumağı dövrünün tanınmış ziyalısı olan atasından öyrənir, o da öz növbəsində zaman keçdikcə Qurani-Kərim, Hafizin divanı, Sədinin “Gülüstan” və “Bustan” əsərləri, eləcə də “Nəsab” adlı ərəbcə-farsca mənzum lüğətdən (Ə.N.Fərhi) oxuyub öyrəndiklərini mükəmməlləşdirir. Vəziyyət sabitləşəndən sonra ailəsi ilə birlikdə Təbrizə qayıdır. Öncə “Füyuzat” və “Müttəhidə” mədrəsələrində, daha sonra “Firdovsi” və “Məhəmmədiyyə” orta məktəblərində təhsilini davam etdirir, ərəb, fars və fransız dillərini öyrənir.  Nizami, Hafiz, Sədi, Saib və Sabirin (türkcə ilk şeirini M.Ə.Sabirin təsiri ilə 1913-cü ildə yazıb) əsərləri gənc Məhəmmədhüseynin mütaliə, həm də qəlb yoldaşı olur.

O, təhsilini davam etdirmək üçün 1921-ci ildə Tehrana gələrək Məhəmmədəli Şah Qacarın bacısı Əkrəm üs-Səltənənin evinə düşür və Darülfünuna yazılır. Burada təhsilini başa vurduqdan sonra, 1924-cü ildə Tehran Universitetinin tibb fakültəsinə daxil olur. Ədəbiyyata böyük marağı və sevgisi olan gənc tələbə şeirlər yazır, mətbuatda dərc olunur və yavaş-yavaş ədəbi aləmdə tanınmağa başlayır.

Tehranın görkəmli sənətkarları, elm, mədəniyyət xadimləri ilə tanışlığı onun ictimai-siyasi gorüslərinin formalaşmasında, dünyaya baxışının  istiqamətlənməsində  mühüm  rol  oynayır. Hələ Təbrizdə  ikən dövrünün misilsiz muğam ustası, qocaman xanəndə, Məşrutə inqilabının rəhbəri Səttarxanın 1908-ci ildə “İqbali Azər” ləqəbini verdiyi Əbülhəsən xan İqbal üs-səltənə ilə tanış olması və ondan musiqi, muğam dərsi alması da dünyagörüşünün formalaşmasına faydalı təsir göstərir.

Gənc şair universitetdə təhsil aldığı illərdə Sürəyya adlı bir qıza aşiq olur, eşqi naminə, onun yaşadığı Behcətabad məhəlləsinin adına uyğun olaraq “Behcət” təxəllüsü ilə şeirlər yazır və ilk qələm təcrübələri ədəbi mühitdə, çağdaş İran poeziyasının görkəmli nüma-yəndələri arasında maraq doğurur. 1921-ci ildə Əbülqasım Şəhyarla tanış olur və onlar bir-birinin şəxsində səmimi dost tapırlar. Əbülqasım gənc şairi İranın məşhur söz ustaları Lütfulla Zahidi (1922), Həbib Səlmasi, Ustad Qəmər ül-mülk Vəziri (1927), Məlik üş-şüəra Baharla (1928) tanış edir. M.Baharın vasitəsilə o, Arif Qəzvini və İrəc Mirzəni yaxından tanıyır və onlarla dostlaşır.

1924-cü ildə  Əbülhəsən xan Səba və Seyid Əbdülkərim Əmiri Firuzkuhi ilə tanışlığı və dostluğu başlanır. Bundan sonra, onun şeirlərində müəyyən dəyişikliklər nəzərə çarpır. Eyni zamanda Əbülhəsən xan Səbadan setar çalmağı öyrənir və deyilənlərə görə, istəklisi Sürəyya-Pəriyə də bu musiqi alətində çalmağı özü öyrədir. Əziz dostu Əbülqasım Şəhyara həsr etdiyi bir qəzəl dostları tərəfindən çox bəyənilir, əldən-ələ keçir, oxuyan hər kəs qəzəl haqqında yüksək fikirlər, xoş sözlər söyləyir. Şeirinin seviləcəyinə əmin olmayan şair sonralar xatırlayır ki, bu hadisə, münasibət mənə böyük zövq və inam verdi. Sanki bir gündə yüz il yol getdim.

Dostlarının xoş sözlərindən qanadlanan gənc şair özünə ürəyincə bir təxəllüs götürmək üçün çox düşünür. Onun söylədiyinə görə, hər hansı təxəllüsü götürürmüşsə, sonra əl çəkməli olurmuş. Cünki digər şairlər həmin təxəllüsləri artıq qəbul edərək şeirlər yazdıqlarından, Məhəmmədhüseyn də təxəllüsünü tez-tez dəyişmək məcbu­riyyətində qalırmış. Nəhayət, Hafizin divanından fal açmalı olur. Orada yazılmışdı:

Çərxi-fələk sikkəni şəhriyarların adına döydürdü,

Mən də öz şəhrimə gedib, öz Şəhriyarım* olmalıyam.[14]

 

1925-ci ildə, 20 yaşında ikən “Şəhriyaram” qəzəlini yazaraq qələm sahiblərini, özünü mənəvi dünyanın şahı adlandırır. Şəhriyarın bu qəzəlini oxuyan İrəc Mirzə heyrətlə bildirir ki, “Sən bizlərdən deyilsən, böyük Hafizin cərgə­sindənsən!”

Lakin Şəhriyar ilk şeirini məhz dörd yaşında ikən bədahətən deyib. Belə ki, düyünü çox sevir­miş və naharda ona ət qutabı qoyan xidmətçi Ruqəyyəyə//Fatmaya (E.F.) şairanə xitab edib:

Ruqiyyə bacı,

Başımın tacı,

Əti at itə,

Mənə ver kətə.

Böyük qızı Şəhrizadın yazdığına görə, sonralar uşaqlıq illərində bədahətən şeir dediyi günləri və atasının onu eşitməsini belə xatırlayırmış: “Bir gün məhəllə uşaqları ilə oynayırdım. Evə qayıdarkən həyətimizin tən ortasındakı böyük bir ağaca heyranlıqla şeir oxumağa başladım. Bu vəznli sözlərin ağlıma və dilimə necə gəldiyini bilmirdim. Birdən atam məni çağırdı. Onun səsinə geri döndüm. Atam təəccüb və çaşqınlıq içində məndən soruşdu:

- Bu şeirləri haradan öyrənmisən?

Dedim:

- Heç kim mənə öyrətməyib. Elə özümdən deyirəm.

Əvvəlcə inanmadı. Amma buna xatircəm olandan sonra sevincindən səsi titrəyərək ucadan anamı çağırdı və dedi:

- Gəl gör, necə oğlumuz var!”

Şəhriyar 7-8 yaşlarında ikən M.Ə.Sabirin “Hophopnamə”si ilə yaxından tanış olur və onun əsərlərindəki satirik ruhun təsirilə ilk türkcə şeirini, 1915-ci ildə-yeddi yaşında isə anasını dinləməyib sözündən çıxması sonradan könlünü pərişan etmiş və bədahətən bu şeiri demişdi:

Mən günahkar oldum, mənə ar olsun,

Mərdümazar oldum, mənə ar olsun![15]

Cəmşid Əlizadənin yazdığına görə, 11 yaşlı balaca Məmmədhüseyn atasının dostları ilə Təbriz yaxınlığındakı Eynalı dağında gəzinti zamanı o dönəmlər əsərlərini mütaliə etdiyi fransız şairi Fransua Rene de Şatobrianın şeirlərinin təsirilə aylı gecəni vəsf edən şeirini yazmış, daha sonra Xoşginabdan İsfahanın Məhyar kəndinə köçən qohumlarından birinin şerini təqlid edən:

Günəş Aya yar olar, əgər sən Məhyara gəlsən,

Ey Günəş, nə olar, əgər sən Aya yar olsan![16]-

misraları doğulmuşdur. Şəhriyar Tehran universitetinin tibb fakültəsində 4 il təhsil aldıqdan sonra,  1928-ci ildə hərbi həkimlər hazırlayan qrupa keçir və hərbi həkim//cərrah kimi ixtisaslaşır. Lakin təbiətən humanist, həssas, qəlbi kövrək olduğuna, bütün könlünü seirə verdiyinə görə, həkimlik sənəti, bu sənətin olum-qalım dilemmasını həll edən tərəfləri, cərrah bıçağı və kəsilən nahiyədən axan insan qanı şairin ürəyincə deyildi. Sonralar xatırlayırmış ki, hər dəfə cərrahiyyə əməliyyatı aparandan sonra halı xarab olur, özünü çox pis hiss edirmiş.

Gənc Şəhriyar dövrünün ab-havasına, siyasi mütəhərrikliyinə də laqeyd qalmır, əsərlərində ictimai quruluşa, müstəbid rejimə qarşı kəskin etiraz və ifşaçılıq ruhu özünü göstərir. Düsüncə və duyğularının bu məcraya yönəlməsində onun Tehranda fəaliyyət göstərən mütərəqqi ziyalılarla tanışlığı və dostluğu, eyni zamanda XX əsrin əvvəllərində İranda və Cənubi Azərbaycanda zülm səltənətinə, ağalıq, şahlıq quruluşuna qarşı xalqın dalğa-dalğa yüksələn milli azadlıq, demokratik hərəkatları da böyük rol oynayır. “Sərdari-milli” Səttarxanın və fəlsəfi təfəkkürə malik alovlu vətənpərvər Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə genişlənən xalq hərəkatı gənc şairin dünyagörüşündə dərin iz buraxır.

Əlbəttə, şairin şeirlərindəki mübarizə, etiraz motivləri yaşadığı ədəbi mühit, baş verən ictimai-siyasi hadisələr və 1928-ci ildən iştirak etdiyi Dok­tor Xəlil xan Səqəfinin yaratdığı “Ehzare-ərvah” məclisindən də qaynaqlanırdı.

Universitet illərində (1924-1929) Şəhriyarın bir sıra şeirləri Tehran mətbuatının səhifələrində çap edilir. İlk mətbu şeiri isə Təbrizdəki Məhəmmədiyyə orta məktəbində oxuyarkən burada nəşr edilən “Ədəb” jurnalında dərc olunur. “Ərməğan” jurnalının redaktoru Vahid Dəstgirdi də onun şeirlərini öz dərgisində ardıcıl çap edir.

Lakin universitetin son kursunu bitirib ixtisaslaşmış hərbi həkim diplomu almasına iki-üç ay qalmış gənc Şəhriyarın həyatında ən ağır bir hadisə baş verir. Şair illərlə sevdiyi Pəridən-Sürəyyadan (O, Sürəyyanı Pəri də çağırırdı) ayrılmağa və universiteti tərk etməyə məcbur edilir. Buna baxmayaraq, 1929-cu il 24 yaşlı gənc şairə böyük uğur da gətirmişdi. Dostları – L.Zahidi, İ.Mirzə, M.Bahar və b. təkidi ilə “Xəyyam” nəşriyyatında şairlər şairi adlandırılan Məlik üş-şüara Bahar, Pejman Bəxtiyari və professor Səid Nəfisinin ön sözü ilə ilk şeirlər kitabı – “Divanca”sı nəşr olunmuşdu. Kitabının cap olunması və İran ədəbi ictimaiyyəti tərəfindən yüksək səviyyədə təqdir olunması və bəyənilməsi onu yazıb-yaratmağa daha da ruhlandırmışdı.

Bəzi tədqiqatçılar Şəhriyarın təhsilini yarımçıq qoyub universiteti tərk etməsinin səbəbini dəlicəsinə sevdiyi Sürəyya ilə bağlayırlar. Belə ki, Rza şah Pəhləvinin qohumu Çıraqəli xan da Sürəyyanı sevmiş və Şəhriyarın öz yolunun üstündə maneə olacağını düşünərək çıxış yolunu onu Tehrandan uzaqlaşdırmaqda görmüşdür. Nəticədə başı bəlalı şair Xorasan vilayətinə - Nişapura sür­gün olunmuşdur. Lakin sürgün aktı məhz gənc şairin getdikcə artan şöhrətindən, sözükeçərliyindən ehtiyatlanaraq onu, həm də Tehran ictimai-siyasi və ədəbi mühitindən uzaqlaşdırmaq məqsədi ilə gerçəkləşdirilmişdi.

Bu fakt Əhməd Kaviyanpurun monoqrafiyasında da yer alıb: “Ağa-ye Bəhruz Siyahpuş Şəhriyarın ona söylədiklərinə əsasən yazır ki, ustad 1929-cu ildə Tehran Universitetinin V kursunda buraxılış imtahanları zamanı Abbasabad məhəlləsindəki (indiki 501 saylı xəstəxana) “Sipəh” xəstəxanasında təcrübə keçirmiş. Ustad deyirdi ki, bir gün məni xəstəxananın müdiri – baş həkim çağırtdırdı. İçəri girdikdə rəisin otağında bir sərqud – minbaşının məni gözlədiyini gördüm. Rəis narahat idi. Minbaşı-mayor dedi ki, sənnən işimiz var və məni Dəjban həbsxanasına apardılar. Əbdülhüseyn Teymurtaş (Rza şahın vəziri – E.Ş.) həbsxanadakı məmurlara deyibmiş ki, məni orada öldürsünlər. Pəri-Sürəyyanın anası onların məni həbs etdiyini bildikdə, üz-gözünü cırır, çox ağla­yıb-sıtqayır. Teymurtaşa yalvarır ki, bu yazıq seyidin günahı nədir ki, ölümünə çalışırsınız? Cəddi bizi tutar, əlinizi qana batırmayın! Teymurtaş cavab verir ki, onu bir şərtlə öldürmərəm, Tehrandan çıxıb getsin. Ustad söyləyir ki, Əbdülhüseyn Teymurtaşın Sovetlər birliyinin Mərkəzi Təhlükəsizlik İdarəsi ilə əlaqəsi var idi, hər şeydən xəbərdardı. Şahın vəziri olan bu cəllad qumarbaz və şəhvət düşgünü idi. Sərxoş olduğu zamanlar heç bir qadın onun əlindən qurtula bilməzdi. Məqsədinə çatmaq üçün hər vasitəyə əl atardı. 1933-cü ildə rüşvət aldığına görə günahlandırılır. Açıq məhkəmə, divan quruldu. Əfv olunması üçün elə də canfəşanlıq etmədi, bir-iki dəfə ağladı, ancaq bir köməyi olmadı, zindana salındı. 1934-cü ildə Tehranda Qəsr zindanında zəhərlənib öldürüldü. Onun faciəli ölümünü səktə-infarktdan olub kimi qələmə verdilər. Sonra ustaddan soruşdum ki, Teymurtaş çox qüdrətli, güclü adam idi, necə oldu ki, öldü? Dedi ki, onu mənim cəddim öldürdü. Bəxti gətirməmişdi, eybəcər arvadı yüksək cəmiyyət məclislərinə çıxası halda deyildi. Məqam sahibi oldu, vəzifə tutdu, mənim sevgilimə göz yetirdi, sonu da belə oldu[17].

Şairin söylədiklərini dövrünün bir çox ziyalıları, onunla yaxından ünsiyyətdə olan dostları və hadisənin şahidləri öz xatirələrində təsdiqləmişlər. Tehran Dövlət Tibbi Ekspertiza idarəsinin rəisi, tutduğu vəzifənin məsuliyyətini və şərafətini dərk edən vicdanlı həkim - məmur olmuş Hüseynqulu Qızılayaq isə Hicazi ilə söhbətində Teymurtaşın zindanda məhz zəhərləndirilərək öldürüldüyünü bir mütəxəssis kimi şərh etmişdir: “Rəsmi Ekspertiza idarəsinin müdiri işlədiyim günlərin birində məni Əbdülhüseyn Teymurtaşı dəfn etmək üçün yazılı icazə verməkdən ötrü zindana apardılar. Mənə dedilər ki, o, infarktdan ölüb. Mələfəni qaldıranda gördüm ki, cəsədin üzəri iri qara ləkələrlə doludur. Bu isə zəhərlənmənin açıq-aşkar əlaməti idi. Dedim ki, bu, zəhərlənib, infarktdan öldüyü barədə sənəd verə bilmərəm. Onlarsa təkid etdilər ki, infarktdan keçinib... Yenə də sözümün üstündə durdum və dedim ki, zəhərlənmənin əlamətini aşkar gördüyüm halda, ölümün digər səbəbdən baş verdiyi haqda deyil, yalnız zəhərlənmə ilə bağlı sənəd verə bilərəm. Xülasə, nə qədər təkid etsələr də, mən kimin tərəfində olduğumu, rədd cavabımın başıma nələr gətirə biləcəyini təxmin etsəm də, dəfn üçün tibbi arayış vermədim və geri qayıtdım...”[18]

Tədqiqatımızda sürgün faktına nisbətən geniş yer verməyimiz təsadüfi deyil. Çünki bəzi tədqiqatçılar Şəhriyarın şah üsul-i idarəsi tərəfindən sürgün edilməsi faktını danır, bu hadisəni müxtəlif səbəblərlə bağlayırlar. Ancaq bu, bir həqiqətdir ki, şairi Tehrandan, ictimai-siyasi mühit­dən, dövrün mütərəqqi ziyalılarından ayırmaq, uzaqlaşdırmaqla gələcəkdə baş verə biləcək xalq hərəkatının təkanverici qüvvələrindən birini aradan götürmək məqsədi güdən hakim dairələr Sürəyya - Pəri kartından istifadə etmişlər. Çünki söylənilənlərə görə, gənc Şəhriyar Qaçar sülalə­sinin devrilməsi, istibdad rejimi əleyhinə kütləvi iğtişaşlarda iştirak etmiş, hətta ölümdən qurtulmuşdur. Mirzadə Eşqi kimi mütərəqqi arzularla, azadlıq idealları ilə yaşayan ziyalını qətlə yetirən, alovlu nitqini kəsmək üçün Fərruxi Yəzdinin dodaqlarını tikdirən bu rejim, müstəbidlər səltənəti Şəhriyar kimi azadlıq mücahidlərinə rəğbət bəsləyərək əsərlərində onları həvəslə vəsf edən, misraların-dan od-alov saçılan gənc şairin də qapısını döyməli, “təmizləmə kampaniyası” həyata keçirilməli idi. Şairin ürək və qələm dostu Lütfulla Zahidi xatirələrində yazır: “Şəhriyar bir neçə dəfə ölümdən qurtulmuşdu. Bunlardan biri Qacarlar sülaləsinin məhv olunması qərarı ilə əlaqədar baş vermişdi. O zaman Şəhriyar 17 yaşlı bir gənc idi. Başına əmmamə qoyar, səliqəli geyi­nər, gecə-gündüz dünya ədəbiyyatının ən nadir incilərini mütaliə edərdi. O, həmin vaxtda müxalifət hərəkatını, xalqın etiraz dalğalarını ölkənin xeyrinə olan bir iş kimi qiymətlən-dirərək bir dəstə etirazçı ilə bazar meydanında mitinq keçirmək və nitq söyləməklə məşğul idi. Amma onun xəbəri yoxdu ki, o zaman  hökumətin tərəfdarı olan bazar əhli bu dəyişikliklərə müxalifdir və bir dəstə adamı pulla satın alıb mitinq keçirənlərin əleyhinə meydana daxil ediblər. Onlar Şəhriyarı və tərəfdarlarını əhatəyə alır və öldürmək məqsədilə döyməyə başlayırlar. Elə bu vaxt Şəhriyar görür ki, bir nəfər onu mitinq iştirakçıları arasından quş kimi götürüb Seyid İmamzadəsinə aparır. Həmin şəxs vəziyyətdən onu hali edir və deyir:

  • Seyid, bu həngamənin səninlə nə əlaqəsi var, get, öz işlərinlə məşğul ol.

Özünü hay-küyün içərisindən xilas olmuş görən Şəhriyar bazarın damına çıxır və onun tağları arasından görür ki, məslək dostları və mitinq iştirakçısı olan həmkarları müxalifətin dəyənək və bıçaqları altında məhv olmaq üzrədirlər. Sonralar ona məlum olur ki, mitinqçilərdən yalnız o, salamat qurtulub”[19]

Şəhriyar üçün canı qədər sevdiyi Pərisindən ayrılmaq ölümdən betər idi. O, Sürəyyanın anası ilə görüşür və göz yaşları içərisində ona yalvarır ki, axırıncı dəfə sevgilisini görmək üçün tədbir görsün. Gənc aşiqin göz yaşları ananı yumşaldır. Onların son dəfə görüşüb vidalaşmaları üçün Behcətabad parkına gəlməsindən ötrü Sürəyyaya şərait yaradacağına söz verir. Lakin ana sözünə əməl edə bilmir, düşmən daha ehtiyatlı tərpənir. Sevgilisi ilə görüşüb onu qaçıracağını düşünən Şəhriyar sübhə qədər Behcətabad parkının yanında, çinar ağacının altında gözləyir, ancaq Sürəyya gəlmir. Sürəyyanın anası iki sevən gəncin ayrılmasını deyil, qovuşub mutlu bir ömür yaşamasını istəyirdi. Bu nüans ustadın bir xatirəsində vurğulanır. Yaylaqda ailəsi ilə birlikdə istirahət edən Sürəyyanın görüşünə gələn şair xatırlayır ki, “evdə polkovnikin bir neçə dostu oturub səmimi söhbət edirdilər. Atası zövq və hal əhli idi. Çox vaxt dostları ilə birlikdə məclis qurar, müxtəlif mövzulardan söhbət açaraq vaxtlarını xoş keçirərdilər. Mən də onlarla bir çox mövzuda söhbət etdim. Lakin sevgilimlə yalnız qalmaq üçün səbrim, hövsələm daralır, tələsirdim. İstəyirdim ki, qonaqlar tez getsinlər. Sürəyyanın anası vəziyyəti çox tez anladı və bəhanə ilə qonaqları eşiyə çıxardı. Mən bu anların təsiri altında «Odda yanan pərvanə» şeirimi yazdım. Biz bəxtəvər aşiqlər heç ağlımıza da gətirmirdik ki, düşmən əleyhimizə plan cızır və qarşıda müsibətli günlər bizi gözləyir…”[20]

Həmin gecənin iztirablarını, ağrısını, hər dəqiqəsi bir il çəkən intizar anlarını “Behcətabad xatirəsi” adlı həsrət yüklü qəzəlində əks etdirir və nakam məhəbbətinə əbədi abidə qoyur. Aşiq şair uğursuz məhəbbətinə bir çox qəzəl həsr edir. “Behcətabad xatirəsi”, “Pəri”, “Həzin nalələr”, “Eşqin intiqamı”, “Köynəyin qoxusu”, “Qəmli təranə”, “Odda yanan pərvanə”, “Səfərdəki ay”, “İndi niyə”, “İtmiş Yusif”, “İntizar”, “Əlim ətəyinə”, “Mənim taleyim” və s. əsərlərində onu bitirib-tükədən nakam eşqini, həsrət duyğularını qələmə alır. Bu qəzəllərdə həm də ifşaçılıq, dövrün eybəcə­rliklərinə, ictimai bəlalara, hakim dairələrin ədalətsizliklərinə qarşı kəskin etiraz nidaları da özünü göstərir.

Nişapurda dostlarından, vətənindən uzaq əzab-əziyyətli həyat yaşamağa məhkum edilən şair keçmişi, ötən günlərini tez-tez xatırlayır, həzin xatirələrlə zəngin Tehranı unuda bilmir. Notariat kontorunda mühasib-hesabdar işləməyə başlayan şair “Tehranı yad edərkən” şeirini yazmaqla təsəlli tapır. Daha sonra isə “Nişapurda” və “Nişapurda günəş batarkən” məsnəvilərini, “Şairin evlənməsi” qissəsini qələmə alır. Az keçmədən Şəhriyar Nişapurdan Məşhəd şəhərinə köçürülür, burada Mirzə Rzaxan Əqili, Mahmud Fərroxi, Gülşəni Azadi kimi tanınmış ədəbi simalarla tanış olur, Xorasan ədəbi məclislərində – “Məktəb-e Şahur”da, həmçinin Ə.Firdovsinin 1000 illik yubiley tədbirlərində iştirak edir.

1934-cü ildə Şəhriyarın atası Mirağa Xoşginabi vəfat edir. Lakin sərt sürgün qaydaları oğulun atasının dəfn mərasimində iştirak etməsinə imkan vermir. Xorasandan çıxması yasaqlanmış Şəhriyarın Təbrizə getməyə ixtiyarı yox idi. Şair atasının ölümündən doğan üzüntüsünü, kədərli duyğularını “Atamın matəmində” adlı qitəsində ifadə edir. 1936-ci ildə M.Şəhriyar sürgündən Tehrana qayıdır. M.Baharın müqəddiməsilə “Divan”ı yenidən çap olunur və H.İ.Əmirxizinin köməyi sayəsində “Fəlahət” adlı Kənd təsərrüfatı bankında mühasib işləməyə başlayır. Atasının vəfatından sonra başsız qalan ailəsini də Tehrana, öz yanına köçürür. Lakin sair maddi sıxıntı çəkir, aldığı əmək haqqı ilə böyük ailənin ən adi tələbatını belə çətinliklə ödəyə bilir. Cansıxıcı hesabdarlıq işi, bütün günü sayğacla əlləşmək onun həssas qəlbini incidir, şair xəyalını sanki qəfəsə məhkum edirdi. Sonralar qələmə aldığı “Şeir və hikmət” məsnəvisində bu durumunu belə poetikləşdirdi:

Bu şair qəlbimi siz incitməyin,

Şiri şifrələrə əsir etməyin!

 

1937-ci ildə artıq Təbrizə getməyə izn verildiyindən Şəhriyar doğma torpağına qayıdır, atasının məzarını ziyarət edir, qohumlarla, dost-tanışla görüşür. Ümumiyyətlə, bu illər (1930-1943) Şəhriyarın həyatının ən ağır, ən üzücü və böhranlı dövrü idi. Xorasandan qayıdandan sonra yaxın dostlarından olan şair Seyid Əbülqasım Şəhyarın və Tehran Tibb Univer­sitetində oxuyarkən kirayə qaldığı iki otaqlı mənzilin səliqə-sahmanına, ev işlərinə təmənnasız yardım edən yeniyetmə qız, 14 yaşlı Lalənin də vəfat etdiyini bildikdə, sanki dünya basına dar olur. Sair həyatın sərt gərdişinə, dəhşətli tufanlarına sinə gərə bilməyib bahar çiçəyi kimi solan on dörd gecəlik aya bənzətdiyi Lalənin qəbri üstündə “Lalənin dağı” qəzəlini yazır.

1930-1939-cu illərdə yaşadığı sıxıntılı həyatı, sevimli atasının ölümü və onun dəfnində vətəndən çox-çox uzaqlarda olması, əziz dostlarının itkisi, ən başlıcası, ilk məhəbbətinin uğursuzluğu və el-obasından 8 illik ayrılıq, üzücü hesabdarlıq işi Şəhriyarın ağır xəstələnməsinə, psixoloji sarsıntı keçirməsinə səbəb olur. Xəstəlik ruhunu məngənə tək sıxan mənəvi böhranı daha da dərinləşdirir. Şair bir müddət onu əhatə edən hər şeydən uzaqlaşmağa, onu yoran, haldan salan düşüncə və meyllərdən özünü kənarlaşdırmağa çalışır. Allaha tapınır, ilahi qovuşuğa, vəhdəti-vücuda can atır, insanı ilahiləş­dirməyə meyl edir. Çünki Şəhriyar düşünür, çox gənc olmasına baxmayaraq oxucusunu düşündürən əsərlər yazır və özünü təsəvvüf sairi, ürfani şair kimi təsdiq edirdi.

H.Bülluri və Y.Gədikliyə görə, hətta Şəhriyar «şeirdən, musiqidən və bütün dostlardan uzaq­la­şa­raq, Tehranda əvvəlcə ruh axtaranlar, sonra dərvişlər cəmiyyətinə – Zəhəbiyyə təriqətinə qoşulur[21]. “Ruhların ehzarı//çağırışı” adlı vəhdəti-vücud məclislərində iştirak edir.

Əlbəttə, xalq hərəkatının iştirakçısı olan, mitinq və yığıncaq­larda Qacar səltənətinin, diktatura rejiminin məhvini tələb edən üsyankar təbəqə ilə vəhdətdə olan gənc bir sairin beləcə mömin, dindar, “Allah adamı”na çevrilməsi, göründüyü kimi, obyektiv səbəblər üzündən tədricən baş vermiş, təsadüfi xarakter daşımamışdır.

Şəhriyarın mənəvi böhrandan, xəstəlikdən qurtulmasına, yenidən poeziya aləminə qayıtma­sına ən böyük yardımçı mehriban anası Kövkəb xanım olur. Anasının qayğısı ilə Şəhriyar beş ildən sonra yenidən qələmə sarılır və 40-cı illərin ən gözəl əsərlərindən sayılan “Qaranlıq gecələr”, “Eynşteynə peyğam” və ən nəhayət, “Stalinqrad qəhrəmanları” əsərlərini yazır. O, bu dövrdə İranın görkəmli şairi, “Əfsanə şairi” kimi tanınmış Nima Yuşiclə görüşür (1942), H.Ə.Sayə və Həbib Səmai ilə tanış olur. M.Baharın sədrliyi ilə keçirilən İran yazıçılarının I qurultayında iştirak edir. “Sədayi-Xuda (Allahın-Haqqın səsi)” (1942) və “Stalinqrad qəhrəmanları” poemaları (1946) çap olunur.

Cənubi Azərbaycan xalqının milli azadlıq hərəkatı tarixində ən parlaq səhifə olan “21 Azər” (1945-1946) hərəkatı da məhz bu illərdə qələbə çalır, Milli Hökumət qurulur. Əfsuslar olsun ki, 21 Azər hərəkatının nəticəsi olan Milli hökumət bir il sonra irticaçı İran hökuməti və onun xarici ölkə havadarları tərəfindən devrilir, xalqın hərarətinə təzəcə qızındığı azadlıq günəşi söndürülür. Ölkədə demokratik islahatlar ləğv olunur, danışan dillərə qıfıl vurulur, Azərbaycan türklərinə qarsı milli zülm daha da güclənir, zorakı assimlyasiya siyasəti genişləndirilir. Belə ağır ictimai-siyasi şəraitdə Şəhriyar kimi vətənpərvər yazarlar da susmayıb ittihamnamələr yazır, milli ayrı-seçkiliyə qarşı çıxırdılar. Məhz bu dövrdə, o, məşhur “Heydərbabaya salam” mənzuməsini yazaraq bütün mənfi təmayüllərə sarsıdıcı zərbə vurur. “Heydərbabaya salam” mənzuməsi əlyazma şəklində yayıldıqca, söz ustalarını doğma ana dilində mövcud rejimin şovinist siyasətini ifşa edən yeni əsərlər yazmağa səfərbər edir.

1952-ci ildə Şəhriyarın anası Kövkəb xanım Tehrandakı He­zar­təxttab xəstəxanasında vəfat edir və atasının uyuduğu müqəddəs Qum səhərindəki məzarlıqda dəfn olunur. Bu hadisə ona yenidən sarsıntı yaşadır. Duyduğu üzüntüləri “Ey-vay anam!” qəsidəsində dilə gətirir. Bu itkidən sarsılan, eyni zamanda “Heydərbabaya salam” mənzuməsini və “Ey tehranlı” həcvini yazandan sonra üzləşdiyi təzyiq və basqılardan bezən Şəhriyar Tehranı tərk edərək Təbrizə qayıdır. Qayıdışını “Şatır oğlan” qəzəlində belə poetikləşdirir:

Tehranın qeyrəti yox Şəhriyarı saxlamağa,

Qaçmışam Təbrizə, qoy yaxşı-yaman bəllənsin[22].

1949-cu  ildə  Baş nazirin əmri  ilə Kənd təsərrü­fatı peşə və sənət bankında mühasibat uçotu şöbəsinin müdirliyindən kənar olunması və bu azmış kimi, dörd aylıq maaşını da ala bilməməsi şairə mənfi təsir göstərir, onu mənəvi böhran yaşamağa sürükləyir. O, Təbrizə qayıdaraq Ziraət bankında işə girir (1953). Ziraət bankından kreditlə pul götürüb Ərk qalası yaxınlığındakı Məqsudiyyə məhəlləsində kiçik bir ev alır. 28 il ilk sevgisinə sadiq qalan şair yaxın dostlarının, qohum-qardaşlarının təkidi ilə nəhayət, evlənməyə razılıq verir. 1953-cü ilin avqustunda bibisi Səyyarənin kiçik qızı Əzizə xanımla nikah bağlayır. Yeri gəlmişkən, onu da deyək ki, şairin ailəsi böyük olub: dörd qardası - Seyid Rəzi, Mürtəza, Rza, Ələkbər; bacıları - Ələviyyə, Səriyyə, Mirzadə, Ağazadə (Azadə), Tahirə, Böyükxanım və Kübraxanım, bibiləri - Xədicə Sultan, Sara, Sitarə, Səyyarə; xalaları - Xanım və Fatimə onun doğmaları idilər. Şəhriyarın Əzizə xanımla izdivacından dörd övladı dünyaya gəlir. Bir-birinin ardınca doğulan Şəhrizad (1955), Əbülhəsən (o, 1956-cı ildə doğulduqdan az sonra vəfat edir), Məryəm (1957) və Hadi (1959) onun niskilli könül dünyasına sevinc gətirir.

1954-cü ildə ata-baba yurdu Xoşginaba gedir, qohum-əqrəbadan sağ qalanları ilə görüşür. Doğma yurduna illərdən sonra dönüşü, real həyatda gördükləri və anası Kövkəb xanımın dünyasını dəyişməsindən yana duyduğu üzüntülərin təsiri ilə “Heydərbabaya salam” poemasının II hissəsini yazır.

Sonralar, 1969-cu ildə mübariz ruhlu şair Bulud Qərəçurlu Səhəndin aramsız təkidi və xahişi ilə yenidən Tehrana gedir, onun qonağı olur. Burada Tehranın görkəmli ədəbi simaları ilə görüşür. 1972-ci ildə 50-ci illərdən bəri möhkəm dostluq etdiyi Böyük Nik Əndişlə birlikdə Tehrana gedən Şəhriyar yenə Səhəndin evinə düşür. Səhənd Şəhriyar, C.Heyət, Sahir, Cosğun, Savalan, Sönməzin və b. iştirakı ilə təntənəli şeir məclisi keçirir. Həmin gecədə Tehranda ezamiyyətdə olan Quzey Azərbaycanın tanınmış şərqşünas alimi Rüstəm Əliyev də iştirak edir. Odlu-alovlu şair Səhənd “Heydərbabaya salam”a cavab olaraq yazdığı “Hörmətli ustad böyük Şəhriyara” şeirini böyük coşğunluqla söyləyir. Məclisdə “Türkün dili” şeirini oxuyan Şəhriyar bu görüşü uzun müddət unuda bilmir. 1976-cı ildə Doktor Cavad Heyətin təkidi və yardımı ilə Tehranda bir evdə yerləşir. Əyalı Əzizə xanım təklifə əvvəlcə qəti etiraz etsə də, sonradan, bəlkə də həssas şair qəlbini incidə biləcəyini düşünərək razılıq verir. Lakin bu gediş sairə uğur gətirmir. Dalbadal ağrılı-acılı hadisə­lərlə ona sürprizlər edən Tehran bu dəfə ən qiymətli varlığını-Əzizə xanımı əlindən alır. Ürək infarktından 40 yaşına çatmamış dünyasını dəyişən Əzizə xanımı Tehranın “Behişti-Zəhra” qəbristanlığında dəfn edirlər. Bu itki şairin belini bükür və o, sevimli xanımına “Əzizə can”, “Bir gəlin”, “Yar qasidi” ağı-mərsiyələrini yazaraq ələm və iztirablarını ifadə edir. Bu ağır, üzücü hadisə ilə bağlı yaşadığı fərdi kədər, qüssə Şəhriyarı son nəfəsinədək müşayiət etsə də, o, özünü topla­mağa, günün reallıqları, zamanın ab-havası ilə yaşamağa, xalqının haqq səsinə səs verməyə çalışır. 1965-ci ildə Kənd təsərrüfatı bankından istefaya çıxan şair bütün qüvvə və diqqətini yaradıcılığa yönəldir. Əsərləri kütləvi tirajla çap olunur. İİR-in Maarif Nazirliyi 16 isfəndi “Şəhriyar” günü elan edir. Bu illərdə şairin dostlarının sırasına H.Ə.Sayə, Nadir Nadirpur (1965), Seyid Əbülqasım Şirazi (1967), Firudin Moşiri və b. daxil olur. Xidmətlərini yüksək qiymətləndirən Təbriz Universiteti Şəhriyara ”Fəxri ustad” dərəcəsi verir və Şiri-Xurşid zalında onunla təntənəli görüş keçirilir. Təbrizə qayıtdıqdan (1977) sonra doğma xalqının etiraz səslərini, ictimai narazılığı həssaslıqla duyan Şəhriyar “Zaman səsi” (1979) şeirini yazır. Şair bu əsərlə mürği-səhər tək yeni inqilab günəşinin doğmaqda olduğunu, hərəkatın artıq başlandığını soydaşlarına xəbər verir.

O, İran İslam İnqilabını böyük sevinclə, coşğun duyğularla qarşılayır, keçirdiyi hiss və həyəcanlarını inqilabi ruhlu “İnsansaz inqilabımız”, “Allah boyağı” adlı seirlərində ifadə edir. Ustad şair “Heydərbabaya salam”dan sonra Güney Azərbaycan ədəbiyyatında yeni bir cığır açır və bu əsər Azərbaycan türkcəsinin üfüqlərini genişləndirir.

Əlbəttə, Şəhriyar inqilabın xalqa milli istiqlaliyyət, dinclik və səadət gətirəcəyinə inanırdı. Nəticə ona və hec kəsə bəlli olmasa da, xalqının düşünən beyni kimi inqilab tufanının coşmasını, mövcud despot quruluşunun əvəzinə demokratik dövlət qurulmasını diləyirdi. Bu istəyində o, tamamilə haqlı idi.

Lakin 1979-cu il inqilabı da Güney Azərbaycan xalqına bütövlükdə istiqlaliyyət gətirmədi, vəd olunan və mükəlləfiyyətləri vermədi. Tehranda və Təbrizdə klassiklərin, çağdaş yazarların əsərləri çap olunmağa, məktəblərdə doğma türkcə qismən keçilməyə başlandı. Şəhriyar, H.Sahir, G.Səbahi, Səhənd, Y.Şeyda, Savalan, S.Saleh, Sönməz, H.Tərlan və başqaları əsərləri ilə dövrün səlnaməsini yaradır, dövri mətbuat, “Yoldaş”, “Varlıq”, “Ülkər”, “Dədə Qorqud”, “Koroğlu”, “Günəş”, “İnqilab yolunda” jurnalları öz səhifələrində ölkədə baş verən hadisələr, təhsil sistemi barədə yazılar, tarixi oçerklər, ədəbi tədqiqat və araşdırmaları dərc edir, ana dilində milli ədəbiyyat, milli mədəniyyət formalaşır, genişlənirdi. Lakin bütün bu demokratik proses və islahatlar çox az, cəmi iki ay çəkdi. Xalqın müsibətli günləri yenə əvvəlki məcrada davam etdi.

Bütün bu qarışıqlıqdan, mürəkkəb hadisələrdən, dövrün çətinlik­lərindən, ağır gün-güzərandan usanmış Şəhriyar ömrünün son illərində qızı Şəhrizadla Təbrizin küçələrində axşam gəzintisinə çıxar, gözəl nəsx xətti ilə Quran ayələrini vərəqlərə köçürərək kənarlarını zövqlə naxışlayar, dostlarına hədiyyə edərmiş.

Lakin artıq ömrünün doqquzuncu onilliyini yaşayan şair ürək və ağ ciyər xəstəliklərindən əziyyət çəkir, Təbrizdəki Xomeyni (1987) və Tehrandakı Mehr (1988) xəstəxanalarında ciddi müalicə olunurdu. Müalicə olunduğu müddətdə dövrünün tanınmış şəxsiy­yətləri Məftun Əmini, Mehdi Əxəvan Salis, Firudin Moşiri, Simin Behbehani, İİR-in prezidenti Ayətullah Xomeyni, Həmid Müsəddiq, Lütfulla Zahidi, doktor Şəfii Kudkəni və b. ustadın görüşünə gəlir, söhbətləri ilə ona təsəlli verirlər. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, böyük şair 1988-ci il sentyabrın 18-də, səhər saat 6-00-da Mehr xəstəxanasında vəfat edir. Vəsiyyətinə əsasən, Təbrizin Surxab məhəlləsindəki “Məqbərət üş-şüəra//Şairlər qəbiristanlığı”nda dəfn olunur.

 

Daha ətraflı

 

...

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.
 
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad
Filologiya elmləri doktoru

Saleh SƏCCADİ

1977-ci ildə Təbrizdə dünyaya gəlib. İlk və orta təhsilini Təbrizdə bitirdikdən sonra Tehrana gedib və Əllamə Təbatəbai Unuversitetinin Eyitim elmləri fakültəsinə daxil olub. Həmin illərdə ana dilinə maraq göstərməyə başlayıb. Professor Hüseyn Məhəmmədzadə Sədiq Düzgünün Azərbaycan dili və ədəbiyyatı üzrə bilgilərindən faydalanıb, ana dilinin qayda-qanunları, qrammatikası ilə tanış olub. Elə o vaxtdan da yazıb-yaratmağa başlayıb.

Salehin ən çox sevdiyi şeir forması qəzəldir. Ona görə də əsərlərini daha çox qəzəl janrında yazır. Şairin bu günədək Azərbaycan türkcəsində və farsca yazdığı əsərlərindən oluşan 26 kitabı işıq üzü görüb. “İşıqdan danışıq (şeir toplusu)”, “Bir səbət qızıl yumurta (Azərbaycan heca şeiri antologiyası)”, “Qoyma məni qan aparır (Azəraycan ədəbiyyatında qəzəl janrı haqda üç cildlik tədqiq, araşdırma, antologiya)”, “Biz belə gülərdik (Azərbaycan satirik ədəbiy¬ya¬tı haqda üç cildlik tədqiq, araşdırma, antologiya)”, “Biz belə ağlayardıq (Azərbaycan ədəbiyyatında mərsiyə janrı haqda üç cildlik tədqiq, araşdırma, antologiya)”, “Dan yolu (Poema)”, “Uçuş havaları (Mahnı toplusu)”, “Ağ məqbərələrin şairləri (Azərbaycan tütkcəsində iki cildlik çağdaş şeir antologiyası)”, “Rovşənai dər bəyati türk (Azərbaycan tütkcəsində iki cildlik çağdaş şeir antologiya farsca tərcüməsi ilə birlikdə)” kitabları Saleh Səccadiyə böyük oxucu auditoriyası qazandırıb.

Dağı aşsaq...

İnanırdıq, gecədən dan çıxacaq qarşımıza,
Dağı aşsaq, yaşıl orman çıxacaq qarşımıza.

İnanırdıq o gözəl, gəzməli orman içrə
Qorxulardan qaçaraq can çıxacaq qarşımıza.

Bir nağıl sehrinə aldanmışdıq, bilmirdik,
Acı gerçəklər obaşdan çıxacaq qarşımıza.

Zirvələr uğruna çıxdıq uca dağlar başına,
Bilmədik - zirvədə vulkan çıxacaq qarsımıza.

Ovçular güllələdi, ormana üz döndərdik,
Nə bilirdik dəli qaflan çıxacaq qarşımıza.
 
Çıraq əldə gəzirik Təbrizi, hərdən deyirik:
Görəsən burda bir “İnsan” çıxacaq qarşımıza?

Qaldırılmış qara pərçəmlərə göz tikmişdik,
Biz sanırdıq, apal üsyan çıxacaq qarşımıza.

Sən dedin: – Bax, xiyabanlar arası pərdələrə!
Mən dedim: – Axx! Yenə zindan çıxacaq qarşımıza!

Sən dedin: – Təhlükələr var, tanı dost-düşmənini!
Bunu öyrən, hərə hardan çıxacaq qarşımıza!

Düşmən o dostdu ki, vaxtıyla bilirdik - gələcək,
Dost o düşməndi ki, gahdan çıxacaq qarşımıza.

Düşdü göydən yerə bir alma, əl atdım götürəm,
Sən dedin: – At yerə, şeytan çıxacaq qarşımıza.

Biz tükəndik, gecə batdı, səhəri tamsınırıq,
Zil günəş indi ufuqdan çıxacaq qarşımıza.

Mən dedim: – İrvə də, orman da yalan çıxdı, yalan!
Dedin: – Aşsaq dağı, orman çıxacaq qarşımıza...

Böyük sürgün

(Qəzəl-Məsnəvi)

İşıqlar içrə susmuş gizlənən zülmətdə gizləndik,
Tanışlıq şəhrinin son meydanı qurbətdə gizləndik.

Görünməz ruhuduq, bir gün görünmək istədik ancaq,
Xəmirtək yoğrulub qanda, sümükdə, ətdə gizləndik.

Nə Tanrıydıq, nə savçı, nə bəşərdik, bəlkə hər üçdük,
Çalıb bir parça Allahdan gəlib ümmətdə gizləndik.

O gün gizlənpaç oynurduq bütün varlıqla birlikdə,
Bizi kimsə tapa bilmirdi, biz heyrətdə gizləndik.

Hüzur içrəydik ancaq tənhalıqdan əl çəkənməzdik,
Bütün hazirlərin qeydin vurub qeybətdə gizləndik.

Oduyduq çaxmaq içrəydik, su idik axmaq içrəydik,
Həyat illətsə, biz məlulduq, illətdə gizləndik.

Nağıllarda nə mən vardım, nə sən vardın, nə qanunlar,
Nağıllarda böyük bir bağ var idi, bir də meymunlar.

Adı insan qoyulmuş meymunun beynində devrimdik,
Ayaqüstə duran meymunların əsrində adəmdik.

Sərin yeldə, ağacda, almalar əsməklərin gördük,
Uçan meymunların bir-bir qanad kəsməklərin gördük.

Qanadlardan kəsilmiş çiynimizdən qol çıxardırdıq,
Ayaqlar bərkiyərkən yerdə yerdən yol çıxardırdıq.

Mənim çiynimdəsə bir tay qanad, bir tay da qol vardı,
Mənim beynim yeri, qəlbimsə göylərdə yer axtardı.

İçimdə hər gecə bir fırtına, bir qurtuluş başlar,
Ayaq üstə duran meymun uçan meymunları daşlar.

İçimdə bir uzaqlıq, qurtuluşdan başlayır hər gün,
İçimdə hayqırır Tanrı: “Böyük sürgün, böyük sürgün...”

Burda nə varsa, kabusdur

Sudan başlandı hər şey, biz yorulmuşduq, dözənmirdik,
Yazıq meymunlarıdıq, biz balıqlar tək üzənmirdik.

Gəmi sınmışdı sahildə, əzilmişdik, oğulmuşduq,
Gəmi sınmışdı, biz də Nuhun oğluyla boğulmuşduq.

Ölüm də, Tanrı da, tufan da ancaq yol itirmişdi,
Gövərçin dimdiyində bir sarı yapraq gətirmişdi.

Həqiqət bizləri çapmışdı, bizlərsə talanmışdıq,
Həqiqət qorxusundan bir köhüldə daldalanmışdıq.

Bizim çavuşlara təkbirə meyitlər qoşulmuşdu,
Adamlardan xəbər yoxdu, bizə itlər qoşulmuşdu.

Köhüldə bir dəniz vardı, yüz il çimdik, min il batdıq,
Köhul qapsandı biz orda, yüz il uyduq, min il yatdıq.

Min ildən sonra birdən savçılar əsrində göz açdıq,
Göyə dəvətdik ancaq biz, boş idi qarnımız, acdıq.

Səsə sehr etdilər, acdıq, suyu beş böldülər, acdıq,
Odu söndürdülər, acdıq, səlibdə öldülər, acdıq.

Çörək ardınca yendik qarlı dağlardan, köhüllərdən,
Çörək ardınca göz yumduq səadətli ödüllərdən.

Yedik, içdik, bişirdik, yurd salıb tikdik, ağırlandıq,
O mavi göydən ancaq top kimi düşdük, dığırlandıq.

Kimi göydə uçanmırdı, nə meymunlar, nə şairlər,
Ocaqsız qaldılar karvansaraylarda müsafirlər.

Dedik gerçək budur, bundan savay hər nəysə xülyadır,
Dedik meymunlara uçmaq fəqət bir duzlu röyadır.

Dedik: – Gerçək budur, ancaq ürəklər indi məyusdur,
Nə gerçək var, nə röya var, nə varsa burda kabusdur.

Nəyin gerçəkliyi var ki, bizi bir an oyandırsın?
Fəqət keşkə günəş sübhi üfüqlərdə dayandırsın.

Uyğudan

Eşqi hayqır dağlara, vulkan oyansın uyğudan,
Gözlərin aç, dalğalı ümman oyansın uyğudan.

Əl apar o telləri yan et, üzün çıxsın üzə,
Yəni bir zülmət sökülsün, dan oyansın uyğudan.
 
Sanki dünya bir köhül, xalq isə “Kəhf əshabı”dır,
Bir nəfəs əsdir barı, bir can oyansın uyğudan.

Çək o pas kabuslu üsyan xəncərin qından, oyat!
Bəlkə bu donmuş damarda qan oyansın uyğudan.

Qan içərdi bir zaman bu ölkənin topraqları,
Min qan axdır, bəlkə bir meydan oyansın uyğudan.

Nə hidayət eyləyən qalmış, nə yoldan eyləyən,
Tanrını hayqır, barı şeytan oyansın uyğudan.
 
Bir qəfəs var məndə, mənsə o qəfəsdə dustağam,
Bir qanad çal, bəlkə bu zindan oyansın uyğudan.

Hədər gəzir dəli könlün

Qurub gözündə buluddan oba payız fəsli,
Dumanlı dağlarla sanki ahların bəsli.
 
Üzündə sevdalı insanların əlaməti var,
Dodaqların susub ancaq baxışların səsli.

Modern əsrdəyik hər kəs öz adın bağırır,
Amma sənin boğazından “Kərəm” deyir “Əsli”.

Zaman dönüb bizi də döndərib dəyişdirdi,
Həvəs sanıb danırıq eşqi, hicranı, vəsli.
 
Hədər gəzir dəli könlün bazar dolub bədələ,
İnan, tapılmayacaq burda sevginin əsli.
 
Kəsildilər yer üzündən qarışdılar nağıla,
Əsil gözəllər ilə Dinozavrların nəsli.

Sən baxanda mənə

Mənə axşam, sənə səhər yaraşar,
Sənə şənlik, mənə kədər yaraşar.

Ucaboy, incəbel, uzun saçlım!
Heç bilirsən, sənə nələr yaraşar?!

Bir gözəl qırmızı şal altından,
Saçların çiynin üstə sər, yaraşar.
 
Qulaq ardına burax telini,
Aç üzün, zülmətə səhər yaraşar!

Heç işıq kölgəsiz gözə gəlməz,
Məni tərk etmə, xeyrə şər yaraşar!

Başına döndüyüm, dolan başıma,
Başa ancaq qəzöv-qədər yaraşar.

Sən baxanda mənə gözəlləşirəm,
O gözə böylə bir nəzər yaraşar.

Sinəmə dırnağınla yaz adını,
Sevgi salsa daşa əsər, yaraşar.

Ah kiçik dustağım, bu dört divara,
Mən kimi pəncərə bətər yaraşar.

Mən idim
(Qəsidə)

Zamanın yoqquşundan enmişdim,
Sən dağ idin, sənə duman mən idim.
Doğudan at yəhərlədim Batıya,
Günəş ilə çıxıb, batan mən idim...

Dənizə, ormana höküm sürdüm,
Dalğadan bac alıb aman verdim,
Nə yel idim, nə də bulud, nə yağış,
Toprağım sızlayanda qan mən idim...

Zamanın son qısırlığında doğum,
Tarixin son nəfəslərində həyat.
Həyatın ən gözəl çağında ölüm,
Doğru məndim, necə yalan mən idim.

Mən, Rumun beyninə dolan sərətan,
Bağdadın qəlbinə düşən səktə.
Öz içindən də qurd yeyən ağacam,
Belə dövran dolandıran mən idim.

Sovduğum günlərin şirin-acısı...
Ah, nə günlər dadıb, dadızdırdım,
İşıq-aydın gecə-gündüzlərdə,
Gecəsi-gündüzü yaman mən idim.

Bəzi günlərdə düşmənə qarşı,
Qardaşım arxasında qan tökdüm.
Bəzi günlər də, qardaşın talayıb,
Nəşi üstündə Çaldıran mən idim.

Qıtlıq olmuşdu, aclıq olmuşdu,
Küçədə itləri kəsib, yedilər.
Boğuşarkən ölümlə ölməməyə,
İtlərin dişlərində can mən idim.

Bir xanı əzl edib, rəiyyətini,
Kəndə xan qoydu Qoç Nəbi, nə isə...
O rəiyyət satanda Qoç Nəbini,
Orda xanlıqdan əzl olan mən idim.

Nə lat idim, nə kefli – şair idim,
Oysa Təbrizdə, harda bir qəfə  var,
Orada hər mizin sınanda beli,
O miz üstündə istəkan mən idim.

Qonqadan Ərkə partlayanda şəhər,
Küçələrdən axanda Məşrutə.
Qəfədə nə çaxır var idi, nə çay,
İstəkanlarda isti qan mən idim.

Dənizə doğru daşlanan çayda,
Bir müəllimlə bir gəlin var idi.
Çay kənarında sən bir öyrənci,
Körpü üstündə Xançoban mən idim.

Axşam üstüydü...bir yazıq kəndi,
Gülləyə bağlamışdı ermənilər.
Kefli girdiklərində bir məsçidə,
Qanlı güldəstədə əzan mən idim.

Sevgilinlə o son öpüşmək üçün,
Boynuna ip salanda, cəlladdan -
Beş dəqiqə zaman dilərkən sən,
Qara yel tək keçən zaman mən idim.

Suya bir bomba qondu, qayıqlar,
Bir bə bir uçdular göyün üzünə.
Bakiri  göz yumanda topraqdan,
Hayı qopan: – Sərdarım oyan, mən idim.

Anamın qolları arasından,
Atamın nəşini alanmırdım.
Qorxudan uçmuş evlər altından,
Sızlayan qanda “Vərzıqan”  mən idim.
 
Bir içim su tapanmadan yayda,
Hər balıqçün köçəndə məqsədsiz,
Quru duzlaqda o son Artemia ,
Ki atəşdən verirdi can, mən idim.
 
Ah, ayüzlüm! Bu sevgi şəhrində,
Dəlisov bir günəbaxandım mən.
Sən gələndə bizim bağa... günəşə,
Dal çevirmiş, sənə baxan, mən idim.

...

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.
 

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!


Esmira Fuad
Filologiya elmləri doktoru

Leyli KƏHALİ

1977-ci ildə Zəngan şəhərində anadan olub. İbtidai və orta məktəbi Tehranda bitirib, daha sonra təhsilini Fəlsəfə institutunda davam etdirib. Rəssamlıq və tərcümə sənəti ilə də məşğuldur.
İlk kitabı 2013-cü ildə Tehranda işıq üzü görüb.

Təkliyimdə xəyal aparır məni,
sən varsan, mən varam,
sevgimiz də var.
Gülər xatirələr, ağladır məni,
özümə gəlirəm
sən varsan, mən varam
sevgimiz isə!..

***

Qar yağır
qar üstünə...
İzlərimiz itir
adlarımız qalır ayaq altında
səslərimiz...
Və qar adamları nə ağlayır, nə gülür!
Qar yağır
yuxularımızda donur göyərçin yuvası...
Dilimizdə donur sevirəm sözcüyü
və qarğalar dəstə uçur
mor köynəyindən küçənin...
Sonra vitrin kimi gözlərində
mavi satır ürəyimi bazar
qanlı alır...
Və qar yağır həsrət ustünə
və qar yağır ...

***

Ay doğurdun pəncərəmdə
divarları ucaltdılar...
Səni çox gördülər,
gül açırdın bağçamda
payızı çağırdılar...
Səni çox gördülər,
qan dolurdun ürəyimdə
qurşun oldular
məni vurdular...

***

Tor atırsan!
Qanım maviləşir
saçlarım bulud olur havada
qırmızı balıqlar dəstəsidir ürəyim.
Dalğalanıram...
Kim məni belə
dənizləndirir?!

***

Sən alma atmadın,
Ona görə mən də gəlin çıxmadım!
Küçənizdən qayıtdım.
Axı demişdin
bir məktub yazıbsan mənə.
Hər yeri axtardım,
mağara günlərimizdən
ta bu şəhərlərə qədər.
Nə göyərçinlər gətirdi onu,
nə postaçılar.
Nə imeylimə düşdü,
nə cib telefonuma...
Ona görə mən də cavablamadım!
Sonra
uşaq olub
nağıllara qoşdum özümü,
sel apardı Saranı...
Anam çırağı söndürdü mən də yatmadım
Adımı Leylidən Saraya verdim!
Sonralar
anan səni döydü
adını Araz qoydu...
Anam məni tanırdı!
Ona görə and içdi
məni doğmadı...

***

Əllərin göyərir,
açdığım hər kitabın arasından
gözlərin baxır!
Mümkündürsə vücud,
mümkündürsə ədəm,
nəysə "SƏNizm"ə
düçar edir
bu fəlsəfələr məni!
Yoxsa,
kitabları atıb,
mədrəsədən qaçacağdım.
Heçdən boşalıb,
heçə dolacaqdım.
Şuhuduma keçməsəydin.
Qarşımda durub mənə baxmasaydın.
Yaxmasaydın ürəyimi.
Əllərimlə yaxacağdım düşüncələrimi.
İndi varlığıma görə,
vacibdirsə vücud.
Sən axı,
Ədəmdən doğursan məni.
"Nehilizm"ə qarşı,
sevirəm
səni!

***

Özümdən çıxıram
uca divarlar!
Özümə dönürəm
bağlı qapılar!
Necə çıxmaq olur bu laməkandan?
Hansı taksi gedir,
hansı otobus?
Nə qatar yollanır,
nə uçaq uçur...
Doğulduğum qışdan hələ qar yağır,
anam ağrı çəkir,
dünya fırlanır,
baxıram bu zindan
öz boyumcadır
uzaydan-uzaya!
Addım-baaddım.
Bir addım əzəldir
bir addım əbəd!
Bilsəm ki, sən varsan
divarlar qapı,
qaranlıq,
işığın qaçaq yoludur...
Nə taksilər gəlsin,
nə başqaları
kim tanır
Tanrının evi hardadır?

...

Hümmət ŞAHBAZİ

1971-ci ildə Muğan mahalının Nəriman kəndində dünyaya göz açıb. İlk təhsilini doğulduğu kənddə alıb. 1983-cü ildən ailəsi ilə birlikdə Muğanın Parsabad şəhərinə köçüb. Ali təhsilini 1991-ci ildə bitirdiyi Təbriz Universitetinin fars dili və ədəbiyyatı fakültəsində alıb.

Bədii yaradıcılığa 16 yaşında başlayıb. İlk şeiri ("Vətən") "İslami birlik" həftəliyində dərc olunub. O, həm də araşdırmaçı və tərcüməçi kimi tanınıb. Bir sıra tanınmış türk müəlliflərinin əsərlərini fars dilinə çevirib. Çoxlu sayda kitabları və məqalələri dərc olunub.

"Təpəgöz"ləşən fəryad

İçimin dərinliyində
boğur qarışqaların nəfəsi məni,
darıxıram
xinovlanmış sükutuma,
amma sənin səsin
kirpiklərinin altında gizlənmiş.
Dünən
şeirimdə bir kəlmə yatmışdır
eyni ilə kirpiklərinin altında
mürgüləyən fəryad kimi,
sonra, o fəryad
"təpəgöz"ləşdi,
harınlaşdı,
bütün röyaları uddu
və sevgimiz
uyumayan qayalarda qaldı:
- Havax görüşə bilərik sevdiciyim?
 
Hə! Ara vermədən deyim kı:
Bu gün Dədə Qorqud gəlmişdi bizə,
"Basat"ı da özü ilə gətirmişdi;
Sən, gördüm gözəlləşmişdin,
kirpiklərin açıldıqda,
gözlərin daha da axıcı idi...
Kirpiklərinin qatında
sonsuz səsləri
gizlətmək olardı

Yasalarda yaşanmamış həyat

Nazim Hikmətin nisgilli yaşayışı üçün
 
Və mən
qarış-qarış damarımda
həp səsini duydum.
"Bursa" dustağının cızığından
Həyatın əllərini öpmək:
yasalar həbs eləməklə yaşamaqda,
                        doğrudan da...
Ah kı həyat,
nə sayaq kı, ötmür.
Barmaqlıqlara əsnəyən ömür
üz-üzə baxıb gülənlər;
aclıq günləri keçirənlər
və ömründən uzun dustağını yaşayanlar.
Ölülər:
Həyatda dustaqda 
            Uc-bucaqsız duzlaqda
və sən küləklərin dilində;
duyuram dirçəlişin kimliyini onda mən.
sən gələndə
yel də kükrəmir.
Və zaman 
Sil-süpür edir keçmişini,
irəli gedir dabanqırma.

uyxular payız kimi solur,
duyu ram dirçəlişin kimliyini onda mən.
kükrədiyin külək harmonya verir
daşların gövdəsinə
və qaranlıq yaraşıqsız dirək,
ozansız şeir
şeirsiz ozan.
dayandırın yağışı
sükutu yumasın.
                       
Buradan bağırtı ötür.
quşlar da oxuyur:
"bağır,
   bağır,
            bağırıyorum,
koşun, kurşun əritməyə çağırıyorum..."
Bu sözlər:
Gülər üzlər, bir külək tək kükrər:
"Dağlarla, dalğalarla, dağ gibi dalğalarla,
dalğa gibi dağ-lar-la"
Və mən, qarış-qarış damarımda
ömürdən uzun bir dustaq
və yasalarda
yaşanmamış bir həyat duydum.
 
Barmaqlar

Barmaqların
odda cılalanmış qılıncdır sanki.
Parçalayır parça-parça
            güvəndiyim ərliyimi.
Didir didim-didim,
      tərpəndiyim yerin də üzünü.
Ötdüyüm yolları da qazır
                                   bu barmaqlar.
 
Könlüm azır,
yırtıcı bir qurd olur.
İti bir barmağa dönür
                        sənə bənzər.
Barmaq olub
xıncır bütün ərlikləri
                        xıncım-xıncım,    
odda cılalanmış qılınc kimi...
Əllərin ürəyimdə tərpənir

Yuxusuzluqdan,
Yorğunluqdan,
Pozğunluqdanmı əsnəyirsən?
Düşünmürəm.
Çoxdur sənin könüldaşın
Əllərini qoyma ürəyinin başına;
Əllərin Ürəyimdə tərpənir,
Gözlərin Yuxumda qışqırır,
Ürəyini sıxma,
Ki yerləşim
Ürəyinin vüqarında
Axıram mən...
Həyatın axımıyla
Axa-axa,
İçin-için...
Kö nlüm əyilir bənövşə tək,
Ürəyim sıxılır
Sıxıldıqca kiçilirəm,
O qədər kiçilirəm,
Qarışqalar da ötür başımın üstündən
O qədər kiçilirəm,
Vüqarımın da başı əyilir
Gecələr tükənmir,
Alnım isə
Bayquşun yuvasıdır.
Əllərinsə
Ürəyimdə tərpənir
Gözlərin yuxumda qışqırır.

Haraya gedir bu həyat?
 
Haraya gedir görəsən,
Bu durumda
Bu həyat?
Qorumaqla da olmur,
Sevdanı yaşamaq.
Uzanır yalaqlıq,
İlğımlı nərdivanla
Dimdikləyir quşlar
Dayğaların izini...
Günəş: bir sıldırım qaya
Arxasında sıra duran göyərtilər
Ölümlü-dirimli yuxularda
Bəlkə də.
Hər addımda sanki
İllərin qoxumuş izi var.
Bu izlərdə:
Qoxumuş əllər,
Çürümüş dillər
Bu dillərdə:
Boğulmuş həyat
Bu durumda bu həyatın:
"Sağ olsun" sədası gəlsin
Bu bir sevinc,
Bu bir nisgil.
Haraya gedir görəsən,
Bu durumda bu həyat?
Nə dənizdə bir sevinc,
Nə damlada bir arzu
Səssiz-səmirsiz hıçqırtıdır
Bu həyat
Bəbəklərində iz qoyan
bu baxışların tozunda
haraya gedir görəsən,
bu həyat
bu durumda...
Və yaşamaq...

...

Məhəmmədrza YAQUBOĞLU ŞOVKƏTİ

1972-ci ildə Təbriz yaxınlığındakı Yuxarı Alvar kəndində anadan olub.

Özünün fikrinə görə, rüzgarın acı-şirin xatirələri və yaxşı-pis təsiri onu şeir vadisinə gətirib, qələmi işsizliklərin və məhrumiyyətli illərin səmərəsidir. Atasında olan şuxtəblik, baməzəlik, heç şübhəsiz, ona da keçib.

1990-cı ildən "Mehdi azadi", "Pəyami no", "Şəmse Təbriz", "Əsri azadi", "Kuşa", "Ticarət və tovsiyə" və "Omide Təbriz" kimi gündəlik qəzet və dərgilərdə məqalə və şeirləri çıxıb. Pəyami Nur Universitetinin "Ədəbiyyat" və "Dadbərin" dərnəklərində fəal iştirak edib.

2005-ci ildə Zəngan şəhərinin Quzey Batı mətbuatı Festivalında ədəbi məqalə yarışmasında birinci, yumor və ictimai məqalə nominasiyasında isə üçüncü yeri qazanıb.

Vətən
 
Səndə boy atmışam, böyümüşəm mən,
Ay mənim toprağım, diyarım vətən!
Sən mənim anamsan, sən mənim atam,
Sən mənim sevgilim, nigarım vətən!
 
Sümüyüm, damarım, qanımsan mənim,
Həyatımsan mənim, canımsan mənim,
Şərəfimsən mənim, şanımsan mənim,
Ay mənim aramım, qərarım vətən!
 
Ulduzum, Günəşim, ayımsan mənim,
Güllü baharımsan, yayımsan mənim,
Sən ulu Tanrıdan payımsan mənim,
Ay mənim beşiyim, məzarım vətən!
 
Sənə Bağırxanam, Səttarxanam mən,
Sənin damarında axan qanam mən,
Şovkatiyəm özüm, Alvardanam mən,
Ay mənim bədəndə, damarım vətən!

Olmaz
 
Cavanlıqdan qocalmışam rəhm eylə,
A Tanrı, böylə bir rüzigar olmaz.
Cavanlıq, ömrümün baharıdır hə?
Bu qısalıqda da novbahar olmaz.
Diş çürüyüb, baş ağarır qar kimi,
Bahar günlərində böylə qar olmaz.
Neçə ildir gözləyirəm xoş günü,
Bu uzunluqda da intizar olmaz.
Bahalıq dəlidir zəncirin qırıb,
Bu harlıq da ki var, it də har olmaz.
Bu genlikdə dünya başıma dardır,
Heç qəbir ölüyə böylə dar olmaz.
Biri alır, biri satır dünyanı,
Bu şirinlikdə də bir bazar olmaz.
Yazıq kasıb, işlə, belin qırılsın,
Müftə fəhlə heç zaman bekar olmaz.
Hər müsibət olub sənlə qolboyun,
O yoğunluqda da şahmar olmaz.
Sən səhərdən ağlayırsan Şovkəti,
Bəsdi day bu qədər ah-zar olmaz.

Yollarım
 
Yolum düşdü küçənizə,
Sənə baxdım gəzə-gəzə,
Baxışınla yolu bəzə,
Qoy yollarım təzələnsin.

Saçlarına daraq çəkim,
Sanki dərman edir həkim,
Arzuların gülün əkim,
Qoy yollarım təzələnsin.
 
Bu dünyada sənlə qalam,
Baxışına vurğun olam,
Ehsasımı yola salam,
Qoy yollarım təzələnsin.
 
Şövkətiyəm, söz ver mənə,
Ürək sözün deyim sənə,
Göz dolandır yol üstünə,
Qoy yollarım təzələnsin.

Aşiqanələr
 
Lalədən, nərgizdən gözəlsən gözəl,
Yaradan səni bir ceyran yaradıb.
Ləyaqət veribdir, sədaqət verib,
İnsanı hüsnünə heyran yaradıb.

***

Yağışdır deyəsən buluddan yağır,
Səssiz bir şeirdir ala gözlərin.
Gülüşlərin mehribanlıq mənası,
Baxışıntək duymalıdır sözlərin.

***

Gülüşlərin çox zamandır gizlənib,
Gülməyin istərəm çox inci-inci.
Uzaqlığı ünvan etmə sevgilim,
Uzaqdan da hiss edərəm sevinci.

***

Dünya gözəl, sən də gözəl, sevgilim,
Ləyaqətin dünyalardan yuxarı.
Gözəlliyindən mən ilham almışam,
Gözəlliyin elə budur çıxarı.

***

Bu soyuqda bir çay ola, bir də sən,
Bir mən olam, bir ay ola, bir də sən.
Bir nəzakət, bir sədaqət, bir səfa,
Məhəbbətdən bir pay ola, bir də sən.

...

Tanınmış şair, tərcüməçi Səxavət İzzəti-Əndəlib 1966-cı ildə Cənubi Azərbaycanda, Qaradağ mahalında doğulub. İki yaşında atasını itirib.

1977-ci ildə ailəsi Təbrizə köçüb, Qaradağ mahalının başqa uşaqları kimi ədəbiyyata marağı laylalarla, nağıllarla, dastanlarla oyanıb.

On yeddi yaşında şeir yaradıcılığı ilə diqqət çəkən Səxavət İzzəti  əsl ədəbiyyat adamı kimi tezliklə cəmiyyətdə tanınır. İyirmi iki yaşında "Nəğməli dastanlar" kitabını nəşr etdirir, bir il sonra məhəbbət dastanlarına dair kitabı çıxır, bunun ardınca isə "Aşıqlardan işıqlar" adlı kitabını çap etdirir.

Bir çox Azərbaycan şairinin şeirini istər kitab şəklində, istər internet saytında yayımlayıb.

Səxavət İZZƏTİ-ƏNDƏLİB

At çapar

Yiyəsiz qalan zəmidə,
Talan at çapar, at çapar.
Yallı gedər çəritgələr,
İlan at çapar, at çapar,
 
İlqar, iman puç olanda,
Qayda-qanun heç olanda,
Düz danışmaq suç olanda,
Yalan at çapar, at çapar,
 
Xeyir yox fikirsiz işdə,
İş gedər fikirdə, huşda,
Fikri düz olmayan başda,
Gələn at çapar, at çapar,
 
Qədərimlə şərik küçə
 
Bu şəhərdə bir qocalmış küçə var,
Məni görcək xumar-xumar danışır,
Bir nağıl var bu küçənin yadında,
Kərpic-kərpic, divar-divar danışır.
 
Burdan nə çox qış ötüşüb, yaz gedib,
Aşiq gedib, dastan gedib, saz gedib,
İllərdi ki, bir çatmaqaş qız gedib,
Arxasınca burda nə var, danışır.
 
Bu küçəylə qədərimiz birdi, bir,
Gəlişimiz, gedərimiz birdi, bir,
Ay Əndəlib, kədərimiz birdi, bir,
İkimizdə bir ahuzar danışır.
 
Ay ana
 
Ay ana, məzar daşını,
Versənə, geyim, ağlayım.
Səsimi atıb başıma,
Bayatı deyim, ağlayım.
 
Hələ var ayaq, gəzirəm,
Əlimdə çıraq gəzirəm.
Bir isti qucaq gəzirəm,
Başımı qoyum, ağlayım.
 
Hər işi çaş bir zamanda,
Ayağı baş bir zamanda.
Çörəyi daş bir zamanda,
İçimi yeyim, ağlayım.
 
Tapmadım şənliyin yerin,
Axtarsam da dərin-dərin.
Heç olmasa bir çöl verin,
Dərdimi sayım ağlayım.
 
O üz
 
Aşmaqdayam bu dağı,
Görən o üz hamarmı.
O üzdə bu üz kimi
Həyat yolları darmı.
 
Göyərdi yolumuzda,
Min uçurum, min gədik.
Dərdin dağarcığına,
Çarəsiz həyat dedik.

Süründük dizin-dizin,
Bəlkə aşaq bu dağı.
Mən ki yaman özlədim
O üzdə yaşamağı.
 
Görəsən oranın da,
Dəni tuşda əkilir?
Atı sümük gəmirir,
İtinə yem tökülür?
 
Görəsən oranın da,
Ciziyi var, cizi var?
Günə çıxan əyrisi,
Qandallanan düzü var?
 
Meydan açırmı orda
Vədə qəhrəmanları?
Əjdahalar əlində
Əsir qalıb suları?
 
Oranın da görəsən
Acı çoxdur toxundan?
Tələsirəm bu üzdən,
Gedib görəm yaxından.

Dolanır
 
İlin günün harasıdır,
Gözümdə yağış dolanır.
Ürəyim yanır, yaxılır,
Başımda qar-qış dolanır.
 
Nə imiş dərdi fikrimin,
Dərdi göyərdi fikrimin.
Dağılıb yurdu fikrimin,
Çöl gəzir, örüş dolanır.
 
Dinir bir qız ürəyimdə,
Gülür bir göz ürəyimdə.
Gecə-gündüz ürəyimdə,
Bir əziz görüş dolanır.
 
"Əndəlib"əm, totdu dolu,
İtirdim çəməni gülü.
Könlümün sarı bülbülü,
Yerində bayquş dolanır.
 
Gedirəm

Gəldim günəşli bir gündə,
Dumanda, çəndə gedirəm.
İzimi görənlər bilər,
Nə halda-gündə gedirəm
 
Gedən dostlarıma deyin,
Bu qədər yeyin getməyin.
Siz Allah, məni gözləyin,
Dayanın mən də gedirəm.
 
Eh dünya, nəsən, unutma,
Çöp olub gözümə batma.
Qəbirdən məni qorxutma,
Mən ora gündə gedirəm.

...

Məhəmməd RZA LƏVAYİ

1970-ci ildə dünyaya göz açıb. Əslən Qaradağ mahalının Xoca şəhərindəndir. Təbriz Universitetində türk ədəbiyyatından dərs deyib. Bir müddət Bakıda yaşayıb. "Alma" qəzetində çalışıb. Sonradan ABŞ-a mühacirət edib. Şairin indiyədək 10-a yaxın kitabı işıq üzü görüb. Müxtəlif qəzet, dərgi və internet portallarında yayımlanan şeirləri ona oxucular arasında böyük şöhrət qazandırıb. 

Hanı sənə vurulduğum dəhşət?..
Bir gün məni öldürər bu sevda
Gözlərim ovuclarına sıxılar bir gün
Çaxaram xatirələr astanasında
Geri dön sevgilim, geri dön
Gündüzlərim gündəliklərlə bükülür
Bu nə haldır heeey?
O qədər ayığam, yuxum tökülür!
Hanı həmən bu dilimlə vulkanları
üfüqlərə qandırdığım günlər,
hanı həmən bu dilimlə
xalqa ürək yandırdığım günlər,
hanı sənə vurulduğum dəhşət?
Bir gün məni öldürər bu sevda
Yanaqların cəhənnəm caydırır üstümə
Baxışların göyü leş salır ayaqlarıma
Bəli düşünürəm
Yoxsulluq sevgiyə günüdür
Bəli düşünürəm
Yavan tikənin əvvəli sevdanın sonudur
Yox, heç də qayıtma
Sənin də haqqın var
İldırımda, yağmurda
Sənin də haqqın var,
Həyat adlı yalanlarda
Mənə yetər bu suçlar
Azərbaycan adlı bomba ilə oynamağım
Qələmlə yaratdığım sevinclər, kədərlər
Ayrılıq mahnısı ilə ulaşmağım
Və iştə,
Üzüm ağacıtək özümə dolaşmağım
Bir gün məni öldürər bu sevda. 

Sadə yaşamım var, sevgilim...
Sadə yaşamım var, sevgilim
Hər səhər açaram torpağı,
Çörəyi,
Suyu.
Hər axşam türkün Xəzər dəsmalı ilə
Silərəm əl-üzümü
Sonra üzündəki xal
Gecə qədər böyüyüb məni
Basdırar özündə
Xalında uzanıb yataram!..
Sadə yaşamım var, sevgilim
Və kasıb gözəlliyim
Dilənçilərin əlinə nar qoyaram qəlbimi,
Dostlarımın beyninə ceyran əkərəm,
Quş çiləyərəm.
Düşmənim kölgəmdə
İnək otarar
Heç şeyə toxunmaram
Sevgililərin öpüşüdür bu qızılgül
Anaların sinəsidir bu baxça
Ataların öyüdüdür bu torpaq
Tutalım qurd balasıyam lap
Ağzımdan durna uçar, dovşan sıçrayar
Ağac çox uca arzudur
Bir yarpağın qucağındada keçinə bilərəm
Sadə yaşamım var sevgilim...
Aramızda mən boyda sərhəd
Təbəssümün Allahımdır, oğlum
Və göz yaşların Cəbrayıl tökür ovcuma
Bu peyğəmbərlərin vəhy səhrasına
Həzin-həzin ağlarsan hər gecə yorğan altda
Hardasa yağmur utanıb yerə girər!
"Tom and cery" silinər televiziyadan
Hər gecə Əhməd Kayanın mahnılarını
Bağrına basıb yatarsan
Və hər səhər fars kanalları dişləyər yuxularını
Gündə min dəfə ata məni atıb tutarsan
Aramızda mən boyda sərhəd varmış oğlum, bağışla
Nə sən bu sərhəddi keçə bildin, nə mən
Səni bayraq yondum Təbrizə bir axşam
Qaldır türk bayrağını, qaldır
Təbəssümünü yay şəhərə
Təbəssümünə tutular düşmən yandırarsan
Və dostlar təbəssümünü içib keflənərlər
Təbəssümün Allahımdır oğlum
Təbəssümün
Bıçaq yarasıdır üzümdə,
Ya türmədə yediyim şallaqdır...
Təbəssümün sökər şeirimi, sökər...
Aç sərhədlərini ay Təbrizli təbəssüm!
Çək qucağına Bakını,
Ya da İstanbula əmr et, məni...
Onsuz da dünya məhkəmədir
Və təbəssümün sonuncu müdafiəm!
Bu qovğa nədir?
Təbəssümünü şəhid gətirirlər şəhərə
Rahat yat ay qəhrəman təbəssüm...

Səs

Bir səhər asacaqlar səsimi
Mahnılar qan olacaq
Sonra yoldan keçən biri
Səsimi dardan alıb aparacaq evə,
sonra səsimi bağçada əkəcək
Sonralar bütün ağaclardan
məni dinləyəcəksən, gözəlim.
Sən sevgililər gününü gözlədən
Mən günlərin sevgisini...
Gör nə günə qalıb sevgi!
Məndən gizlədiyin üz
Yalnızlığımı deşən aydır!

Yalnızlıq...
Nifrət yırtır ağzını
Şeytan köynəyinə calanıb
Və bir az da tülkü saqqalına.
Bələnibsən
Zülmət çəkir gözlərin bilirəm
Yalnız ölüm sənə dözər!..
Turbalarda axan məqsəd su deyil,
Sancıdır!
Mətbəxin insan dadındandır
Barmaqlarını yırtacağam bir gecə
Sonra dodaqlarını tikəcəyəm öpüşlərimə
Ola bilər saçlarında quş tutdurum?!
Burax məni, burax
Üsyanımda ürək qalmayıb
Sənin dərdini çəkmək,
Ən böyük rəssamlıqdır demək!
Və mən yoxam,
Ay mənim yalnızlığım.

...

YASAQ

Taleimə sən bax
Düşüncələrim yasaq
Duyğularım yasaq
Keçmişimdən söz açmağım yasaq
Gələcəyimdən danışmağım yasaq
Ata–babamın adın çəkməyim yasaq
Anamdan ad aparmağım yasaq
Baba diyarım isə
Pıtraq–pıtraq
Bilirsən?
Anadan doğulanda belə
Özüm bilmiyə–bilmiyə
Danışmağım da yasaq imiş, yasaq

...

Səməd Behrəngi (24 iyun 1939 — 31 avqust 1967) — müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi. Daha çox özünün Balaca qara balıq kitabı ilə tanınıb. Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi.[1] 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitabları ilə yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır.[2] Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd ŞamlıFüruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə çevirmişdir.

1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürülməsini iddia edirlər. Rəsmi mənbələr isə onun sadəcə çayda batdığını deyirlər.[1]

Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbrizin Gerendab məhəlləsində yoxsul bir ailədə anadan olub.[3] Səməd Behrənginin iki qardaşı və üç bacısı olub. Atası İzzət bəy fəhlə olmuş və tez dünyadan köçmüşdür. Anası Sara xanımın xatirələri:

  Yadımdadır, Səməd dünyaya gələndən bir gün öncə onun atası işdən çıxarıldı. O, yenə də ərbabla dalaşmışdı. O, sahibkara boyun əymək istəmirdi. Mən ona deyirdim filankəs bir iş yerində 4 ildir işləyir, ancaq heç vaxt ərbabla dalaşmayıb. Sən isə il qurtarmamış işdən çıxarılırsan. O isə cavabında deyirdi: Mən başqaları kimi ərbaba yaltaqlana bilmərəm. Kimlərdənsə casusluq etməyi bacarmıram. Elə dalaşmağımız da buna görədir.[4]  

İlk təhsilini Təbrizdəki “Dəbristani-Tərbiyət və Daneşsərayi”də alıb, məktəbi bitirdikdən sonra Tufarqan mahalının Mamağan, Guqan və s. bölgələrində ibtidai sinif müəllimi kimi çalışıb. İşləyərək həm də Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində qiyabi təhsil alıb oranı da 1961-ci ildə bitirir.

Səməd Behrəngi şagirdləri ilə birlikdə

Tələbəlik illərində "Xənde" (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini bu dövrdə yazıb.

Əmək fəaliyyətinə Azərşəhr (Tufarqan) mahalının Mamağan, Gögan ibtidai məktəbində müəllim kimi başlayıb. Səməd Behrəngi və onun fikir dostları, xüsusilə Behruz Dehqani Azərbaycan kəndlərində folklor nümunələri toplayıb.[5] Amma Mədədinin verdiyi məlumata əsasən, onların topladıqları folklor nümunələri azərbaycan dilində idi və İran şahının qeyri-fars dillərlə əlaqədar siyasətlərinə görə çap olunmadı.Sonradan bu nağılları fars dilinə çevirərək həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirib. Yazdığı nağıllar türk dilin Sirus Mədədi vasitəsilə "Azərbaycan nağılları" adı ilə Tehranda çap olunub. Eyni zamanda fars dilindən Azərbaycan dilinə çevirdiyi tərcümələri dövri mətbuatda çıxıb.[1]

İlk hekayələri “Adət”, “Binam” 1959-cu ildə dərc olunub. Bundan sonra “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” və s. hekayə və nağıllarını yazıb (1967-1969). Səməd bir müddət qəzetlərdə məqalələrlə çıxış edib, o zaman Təbrizdə nəşr olunan "Mehdi Azadi" və "Adinə" qazetlərində yazıb. Sonra, məqalələrini "Məcmueyi məqaleha" (Məqalələr məcmuəsi) adilə kitab şəklində çap edib.[6]

Səməd Behrəngi həm də İran uşaq ədəbiyyatının banisi sayılır. Ona qədər uşaq ədəbiyyatına aid kitablar yazan olsa belə İran ədəbiyyatçıları qəbul edirlər ki, Səməd Behrəngi İranda uşaq ədəbiyyatının qurucusudur. Həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırıblar.[7]

Bakıda ilk dəfə 1987-ci ildə “Məhəbbət nağılı” adı ilə seçilmiş əsərləri kütləvi tirajla buraxılıb.[8]

Səməd Behrəngi heç bir siyasi təşkilata bağlı olmayıb və şah dövründə siyasi təşkilat da yox idi. Amma, onun yoldaşları Behruz DehqaniƏlirza Nabdil, Mənaf Fələki, Kazım Səadəti, Əşrəf Dehqani və başqaları Səmədin ölümündən iki il sonra İranın “Xalq Fədailəri" təşkilatını yaradıb və silahlı mübarizəyə qalxıblar. Behrənginin yazdığı Balaca qara balıq əsəri həm də İran inqilabının manifesti hesab edilir.[6]

Onun Balaca qara balıq əsəri 1968-ci ildə İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Birinci yeri tutduğuna görə kitabları italyanfransızingilistürk dillərində nəşr edilib.[9]

Təbrizin İmamiyyə qəbiristanlığındakı məzarı

1967-ci il avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub.[10] Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürüldüyünə inanırlar. Lakin bunu sübut edəcək bir dəlil indiyə qədər tapılmayıb. Təbrizin İmamiyyə qəbiristanlığında dəfn edilib.[1][6]

Ölümündən sonra Səməd Behrənginin xatirəsinə şeirlər yazılıb musiqilər bəstələnib. Dostu Əlirza Nabdil Oxtay onun ölümündən sonra "Səməd könlümdədir" şeirini yazır daha sonra isə bu şeirə musiqi bəstələnir.

2014-cü ildə Azərbaycanda “Səməd Behrəngi ədəbi mükafatı” təsis edilib. Mükafatı Azərbaycan Yazıçılar Birliyi ilə Dövlət Diaspor Komitəsinin ortaq saytı olan litdiaspora.az ədəbi portalı təsis edib.[11] Mükafat Bütöv Azərbaycan ideologiyası, Güney və Quzey arası əlaqələrin inkişaf etdirilməsi yönündə həyata keçirilir. [12]

14 mart 2019-cu il tarixində Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Səməd Behrənginin 80 illiyinə həsr edilmiş tədbir keçirilib.[13]

...

Həyat,
hər halında uduzmaqdır bəlkə
Bir başlanğıca bənzər torbadan başlanır
Bir sonuca oxşayan daxmada bitir
Ortada isə gediləsi bir yol
Eyni bir sapın iki düyünü arasında addımlamaq kimi!
Bir sıralarında birbaşa,
Bəzilərində də mazalaq sayaq...
Hər bütöv yamanlıqda bir az yaxşılıq var,
Hər bütöv yaxşılıqda azacıq yamanlıq
Təkcə acı xatirələr yazılır yaddaşa
Gözəl anılar,
gələcəyə bir iz buraxmadan,
anında yaşanır, dəmində bitir...
Məndən sorsanız,
gülə-gülə,
sevə-sevə uduzmaq,
ağlayaraq udmaqdan gözəldir..

...

Umud ZƏNGANLI

1971-ci ildə Zənganın Qarapüşlü mahalında yerləşən Bayrambəy kəndində dünyaya göz açıb.

İlk müəllimləri bölgədə tanınmış təhsil ustadları - rəhmətlik Mirzə Şəntiya, Hacı Mirzə Əli və şairin əmisi rəhmətlik Mirzə Şəban olub.

Şair uşaqlıq illərini doğulduğu kənddə - Kiti dağının ətəyində ustadlarından dərs alaraq keçirib. Umud on iki yaşında ailəsi ilə birlikdə Zəngan şəhərinə köçüb və təhsilini Zəngan məktəblərində davam etdirib.

Bir sıra çətinliklərə görə, o, yalnız orta təhsilini başa vurub, ancaq yazıb-oxumaqdan bir an belə əl üzməyib.

Lap gənc çağlarından Azərbaycan ədəbiyyatına çox maraqlı olduğundan yaradıcılığı da ana dilindədir.

Şairin bir neçə şeiri Zənganın türkdilli nəşrlərində yayımlanıb. 2015-ci ildə "Qaçaq Nəbi" və "Elə bağlıyam" adlı şeirləri Quzey Azərbaycanın gündəlik nəşrlərində dərc olunub.


Ana vətən, ana topraq

Qucağın açıqdır həmişə sənin,
Basmağa bağrına can verənləri.
Yaradan Tanrıdı, yaşadan Tanrı,
Bağışlama yersiz gül dərənləri.

Gözümüz doyunca səndən su içib,
Yad əli gülləri kökündən biçib,
Kim sənə yar olub canından keçib?
Boya çatdırmısan çox ərənləri.

İlk yataq, son yataq sənin qucağın,
Al canı sönməsin sənin ocağın,
Paksan, müqəddəsdir hər dörd bucağın,
Dar gözlər görməzlər sən görənləri.

Vətən deyim sənə, ya deyim ana?
İnankı yolunda qıyaram cana,
Umudam can istə, bələnim qana,
Yaşat sinən üstə can sərənləri.

Hay düşüb

Xəbər verin Qarabağdan,
Bü nə səsdir yenə, dağlar.
Hay düşübdür hər tərəfə,
Atəş istir sönə, dağlar.

Qarabağdan xəbərsizik,
Ayrılıqdan yanan bizik,
Bakı, Şəki, biz Təbrizik,
Ana vətən sinə dağlar.

Ay ilk bahar ağlar, gülər,
Xocalıdan xəbər gələr,
Ağdam, Laçın bayram eylər,
Xalq yurduna dönə, dağlar.

Kəlbəcərdən gələn yoxdur,
Füzulinin sözü çoxdur,
Cəbrailə dəyən oxdur, 
Ermənidən kinə dağlar.

Umud gedir Xankəndinə,
Daşnak düşə kəməndinə,
Bir-bir çəkə öz bəndinə,
Şuşa çıxa günə, dağlar.

Nədi çaram?

Qanad səndən, uçmaq məndən,
Hara desən, uçaq gedək.
Ayaq səndən, qaçmaq məndən,
Hara desən, qaçaq gedək.

Səndən gələn quru səsdir,
Tut əlimdən son nəfəsdir,
Dünya mənə dar qəfəsdir,
Hara desən, açaq gedək.

Bir çara tap, nədir çaram,
Qaçmağıla yoxdur aram,
Umud, ölüm vardır haram,
Qoç Nəbitək qoçaq gedək.

Qarabağım

Qarabağım yanıb bar itirmişəm,
Yoxluq qazanmışam, var itirmişəm,
Sazım kökdən düşüb, tar itirmişəm,
Ölürəm, ölürəm, ölürəm daha.

Nə qədər bağırram duyanım olmur,
Doluram yağıram doyanım olmur,
Çığraq çağırıram duyanım olmur,
Ölürəm, ölürəm, ölürəm daha.
Kar olub dünyanın qulağı bizə,
Yanan yox Kəlbəcər, Şuşa, Təbrizə,
Ədalət vardısa, hansı bir sözə,
Ölürəm, ölürəm, ölürəm daha.

Demirəm bir günah yoxumuş bizdə,
Qalmayıb tarixdə bir nişan, iz də,
Əməlsiz hamılar çalışır üzdə,
Ölürəm, ölürəm, ölürəm daha.

Doğranıb vətənim bölüm-bölümdür,
Bu təhər yaşamın sonu ölümdür,
Ağdamda saralan mənim gülümdür,
Ölürəm, ölürəm, ölürəm daha.

Yoruldum mən "Araz, Araz" deməkdən,
Gözyaşı tökməkdən, hey dərd yeməkdən,
Özgəyə göz tikib yol gözləməkdən,
Ölürəm, ölürəm, ölürəm daha.

Azərbaycan yenə oyanmalıdır,
Öz haqqın almağa dayanmalıdır,
Babəklər qanına boyanmalıdır,
Ölürəm, ölürəm, ölürəm daha.

Umudam umudum qalmayıb əsla,
Yardım əl, qapımı çalmayıb əsla,
Kimsə məni yada salmayıb əsla,
Ölürəm, ölürəm, ölürəm daha.

Qoçaq Nəbi

Gərəkdir Nəbinin izin izləmək,
Hədərdi özgədən yardım gözləmək,
Ölümdür vətəndə vətənsizləmək,
Gözlərdən od alan, ay qoçaq Nəbi,
Sənsizləyib vətən, ay Qaçaq Nəbi.

Yayılıb şöhrətin bütün ellərə,
Yazılıb dünyada, düşüb dillərə,
Adın zəxmə vurur sazda tellərə,
Zəfər nəğməsisən, ay Qaçaq Nəbi,
Həcəri özündən, ay qoçaq Nəbi.

Açdığın yol bağlanmayıb, hardasan?
Türk xalqımız hardasa, sən ordasan,
Azərbaycan bəsləyir səni burdasan,
Doğul gəl yenidən, ay qoçaq Nəbi,
Aç bu xalqı dardan, ay Qaçaq Nəbi.

Həcər xanım Umud verir elinə,
Nəbi sayaq qalxar boz at belinə,
Türk qızıdır silah alar əlinə,
Dillər əzbərisən, ay Qaçaq Nəbi,
Ölməzsən, dirisən, ay qoçaq Nəbi.

...

Azəryar DANİŞVƏR

1971-ci ildə Təbrizin Hesar məhəlləsində doğulub.

Təhsil almaq üçün məktəbə getdiyində müəllimləri ona və sinif yoldaşlarına bütün dərsləri yalnız fars dilində keçib, fars dili və ədəbiyyatını öyrədiblər.

Məktəbə getməzdən öncə isə türkcə yazıb-oxumağı atasından öyrənib mənimsəyib, bir çox şairlərin şeirlərini əzbərləyib.

Şeir oxumağı və oxuduğu şeirləri əzbərləməyi çox sevdiyindən, getdiyi yerlərdə hamıya şeir oxuyub.

Təbrizdə xalq və sənətkarlar tərəfindən düzənlənən musiqi tədbirlərinin bir çoxunun aparıcısı olmaq ona həvalə edilib. Beləliklə də kitab ola bilməyən şeirlərini səhnələrdən xalqına canlı-canlı çatdırıb. Azəryar insanların qulağına xoş gələn məlahətli səsini də Tanrının neməti sayır. Bu səs onu canlı şeir kitabı kimi yaşamağa doğru çəkir və bulunduğu hər yerdə insanlara sevə-sevə şeir oxumaqla Vətənə olan övladlıq borcumu ödəməyə çalışır...

Ssenari, pyes, şeir,eləcə də mahnı sözləri yazmaq və aparıcılıq etmək onun illər boyu əsas fəaliyyəti, həm də ən sevimli məşğuliyyəti olub. Bütün qadağanlara rəğmən səhnədə saysız-hesabsız çıxışları olur, qələmə aldığı ssenarilər teatr səhnəsində tamaşalara dönüşüb. Təbriz televiziyası üçün bir neçə serial (dizi) mətni yazıb. İctimai motivli şeirləri ona böyük ədəbi hörmət qazandırıb.  

Lalam mən

Yenə payız şəhərimə çəkdi rəng,
İl başladı, mədərsələr çaldı zəng,
Haray gəldi mədrəsədən dəng-dəng,
Çantamı mən götürmüşəm əlimdə,
Eyvay, yenə dilim qaldı evimdə...
Dərs verilir dünyanın hər yerində
Uşaqlara öz ana dillərində...
Hərə oxur öz baba tarixində
Mən də burda özgə dildə ağlıram.
Dəftərimi tərsədən varaqlıram,
Ey vay, indi dilim evdə darıxır.
Bu sayqısızlıq onu hətmən sıxır,
Tez-tez divardaki saata baxır
Yolumu gözləyir evə qayıdım,
Yatmış dilimi yuxudan ayıldım.
Yenə bu gun suya deyəcəyəm “ab”,
Necə verəcəyəm dərslərə cavab?!
Titrəyəcək əlim, düşəcək kitab,
Uşaqlar hay çəkib güləcək mənə,
Döyünəcək kiçik ürəyim yenə...
Evdə anam səslər ay dilli balam
Yazıq bilmir mədrəsədə mən lalam
Elə ancaq dərslərdə iyirmi alam.
Yoxsa nə mən mənəm, nə də mədrəsəm,
Niyə gərək indi belə tələsəm?
Film kimi o günü görrəm hərdən,
Əvvəl günü düşdü dilim dəyərdən,
Atalara “pedər” deyildi birdən,
Mənim dilim oldu gülmək ağacı,
Hər bir şeyi öyrənirəm qıyqacı.
Ana oldu “maadər”, yuxu oldu “xab”,
Hər sözümə tərsədən aldım cavab,
Başlandı fikrimdə o gündən əzab.
Anam yalançıdır, yoxsa müəllim?!
Doğrusunda hansıdır mənim dilim?!
Bu gündə başladı yenə mehrayı,
Bu ildə bilirəm hər ilin tayı,
Əzab çəkib gözləyəcəyəm yayı.
Yayda bəlkə danışım öz dilimdə...
Eyvay, yenə dilim qaldı evimdə!
Dərd bir olsa, iki olsa dözərəm!
Qarşımda yol dəniz olsa üzərəm,
Ceyran olub dağ-dərəni gəzərəm,
Amma deyənmərəm özgəyə ana!
Önümdə öz anam od tutub yana!
Mənim anam “madər” deyil, anadır,
Hamı dil bir yana, o, bir yanadır,
Fəxri dünyalara,nə İranadır...
Nədən yasaq olub mənim öz adım?!
Niyə çatmır elə, səsim, fəryadım?!
Qolçaq kimi köklənibdir müəllim,
Ayağımı bağlır mənim öz əlim!
Susub baxır buna mehriban elim.
Bir də Nəsimi soyulur dəridən
Ayaq deyil, dildi bizi yeridən!
Azəryaram, öz dilimə bağlıyam,
Yeri vardır, vay deyəm, qan ağlıyam,
Bu dərdə mən bir ömürdür dağlıyam.
Odda yanır ayım, günüm, ilim də!
Eyvay, yenə dilim qaldı evimdə!

Nə sən məni başa sal, nə də mən səni! 

Nə sən məni başa sal, nədə mən səni!
Ömrümüz heçinə sürülər, saatımız boşuna işlər,
Ürəyimiz yersiz döyünər, yaşımız artar səbəbsiz!
Gözümüz boş yollarda itər.
Nə sən məni başa sal, nədə mən səni! 
Başa düşmək istəmirik biz! 
İştə budur bizim dərdimiz! 
Axtarma kitabları, tarixi didim-didim etmə,
Başqa qapıları döymə, başqa yerlərə getmə!
Biz başa düşmək istəmirik!
Nə sən məni, nə mən səni, nə də biz heç kimsəni!
İştə budur bizim dərdimiz!
Bax!... Dərdimizi də tapdıq, dərmanını da.
Nə rahat, nə də zəhmətsız!
Hanı, deyirdin dərdimizin dərmanı yoxdur bizim,
Al! Bu da sənə dərman...
Yetər ki, nə sən məni başa salasan, nə də mən səni!
Nə sən məni dindirəsən, nə mən səni!
Heç olmasa, qoy beləcə, təkliyimizin cilvəsi olsun! 
Heç olmasa, qoy baxanlar başa düşsün 
Bizi, dərdimizi!
Qoy nə qədər yalqız olduğumuz görünsün,
Qoy sökülsün pərdəmiz!
Abrımız tökülsün! Açılsın gizlinlərimiz!
Bilınsin hər nəyimiz, əlimiz oxunsun!
Görünsün qəmimiz!
Biz də başa düşməsək, qoy barı özgələr başa düşsün,
Bilinsin hər nəyimiz!
Başa düşsünlər bizi, biz ki, başa düşmərik,
Nə sən məni!  Nə mən səni!
Nə də biz heç kimsəni!..
Kaş inansaydım  o gün! 
Bir gün o keçmişdi buralardan...
O dedi, mən inanmadım,
Sonra başıma gəldi.
Bu gün də sən inanmırsan!
Sabah da sən keçərsən buralardan,
Kaş sənə inanan olsun!
Ümid bu imiş demək!

Bağışlama məni

Nə sən məni bağışla, nə də mən kimsəni!
Gəl heç nədən vaz keçməyək!
Nə sən mənim günahımdan, nə də mən kimsənin!
Qoy öfkələr bizi əlinə alsın!
Qoy əlimizdə bir şey olsun birbirimizdən!
Sən məndən suç axtar, mən də başqalarından!
Beləcə unudarıq bütün qəmlərimizi,
Unudarıq ruhumuzu hər gün döyən fikirlərimizi!
Nə sən məndən keç , nə də mən kimsədən!
Həp ürəyində öfkə , həp ürəyində nifrət bəslə mənə!
Mən o nifərtə alışqanam, tanıyıram o acı baxışları!
Köksünə dolub boşalan o bezmiş nəfəs səsini!
Mən dəfələrcə onu yaşamışam
Anamın atama qarşı  olan öfkəsində!
Suratımda ona atamı əks etdirən taleyimdə.
Hər kışiləşdiyimdə, məndən izinsiz,
Sifətimdə cöcərən şüyüd-şüyüd  buğ saqqalımda.
Mən o öfkənin huzurunu tanıyıram
sənin kövrək , ası mələk ruhunda.
Bir an belə qadınsal duyğularına qapılma!
Amandır, bağışlama məni!
Nə sən məni xoş dindir, nə də mən heç kimsəni!
Al bütün incikliklərinin öcünü məndən,
incit mənim gic ruhumu!
Qır, dağıt!  Məni sənə heyvan kimi göstərən
xəbərsiz kobud qürurumu!
Mən əbədi günahkaram,
Sənin əbədi, məzlum, üsyankar məhkəməndə!
Mən sənin hər bacı-bacı pıçıltılarında,
Başqa qadınlarla hər dərdləşməyində,
Məndən bezdiyində, atan evinə qaçdığında,
Atanın kişiliyində yaşayıram genə mən!
Yaşatma məni! Axı, mən bir an dayanmadan,
usanmadan, utanmadan,
Suç işləyirəm sənin dərgahında!
Hər kişisəl yorğunluğumu evə gətirdiyimdə!
Sənin ruhuna qəfəs sayılan
dörd divarın qapısından hər girdiyimdə!
Oturar-oturmaz çay gözlədiyimdə!
Yeriklədiyini də  bilməyə-bilməyə... 
Bağışlama məni! 
Rəngini unütduğum corabımı, səndən istədiyimdə!
Səni çimçəşdirdiyimdə!
Sən doğum ağrısı çəkə-çəkə,
Mən adımı qoruyacaq oğul gözlədiyimdə!
Ana olduğunu təbrik demədiyimdə!
Ana nədir?  Qadın nədir ? Qız nədir?
Dərk etmədiyimdə, bilmədiyimdə!
Saqın bağışlama məni!
Sən məni qızcığaz xəyalının qurduğu kimi,
Sevdiyin kimi, istəyəndə,
Mən olduğum kimi, öyrəndiyim kimi gəldim.
Mən daş oldum, sənin pambıq qucağında,
Mən yaş həvəsini öldürməyə tələsən
Kobud soyuq buz oldum atəşli incə dodaqlarında!
Sən məni düşündün, mən höyüşnələrimi!
Sən mələk oldun sevgi otağında,
Mən yırtıcı bir heyvan kimi, Sənin insan yatağında!
Sən sükut oldun, mən bağırtı!
Sən əlindən suyu həmən buraxıb yanıma gələn,
Mən həmən su gözləyən çağırtı!
Sən canımı tumarladın bilə-bilə!
Mən ruhunu diddim, Bilməyə-bilməyə!
Mən kefli olanda, sən kefsiz oldun!
Mənim yorğunluğum çıxdı sənin varlığında,
Sən yoruldun mənim ağırlığımda!
Bax, necə kobudam, necə xəbərsizəm mən!
Sakın keçmə günahımdan, bağışlama məni!
Mən bağışlanası deyiləm!
Məni sevindirməyə qalxıb, sakın bağışladım da demə!
Mən tez inanaram, təmizə çıxaram içimdə!
Unudaram qat-qat keçmişimi!
Çünki mənim gunahkar görünməyə dözümüm yoxdur!
Bağışlama məni!
Sən məni bağışlarsan, ədalətın qol-budağı qırılar,
Basılan haqqın unudular!
Sən məni bağışlama, bəlkə daha insanlar
Heç bağışlamadılar bir-birini! 
Bağışlama məni! 
Və beləcə, Bəlkə qurtuldu,
ədalətsizliyin əlindən bu dünya!
Hər şeyi xatırla... birər-birər,
Yada sal hər nəyi, yaz dəftərinə!
Haqqında olan bütün zülümləri!
Qıran- qıran hesab elə!
Qələmdən salma birini belə!
Heç bir kimsəyə bir qıran bağışlama!
Onlar sənin güvənə biləcək təkcə varlığındır cibində!
Bu payızın sonuna qədər darıxma! 
Cücələr sayılacaq deyirlər...
Yazıq o adamların halına ki, heç zülüm görməyiblər.
Bu səfər daha ədalət olacaq.
Bu səfər güclülər deyil, ən gücsüzlər qazanacaq 
Edilən hər zülüm, görülən hər sitəmdən çıxılacaq!
Yerdə qalan nə varsa, yaşın sayısına çarpılacaq!
Bir də təkbaşına çəkdiyin ahlar,
Zamansız ağaran saçların,
Baş ağrıların, bel sancıların,
Bitməz zarıltıların əlavə olacaq ona! 
Və bu sənin qazancın olacaq həyatda!
Qazanacaq qız, qadın, ana!...
Daha məni bağışlama!
Bir qıranından belə keçmə!
Qazancı düşün! Gələcəyini düşün!
Bağışlama məni!
Mən bağışlanası deyiləm!
Həp ürəyində öfkə, həp ürəyində nifərt bəslə mənə!
Mən o nifrətə alışqanam,
Tanıyıram o acı baxışları!
Köksünə dolub boşalan o bezmiş nəfəs səsini!
Mən dəfələrcə onu yaşamışam
Anamın atama qarşı  olan öfkəsində!
Suratımda ona atamı əks etdirən taleyimdə.
Hər kışiləşdiyimdə, məndən izinsiz,
Sifətimdə cöcərən şüyüd-şüyüd  buğ saqqalımda.
Mən o öfkənın hüzurunu tanıyıram
sənin kövrək, ası mələk ruhunda...