Esmira Fuad. Sözə sevdalılar (Ədəbi düşüncələr) I kitab

Esmira Fuadın “Sözə sevdalılar”ı haqqında düşüncələr

14:07 / 02.02.2012
Ədəbiyyatın və sənət əsərinin böyük əhəmiyyəti ondadır ki, o hər zaman ictimai şüura təsir edə bilsin. Zamanın və mühitin yeniləşməsi prosesində xalqın kamilləşməsinə, yeni dəyərlər ənənəsində inkişafına təkan versin. Həyat gerçəkliklərinin ictimai-tarixi-ədəbi mənzərəsinə obyektiv münasibəti formalaşdırsın. Bütün bunların fövqündə şəxsiyyətin cəmiyyət həyatındakı mövqeyini, xalqın milli varlığının təəssübkeşliyindəki xidmətini örnək olaraq gəncliyin diqqətinə yönəldə bilsin.
Tanınmış tədqiqatçı-alim, publisist Esmira Seyfəl qızı Şükürovanın-Esmira Fuadın axarıncı kitabı olan “Sözə sevdalılar”ı da özlüyündə bu dəyərləri ifadə etdiyindən məni haqqında söz deməyə ruhlandırdı. Esmiranın şəxsiyyətinə, elmi-publisistik yaradıcılığına yaxından bələdəm. Sözə ali bir duyğuyla sevdalı olan xanım həmkarımın yeni kitabı əzəl başdan özəlliyi ilə məni özünə bağladı. Sözə vurğunluq, onun qüdrətinə, təsir gücünə bağlılıq Esmiranın yaradıcılığının mayasını təşkil edir. O, bütün yazılarında mübarizliyi, cəfakeşliyi, bütövlüyü ifadə etməkdən ötrü sözün qüdrətlisini, döyüşkənini, incisini, zərini seçir, O burda kimlərdən bəhs etməyib, hansı mövzulara toxunmayıb... Böyük bir sevgiylə xalqın ictimai-ədəbi taleyində misilsiz xidmətləri olan görkəmli şəxsiyyətlərin ömür yolu, sənət aləminə, fundamental əsərlərinə yaxından bələdliyi, məhrəmliyinin tutarlı bir mövqedən təhlil-tədqiqinin obrazlı təsviri diqqəti çəkir. Bununla yanaşı sənətkarlıq baxımından ədəbiyyatşünaslığın dəyərli nümunələri, görüşlər, müsahibələr, eləcə də bu gün ədəbi mühitdə yenicə görünməyə başlayan gənclərin əsərlərinə səciyyəvi münasibətini incələyən Esmiranın bütün bunlara həssaslıqla yanaşması, ondan mənəvi ucalığı, şəxsiyyət-zaman anlayışının ictimai məcmusunu ədəbi-publisist baxışlarıyla çözməsi tədqiqatçının istedadının göstəricisidir. Bu başlıca xüsusiyyətlər onun yaradıcılığının özəyi, cövhəridir.
Esmira Fuad geniş yaradıcılıq təxəyyülünə malik olan, elmi-nəzəri baxışlarını mükəmməl ifadə etməyi, obyektivlik prizmasından qiymətləndirməyi bacaran bir qələm sahibidir. Bu baxımdan da əsərlərində obyektə və hadisəyə sağlam mövqedən münasibət bildirməsi ictimai-ədəbi mühitdə hər zaman maraqla qarşılanır.
Esmira qeyd edir ki, Söz haqqında söz demək, özü də düşündüklərini çəkinmədən söyləmək çox çətindir. Əslində, Söz sənəti haqqında, sözün özü haqda söz demək də bir sənətdir... Bu çətinliyi yoğurub hasilə gətirməsi, səhər-axşam, gecə gözündə işləməsi Esmiraya hər zaman, özü də hər mənada uğur gətirib.
Esmira yaradıcılığın çətin, əzablı yollarında addımlayan, bu yolda yorulmayan, usanmayan fədakar bir sənətkardı. Bu da onun ciddi axtarışlara meylli olmasından irəli gəlir. Bilmirəm, elmi araşdırmalara marağı əvvəl yaranıb, yoxsa publisistikaya həvəsi erkən doğulub. Hər halda tədqiqatçı-publisistin yaradıcılığında filologiya ilə jurnalistika məsələləri bir-biri ilə üzvi surətdə bağlıdır. Axı o, ixtisasca filoloqdur. Bu səbəbdən də mövzunun dərinliyinə varmaq, ona tədqiqatçı baxışları ilə nəzər salmaq, ciddi araşdırmalar aparmaq “xəstəliyi” onda güclüdür. Bütün bunlar Esmiranın tədqiqatçı vərdişindən, həm də jurnalistikada ciddi janr olan publisistikanın imkanlarından məharətlə bəhrələnməsindən yaranıb. Onun yaradıcılığındakı bu xüsusiyyəti professor Məhərrəm Qasımlı belə ifadə edib: “Mən onun yazı və düşüncə tərzindəki bir nüansı da diqqət önünə çəkməyi vacib bilirəm: fakta bağlılıq və məntiqi səlislik. Birinci keyfiyyət jurnalistika ilə əlaqəsindən, ikinci keyfiyyət isə elmi fəaliyyətindən gəlir”. Professorun qeyd etdiyi birinci keyfiyyətə, jurnalistika ilə əlaqəsi fikrinə bir əlavə etmək istərdim: Esmira xanım jurnalistika üzrə təhsil almış çoxlarından fərqli olaraq bu janrın yeni ənənələr əsasında inkişafına və mövzuya fərqli yanaşma imkanlarına görə öndə olan peşəkarlardandır.
“Sözə sevdalılar”la bağlı düşüncələrimə hər bir yazının üzərində ayrıca dayanıb əsərin və onu tədqiq edənin təhlil və münasibətindən bəhs etmək şübhəsiz, bir məqalənin çərçivəsinə sığan deyil. Bir tərəfdən də bu işin öhdəsindən kitabın redaktoru Qəşəm İlqar (Ruhdaş) ustalıqla gəlib. Öz ədəbi icmalı ilə oxuculara bir növ bələdçilik edib.
Esmira cəsarətli publisistdir. O, hər zaman xalqın milli varlığını, kimliyimizi ifadə edən əsərləri arayıb-axtarır, onların ideya-nəzəri xüsusiyyətlərini açıqlayır. Böyük şəxsiyyətlərin ədəbi talelərindən bəhs edərkən həyatlarından məlum olan faktları, hadisələri düşüncəsində ipə-sapa düzərək sanballı bir süjet ətrafında təsvir edir. Elə yaradıcılıqda əsas meyar həm də budur. Amma kitabda M.İbrahimov, B.Vahabzadə, M.Kazımbəy, Ü.Hacıbəyli M.Araz, B.Nəbiyev, İ.Əbilov, Anar kimi xalqın milli varlığının təəssübkeşliyi ilə yaşayıb-yaradan münəvvər şəxsiyyətlər haqqında yazılara göz gəzdirərkən düzü bir qədər həyəcan keçirdim. Fikirləşdim ki, axı bu sənətkarlar haqqında böyük ustalıqla yazılmış qədərincə əsərlər var. Bunlardan sonra Esmira xanım həmin əsərlərə özünün yeni, fərqli baxışlarını ortaya qoya bilibmi? Bu düşüncələrlə də həmin əsərləri diqqətlə oxudum. Oxuduqca da həyəcanım çəkilir, fikirlərim də öz axarına düşürdü. Esmira xanım özündən əvvəlki müəlliflərin əsərlərinə qədirdanlıqla yanaşaraq, dəyərlərindən bəhrələnib, bununla bahəm özünün də özgür baxışlarını ortaya qoya bilib. Bu şəxsiyyətlər haqqında qələmə gətirdiyi əsərlərin hər biri ədəbi-bədii, monoqrafik səciyyəli tarixi bir salnamədir. Mirzə İbrahimovun haqqında, həyatın acılarını dadmış, ağır sınaqlardan çıxmış kamil bir yaradıcı ömrün yaşantılarını məharətlə araşdıran və maraqlı formada təqdim edəm müəllif, sənətkarın ədəbi-ictimai fəaliyyətini özünəməxsus formada işıqlandırıb. Bəzən bir abzasın, bir cümlənin tutumundakı qüdrətli fikirlər, dəyərlər böyük bir yazıdan alınmış qənaəti əvəz edir: “Mirzə İbrahimov nəsr və dramaturgiyasının özəlliyi, bədii təsir gücü insanın daxili dünyasının, psixologiyasının görünən cəhətlərini hərtərəfli, real və təbii, inandırıcı boyalarla ifadə etməsində, Vətəninə, xalqına, ana dilinə olan böyük sevgisini milyonlarla oxucunun qəlbinə ötürə bilməsində, yüksək vətənpərvərlik, ideala sadiqlik, mərdlik, düzlük və əhdə sədaqət, əməksevərlik, əməlisalehlik və xeyirxahlıq, humanizm, milli, mənəvi-əxlaqi dəyərlərlə sahiblik duyğuları aşılamasındadır”. Fikir verin, bu böyüklükdə, bu mündəricəli cümlədə bir yoruculuq, qarışıqlıqdan əsər varmı? Geniş bir mənanı izləyən fikir məntiqi ardıcıllıqla böyük mütəfəkkirin yaradıcı xarakterini möhtəşəm bir formada ifadə edir.
E.Fuad görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına, ədəbi talelərinə müraciət etməklə həm də bu mövzulara müasirlik prizmasından yanaşmanı ortaya qoyur. Bu sənətkarların hər birinin sənət dünyasına haqqı çatan bir söz sərkərdəsi kimi daxil olur. Onları tədqiq edə-edə, öyrənə-öyrənə, təsirlənə-təsirlənə ədəbi talelərinə işıq salır. Məlumdur ki, Ü.Hacıbəylinin əsərləri, xüsusən də yaradıcılığının cəsarətli qolu olan publisistikası uzun illərdir ki, müxtəlif aspektdən tədqiq olunur. Lakin bu Esmiranı qorxutmur. O da ədəbiyyatşünas, publisist kimi Ü.Hacıbəylinin əsərlərinin ictimai əhəmiyyətini dərk edə-edə müasirlik baxımından onun publisistikasına yenilikçi baxışları ilə münasibət bildirir.
“Təbiətin hökmü olsaydı məndə” deyən müəllimi, görkəmli sənətkar Bəxtiyar Vahabzadənin ədəbi ömrünü böyük məhəbbətlə, maraqla tədqiq edir. Şairanə duyğularıyla ustadın uşaqlıq illərindən başlamış müdrikliyin zirvəsinəcən uzanan yolları şairin özüylə birgə qət edir. Onun sənət dünyasına bələdçiliyini tamam-kamal başa vurduqdan sonra da böyük vurğunluqla deyir: “O, qələmə aldığı mövzunu, hadisəni sadəcə müşahidə etməyib, onları yaşayıb, bilavasitə iştirakçısı olub, özündən heç nə uydurmağa çalışmayıb, duyduğunu yazıb və yaşadığı hisslərin, duyğuların həssas ürəkli bir şair kimi səmimi ifadəçisi olmağı bacarıb. Bu inancda olub ki, şair insan kimi duymalı, şair kimi yaşamalıdır. Bəs insan nə zaman həyatı və dünyanı duymağa başlayır? Təbii, iztirab odundan keçdikdən sonra... Bundan sonra başlanır yana-yana yaşamaq, bundan sonra başlanır qorxu, ehtiyat, həyat...”
Esmira Azərbaycanın vəsvəgəlməz gözəlliklərini, dünya fəlsəfəsinin çox maraqlı məqamlarını, vətənçilik əxlaqını, azərbaycançılıq ideyalarını poeziyasında yaşadan Məmməd Arazın da ömürlüyünü, sənət taleyini dərindən duyub-yaşamaqdan ötrü uşaqlıqdan pöhrə tutmuş poetik düşüncələrinin iziylə yola çıxır. Balaca Məmmədin nağıllardan qanad açmış dünyası və şairlik zirvəsinəcən böyüyən, müdrikləşən əsərlərinin hikmətinəcən heybəsi dolu qayıdır: “Poeziyamızın bu özünəməxsus, son dərəcə orijinal, duyğuların şahə qaxdığı, hisslərin təlatümə gəldiyi Məmməd Araz qolunda oxucular istədiklərinin, təşnə olduqları arzuların, təkrarsız poetik əksini tapdılar. Bu poeziyada nakam sevgililər itkin düşmüş sevgilərinin doğurduğu müdhiş yalqızlığa, tənhalığa həmdəm, həmdərdlə qarşılaşdılar, onların qəlb ağrılarını duyan, dərk edən bir insanla dərdləşmək, əzablarını bölüşmək imkanı qazandılar”.
Tədqiqatçı-publisist bu əsərlərin içərisindəki yarımbaşlıqlarla çox maraqlı, orijinal formada keçidlər edir. Bunlar yazının ruhunu duymaq, yaddaşa köçürməkdən ötrü işlədilən ədəbi priyomdur. Mövzuları ətrafında ən kiçik detalına, xırdalığına qədər (ifratçılıqdan uzaq!) araşdırma və bəhrələnmələrin işığında sözə aşiq olan qəhrəmanlarının ədəbi-bədii məhsullarına doğma, isti münasibətlə yanaşır, hər birinin öz şöləsini aramağa və onu ürəkdolusu işıqlandırmağa çalışır. Bu mövzuların hər birinə onun ayrıca münasibəti var. Esmiranın əsərə, müəllifin yaratdıqlarına özgür baxışları ilk növbədə o şəxsiyyəti dərindən öyrənməsi, tədqiq etməsi, sözün rəngini, məqsədinə uyar olan çalarını seçməsi ilə diqqəti çəkir. İllər boyu tanıdığı, çiyin-çiyinə işlədiyi və bundan böyük fəxarət duyduğu şəxsiyyətlərə də bu meyarla yanaşır. Təbii ki bu da Esmiranın münəvvər şəxsiyyətlərə tam fərqli bir mövqedən yanaşması vərdişindən irəli gəlir. Budur, akademik Bəkir Nəbiyev haqqında yazdığı əsərin girişində oxuyuruq: “ Məmləkətimizdə bəlkə də onu tanımayan az adam tapılar, ancaq düşünürəm ki, “Mən Bəkir Nəbiyevi çox yaxşı tanıyıram” deyənlərin belə, onu daha yaxından tanımasına ehtiyac var. Axı, hər kəsin olduğu kimi, mənim qəhrəmanımın da uşaqlığının, gəncliyinin, kamillik çağının, lap “ayaqları möhkəm yer tutan” anlarının bilinməyən tərəfləri az deyil... ” Burada qeyri-adilikdən uzaq, lakin çox səmimi, sadə və lakonikliyi ilə cəlbedici görünən bir tanışlıq təəssüratı cəlbedici təsir bağışlayır. Bu tanışlıq əlimizdən, fikrimizdən yapışıb, sonacan bizi böyük bir ömrün yaşantılarının içiylə çəkib-aparır. Uşaqlığından bugünkü mərtəbəyədək keçdiyi çətin, əzablı yollar Esmiranın təqdimatında yenidir, maraqlıdır.
Esmiranın “Bir gecədə yazılan yazı” rubrikasında göyərtdiyi “Zamanın qürbətində itkin düşən sevdaların poeziyası” insanın qəlbini riqqətə gətirir. Tədqiqatçı-publisistin poeziyanı bunca dərk etməsinə, incələməsinə, misralarda sıralanan fikirlərin məna çalarlarına həssaslığı həsədaparandır. Adətən bir gecədə şeir yazılır, bayatı qoşulur. Amma nəsrin işi başqadı. Esmiranın bu yazısına mən publisistika nümunəsi kimi yanaşmadım. Bu əsərin özü də elə nəsr diliylə yazılmış poetik nümunədir. Çünki onun düşüncəsinə həm də poetik bir ruh hakimdir. Görün, Esmira Anarın şeirə münasibətini necə ifadə edir: “Şeir yazmaq bir həvəsdi, bilmirəm, bəlkə əbəsdi” desə də, Anar bəlkə də nəsrin imkanları ilə oxucusuna çatdıra bilmədiyi mətləbləri poeziyanın ecazkar dili ilə pıçıldamağı gərəkli sayır. Axı şeirin dili daha yüyrəkdi, ürəklərə, beyinlərə, hətta qalın qafalara belə daha kəsəsinə yetişəndi... Axı nəsrin dililə bu misralardakı emosiyanı, için-için qovrulmanı, göyüm-göyüm göynəməni yaratmaq mümkünsüzdür”.
“Bizlər onu daha çox Azərbaycan şifahi xalq ədəbiyyatımızın, folklor xəzinəmizin çəfakeş tədqiqatçısı, istedadlı alim kimi tanıyırdıq” deyən Esmira Fuad Məhərrəm Qasımlının indiyə qədər çoxumuza bəlli olmayan poeziyasına diqqət yönəldir. Bir oxucu kimi mən də duyuram ki, M.Qasımlının poetik düşüncələri uzun illər cəfasını, zəhmətini çəkdiyi folklorumuzdan rişə alıb. Başqa sözlə, onun bütün şeirlərindən folklorumuzun ətri gəlir. Şeirləri yarpaq-yarpaq, ləçək-ləçək açılan və ətrafa məhəbbət ətri saçan, insanda mübarizlik ruhunu coşduran sənətkarı tanıdıqca həm sevinir, həm də qürur hissi keçirirəm: Məhərrəm Qasımlı həm də şairdi, nə gözəl!
Esmira bu cərgədə məhəbbət şairi N.Kəsəmənli, Ə.Mədətoğlu, K.Abıyeva, Y.Nəğməkar, F.İsmayılov, F.Ziya, Ə.Əsgəroğlu və başqalarının da poeziyasından ərşə qalxan alovun dillərində yana-yana, ağrı-acılarında qovrula-qovrula söhbət açır.
Xuramanın “Məhəbbət və kədərdən doğulmuş yazılar”ına qadın ürəyinin işığı, məhəbbəti, tutqun, qara kədərinə həssaslıqla, bütövlüklə ortaq olur Esmira Fuad. Həmkarımızın ağrılarının, yanğılarının dağı-daşı dilə gətirən için-için harayından bir köz bəxş edir bizə: “Bir ağac kəsiləndə, bir çiçək tapdananda qəlbi sızım-sızım sızıldayan insan necə öldürə bildi bu böyüklükdə məhəbbəti? Dünyanın ən ağır cinayətini törədən cani cəzasızmı qalacaq” fikirlərini oxuyan hər kəs torpağı yağı düşmən tapdağında inildəyən Vətənin bötövlüyü uğrunda müsəlləh əsgərə dönməzmi?
“Sarı odalar”ın cazibəsində özünü-sözünü “itirən” E.Fuad əsərin müəllifi İradə Tuncayla bağlı fikirlərini, özünəməxsus sənətkarlıq sirlərini qat-qat açmağa nail olub. Zənnimcə, özünü cəmiyyət həyatına və sənətə baxışları, həm də xarakteri ilə göstərə bilən İradə xanımın jurnalistikada sözün ən möhtəşəm, qüdrətli təsvirinə meydan verilən publisistikada tam fərqli bir üsluba, deyim tərzinə malik olması, mənə sazaqlı-şaxtalı, qarlı günlərdə torpağın bağrından cəsarətlə boy verən qardələn gülünün, ilk yazın gəlişindən xəbər verən novruzgülünün bənzərsizliyini xatırlatdı. Nə deyim, kitabı oxumaq gərəkdi...
Esmira Fuad həyatda da, yaradıcılıqda da çox səmimidir. Mən bunu bütün yazıların ruhunda gördüm. Ən başlıcası da qadın yazarlara münasibəti açığı məni bir qədər də heyrətləndirdi. Etiraf edək ki, biz qadınların xislətində arzu olunmayan bir cəhəti görməmək mümkün deyil. Ələlxüsus da yaradıcı qadınların. Kəsəsi, qadınlar bir-birinin uğuruna, sevincinə o qədər də ürək açıqlığıyla münasibət bildirmirlər. Lakin Esmira qadın həmkarlarının sənət dünyasına, yenicə işıq üzünə çıxan əsərlərinə uşaq kimi sevinir, onların haqqında söz deməyi bir növ mənəvi borcu bilir. Görün, “Sözə sevdalılar”ın içərisində nə qədər qadın yazarlara səmimiyyətlə yanaşıb, əsərlərinin ictimai əhəmiyyətindən, sənətkarlıq xüsusiyyətlərindən könüldolusu söhbət açıb. Flora Xəlilzadə, İradə Tuncay, Kəmalə Abıyeva, Şəfəq Nasir, Xuraman İsmayılova, Fəridə Ləman, Aysel Əlizadə...
Bu deyilənlərə yekun olaraq bir daha qeyd edirik ki, “Sözə sevdalılar” ədəbiyyat və mətbuat tariximizin yeni ənənələr üzərində inkişafına təkan verən şəxsiyyətlərin yaradıcılığına, ədəbi talelərinə özünün ədəbi-nəzəri baxışları ilə işıq çilədiyindən dəyərli əsərlər sırasındadır.