Ermənilər Moskvada da uçuruma getdilər

Dünən Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirildi.

Görüşdən sonra Sergey Viktoroviç Lavrov media üçün açıqlama verdi. Onun bəyanatının əsas tezisləri bunlar idi:

1. Bu ildə Rusiya-Azərbaycan-Ermənistan liderlərinin sammitinin keçirilməsi razılaşdırılıb.

2. Görüşlərdə kommunikasiyaların açılması və maneəsiz hərəkətin bərpası müzakirə edilib. Həmçinin Azərbaycanla Ermənistan sərhədinin delimitasiyası müzakirə olunub.

3. Moskva tərəflərin prosesə digər vasitəşiləri də cəlb etməkdə maraqlı olduğunu başa düşür və Bakı ilə İrəvan arasında razılıq əldə edilməsi yönündə atılan addımları alqışlayır.

Azərbaycan XİN-i isə görüşdən sonra lakonik açıqlama yayaraq Moskvada hansı məsələlərin müzakirə olunduğunu və Bakının mövqeyini bəyan edib.

Sənədə görə, görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.

C. Bayramov bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən regionda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində atılan addımlar əleyhinə Ermənistan tərəfindən törədilən hədə və qeyri-qanuni fəaliyyətlər, habelə təyyarələrin uçuşuna törədilən maneələr daxil, hərbi təxribatlar barədə ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb.

O, bölgədə humanitar vəziyyətə dair səsləndirilən iddiaların tamamilə əsassız olmaqla yanaşı, bu iddiaların siyasi manipulyasiya olduğunu vurğulayıb.

Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda təsbit olunmuş öhdəliklərə zidd olaraq, Laçın yolundan hərbi məqsədlər, habelə Azərbaycanın təbii sərvətlərinin qanunsuz daşınması üçün sui-istifadə hallarına qarşı tədbirlərin Azərbaycanın suveren hüququ olduğunu bildirilib. Bu məqsədlə, eyni zamanda Azərbaycan tərəfindən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin təsis olunmasının zəruri tədbir olduğu diqqətə çatdırılıb.

Sərhəd buraxılış məntəqəsinin yaradılmasından bəri erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün şəraitin yaradılmasına baxmayaraq, Ermənistan tərəfindən 15 iyun tarixində keçid məntəqəsinə qarşı törədilmiş təxribatın erməni sakinlərin keçidinə maneçilik törətdiyi Nazir tərəfindən bildirilib. Hazırda, Azərbaycan tərəfindən erməni sakinlərin tibbi məqsədlər üçün keçidinin təmin olunduğu diqqətə çatdırılıb.

Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürülməsinə baxmayaraq, erməni tərəfinin bütün təkliflərə qarşı çıxması onların məkrli niyyətlərini və humanitar vəziyyət barədə iddiaların siyasi şantaj olduğunu göstərdiyi qeyd olunub.

Və ən nəhayət, Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə müdaxilə cəhdlərinə son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün sözdə və əməldə Ermənistan tərəfindən qeyd-şərtsiz təsdiqlənməsinin, eləcə də öhdəliklərə zidd olaraq hələ də tam olaraq Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının bölgədə sülhün təmin edilməsi üçün ən zəruri şərtlər olduğu nazir Ceyhun Bayramov tərəfindən vurğulanıb.

Moskvada keçirilmiş görüşlə bağlı çoxsaylı şərhlər, bəyanatlar və təxminlər eyni məcrada idi: bu müzakirələr Rusiyanın tələsik təşəbbüsü, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması prosesindəki Vaşinqton və Brüssel formatlarına yeni, Moskva formatını da əlavə etmək cəhdidir.

Yəni analitiklər Moskva müzakirələrindən ciddi nəticə gözləmirdilər və sülh sazişi, yaxud qarabağlı ermənilərin Azərğbaycana reintqerasiyası məsələlərində ciddi irəliləyişə nail olunacağını, danışıqlar prosesinin müsbət dinamikasının sürətlənəcəyini təxminləmək istərdilər, lakin reallıqlar buna imkan vermirdi.

Sergey Lavrovun nikbin bəyanatlarına rəğmən, Moskva görüşü bütün nüanslar, məqamlar və sonuc baxımından Vaşinqton müzakirələri ilə Brüssel danışıqları treklərindən geri qalır.

Qərbin Cənubi Qafqazdakı proseslərə təsir imkanlarının artmasının qarşısını almaq, geosiyasi mövcudluq rıçaqlarının zəifləməsini dayandırmaq istəyən Rusiya Federasiyasının əsas məqsədi yekun sülh sazişinin məhz Moskvada imzalanmasıdır.

Nəticələr danışıqların Moskva treki ilə bağlı izafi nikbinliyə əsas vermir, çünki Rusiya istəsə belə, problemlərin həllində və çətinliklərin aradan qaldırılmasında əhəmiyyətli rol oynamaq imkanında deyil. Səbəb də Ermənistanın tutduğu mövqe, baş nazir Nikol Paşinyanın son vaxtlar diplomatiyada və İrəvanın xarici siyasətində seçdiyi kursdur.

Təsadüfi deyil ki, Moskvada XİN başçıları arasında görüşün baş tutduğu gün Nikol Paşinyan İrəvanda brifinq keçirərək üç əsas məsələni Ermənistanın xarici siyasətinin preambulası kimi təqdim etdi:

1. Qarabağ Azərbaycan ərazisidir və qarabağlı ermənilərin müstəqilliyini dünyanın heç bir ölkəsi tanımayıb, tanımaq niyyətində də deyil

2. Qarabağlı ermənilərin təhlükəsizliyinin təminatı Ermənistanın prioritet məqsədləri arasında deyil

3. Üzləşdiyi problemləri, çağırışları və çətinlikləri həll etmək üçün Ermənistanın Rusiyaya üz tutaraq yardım istəməsi siyasətinə son qoymaq gərəkdir, İrəvan bu istiqamətdə irəliləyir.

Bilavasitə qarabağlı ermənilərə gəldikdə isə, Xankəndindəki xuntanın “dövlət naziri” Qurgen Nersisyan dünən, Moskvada görüş keçirilən gün Rusiyadan alınmış təlimatlar əsasında danışıb.

O, İrəvandakı mitinqlə eyni saatda başlayaraq eyni saatda başa çatan “etiraz mitinq”ində çıxış edərkən bəyan edib ki, qarabağlı ermənilər “problemlərinin həlli”ndə artıq İrəvana güvənmirlər. Daha konkret olsaq, Nersisyan nitqində bilavasitə Ermənistanın baş naziri Nikol Paşinyanı suçlayıb: “İndi məruz qaldığımız humanitar fəlakət, Laçın yolunun bağlanması və blokada məhz Paşinyanın güzəştlərə getməsindən sonra başlandı”.

Rusiyanın Xankəndinə emissar və təsir agenti qismində ezam edərək Azərbaycanla Ermənistan arasındakı sülh sazişi prosesinə mümkün qədər çox, sürəkli süni əngəllər yaratmaq tapşırığı verdiyi Ruben Vardanyan, Xankəndindəki separatçı rejimin rəhbəri Araik Arutyunyan, bu rejimin “dövlət naziri” Qurgen Nersisyan, habelə Xankəndində “hakimiyyəti dəyişmək” istəyən Vitali Balasanyan və ya Samvel Babayan kimi siyasət həşəratlarının fəaliyyətinin son vaxtlardakı məzmunu ilə məcrasını izləmək yetər.

Xankəndindəki xuntanın mənsubları dünənki mitinqdə bəyan etdilər ki, mifik “Artsax xalqı”, sən demə, “heç zaman Azərbaycanın tərkibində olmaq istəməyib və olmayacaq”. Onlar bu ifadələri “şərt”, hətta “ultimatum” kimi səsləndirdilər.

Azərbaycan cəmiyyətinə reinteqrasiya olmaq və Azərbaycanda yaşamaq istəməyən qarabağlı ermənilərlə bağlı rəsmi Bakının mövqeyi aydındır, dəfələrlə də açıqlanıb.

Belə ermənilərə Azərbaycanı tərk etmək üçün sərnişin avtobusları təşkil etməyə, hətta həmin avtobusların hərəkətiin təminatına yanacaq ayırmağa da hazırıq.

Kim Azərbaycanda yaşamaq istəmir – haydı, Laçın yolu ilə Ermənistana!

Həyasızlıq etmək, Azərbaycan qarşısında şərtlər qoymaq, ultimatumlar səsləndirmək, hədələr söyləməksə sonu bəlli yoldur.

O yol Bakıdakı istintaq təcridxanasındakı kameralara aparır.

Araik Arutyunyan, Qurgen Nersisyan, Samvel Babayan bəhs etdiyimiz məqamı mütləq şəkildə nəzəər almalıdırlar.

… Moskva görüşünün real nəticə olmadan, danışıqlar prosesinə müsbət dinamika əlavə etmədən başa çatmasının isə yeganə suçlusu Ermənistandır. Məhz Ararat Mirzoyan Moskvada görüş başlayanda radikal və aqressiv mövqeyini nümayiş etdiərərək Rusiya ilə Azərbaycana erməni tərəflə adekvat danışıqlar üçün şans vermədi.

Üçtərəfli Bəyanatda yer almış əsas şərtlərdən birini — hazırda Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdəki erməni silahlı dəstələrinin Azərbaycandan qeyd-şərtsix çıxarılmasını təmin olunmasını reallaşdırmaq istiqamətində İrəvanın nələr etmək niyyətində olduğunu açıqlamaq əvəzinə, Ararat Mirzoyan köhnə mantranı təkrarlayaraq Laçın yolunun açılmasından danışdı.

Ceyhun Bayramov isə sevimli dedutiv məntiqindən yararlanaraq A.Mirzoyanın yalanlarını darmadağın etdi. De-yure və de-fakto Azərbaycan sakinləri olan qarabağlı ermənilərin Xankəndindəki separatçı rejimi siyasi həyasızlıq, bisavadlıq nümayiş etdirərək açıq siyasi şantaja əl atırlar.

Aclıqda və blokadada olduqlarını iddia edən qarabağlı ermənilər məntiqə zidd olaraq yaşadıqları ölkədə onlara Ağdam vasitəsilə ərzaq məhsullarının göndərilməsinə mane olur, yolu kəsirlər.

Moskva görüşünün ciddi nəticəsiz başa çatmasının əsas səbəbi Azərbaycanla Ermənistanın müzakirələrdə ortaq məxrəcə gələ bilməməsidir ki, destruktiv mövqe Ermənistana məxsusdur.

Ermənistan vaxtı mümkün qədər uzatmağa və yeni maneələr yaradaraq prosesi əngəlləməyə çalışır.

Halbuki vaxt Ermənistanın əleyhinə işləyir…

Elçin Alıoğlu

Related posts

Kim Çen In orduya TAPŞIRIQ VERDİ

Şimali Koreya Rusiyaya dəstək üçün 100 minlik qoşun göndərə bilər

ŞOK! Bayden gedər ayaq Zelinskiyə icazə verdi: koreyalı əsgərlər Kurskda ATACMS-la vurulacaq