Samirə Əşrəf: “Yazıçının əsas missiyası insanı göstərməkdir”

“Yazıçının əsas missiyası insanı göstərməkdir. Ədəbiyyatın materialı insandır”.

Bu sözləri yazıçı, publisist Samirə Əşrəf Report Media Məktəbinin tələbələri ilə görüşdə deyib.

O bildirib ki, jurnalistika və ədəbiyyat bir-birindən ayrılmır, eyni sahədir, amma ədəbiyyatın missiyası daha genişdir.

“Yazıçılıq alın yazısı, tale işidir və hər bir yazıçı öz prinsiplərinə sadiq olmalıdır. Yazıçı gərək öz içinə, öz yoluna xəyanət etməsin. O, əsərlərində necədirsə, eyni prinsiplərə sadiq qalmağı bacarmalıdır. Əksi olduqda istedad bunu heç vaxt yazıçıya bağışlamır, gec-tez cəzalandırır”, – S.Əşrəf vurğulayıb.

O qeyd edib ki, öz üslubunu yarada bilmək də bir istedad göstəricisidir.

“O qədər individual olmaq lazımdır ki, başqa birini təkrarlamayasan. Publisistikanı nəsrdən və yazıçılıqdan ayırmaq da çətin məsələdir. Ədəbiyyatda publisistikaya yer verməmək üçün peşəkarlaşmaq əsasdır”.

Xatırladaq ki, ixtisasca hüquqşünas olan Samirə Əşrəf 2010-cu dövri mətbuatda, ədəbi qəzet və jurnallarda, saytlarda hekayələri, köşə yazıları ilə çıxış edir. “Ədalət”, “Ədəbiyyat qəzeti” kimi nəşrlərdə, Kulis.az mədəniyyət portalında çalışıb. 2012-ci ildə “Eybəcər” hekayəsinə görə IV Nəsimi Milli Ədəbiyyat Müsabiqəsində “Ən yaxşı hekayə” nominasiyası üzrə birinci yerə layiq görülüb. “Atam, bibim və Sergey”, “Dördüncü divar”, “Mənim üçün qızılgül” kimi əsərlərin müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, 2023-cü ilin fevral ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mətbuat katibi vəzifəsini icra edir.

Related posts

Xalq artisti Yaşar Nurinin xatirəsi anılıb

Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötür

Kino sənətinin vurğunu