Bakıdakı “Binə” və “Sədərək” ticarət mərkəzlərini su basması sığorta hadisəsi hesab olunur.
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyindən bildirilib.
Məlumata görə, bu hadisədən zərər çəkmiş sığortalı əmlakların sahiblərinə ödəniş ediləcək, sığortasız əmlakların sahibləri isə zərəri özləri qarşılamalı olacaqlar.
“ASA olaraq sahibkarlara müraciət edərək bildiririk ki, bu kimi hadisələr nəticəsində əlavə xərc və maddi zərərlə üzləşməmək üçün əvvəlcədən sığortalanmalı və risklərini təminat altına almalıdırlar. Çünki daşınmaz əmlak sığortası həm icbaridir, həm də ümumilikdə sosial-iqtisadi müdafiə sipəridir. Daşınmaz əmlakın icbari sığortası növü üzrə qeyri-yaşayış obyektlərinin sığorta tarifi obyektin yeri, təyinatı və miqyası nəzərə alınmaqla müəyyən olunur”, – deyə Assosiasiya bəyan edib.
“Daşınmaz əmlakın icbari sığortası ölkəmizdə mövcud olan yaşayış və qeyri-yaşayış əmlakları üçün məcburidir. Bu sığorta növü üzrə proseslər 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Qanunla tənzimlənir. Qanundan irəli gələn tələblərə görə, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta hadisəsi hesab olunur”, – deyə açıqlamada qeyd olunub.