Dünən axşam saatlarından etibarən Xankəndindəki erməni separatçılar arasınqda fəallaşma başlanmışdı. Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi arealda yaşayan qarabağlı ermənilər Xankəndindəki separatçı xuntanın rəhbəri Araik Arutyunyanı “hesabat verməyə” çağırıblar.
Xankəndinin mərkəzi meydanına, xuntanın inzibati binasının önünə yığışan yüzlərlə erməni A.Arutyunyanın hesabat verməsini istəyirdilər. Onlar eyni zamanda, A.Arutyunyanın vəzifəsinin öhdəsindən gəlmədiyini, qarabağlı ermənilərin üzləşdikləri probemləri həll etmək iqtidarında olmadığını da söyləyərək istefa tələblərini səsləndiriblər.
Araik Arutyunyan axşam saatlarında etirazçıların qarşısına çıxaraq danışıb.
“Təkik, heç bir dəstəyimiz, arxa və dayağımız yoxdur. Prolemləri həll etməkdə yardıim göstərəcək dostlarımız da yoxdur. Ona görə də problemləri birlikdə həll etməliyik. İndiki vəziyyətimizdə nə Putin, nə də Bayden heç nə edə bilməz”, – A.Arutyunyan söyləyib.
Meydana yığışmış qarabağlı ermənilər isə bildiriblər ki, onlar “qəti, sərt və radikal” addımlar atmaqdan hələlik çəkinirlər: “Nə isə etməyə başlasaq, xaos yaranacaq və onda hər şeyi itirə bilərik. Deyəsən, Araik Arutyanyan da elə bunu istəyir”.
Dünənki hadisələrin maraqlı xronometrajı vardı.
Cəmi bir neçə dəqiqəlik fərqlə Qarabağ separatçıları bir anda iki “taleyüklü” hadisənin anonsunu verdilər.
İlk olaraq Arayik Arutyunyan avqustun 29-da separatçıların “Təhlükəsizlik Şurası”nın genişləndirilmiş iclasının keçiriləcəyini açıqlayıb. Arutyunyan ənənəvi olaraq əlavə edib ki, qarabağlı ermənilərin taleyi həll olunacaq – lakin bu, artıq gülüşdən başqa heç nəyə səbəb olmur.
Amma Araik çox gözləmək niyyətində olmayıb və toplantını elə dünən keçirmək qərarına gəlib.
İkincisi, Araik yanında “anti-böhran şurası”nın rəhbəri dünən saat 21.00-da separatçı “parlament”in fövqəladə iclasının keçiriləcəyini elan etdi.
Təbii ki, bu da tale, işarə və simvollarla bağlı intriqa gətirdi. Xankəndinin şəhər meydanında gərginlik yarandı. Meydana toplaşan ermənilər Laçın yolunun açılmasını və Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan Qarabağdan olan tələbələrin azad edilməsini tələb etməyə başlamışdılar.
Etirazçılar İrəvan sakinlərini də aksiyaya qoşulmağa çağırıb.
Meydana toplaşanlar yerli “parlament”in“növbədənkənar” iclasın yekun nəticələrini gözləyirlər.
Aydın idi ki, Rusiyanın Xankəndinə yolladığı marionetka Ruben Vardanyan Xankəndində Araik Arutyunyana qarşı yeni mitinq təşkil edib.
Meydandakı aksiya səhər saat 5 radələrində başa çatıb.
Ermənistanla şərti dövlət sərhədində, Laçın rayonunda fəaliyyət göstərən sərhəd nəzarət-buraxılış məntəqəsində (SNBM) saxlanılan üç erməninin valideynləri ilə görüş də bu gün olmalıdır.
Onu da vurğulayaq ki, dünən Xankəndidəki aksiyadan əvvəl İrəvanda bir dəstə erməni Rusiyanın Ermənistandakı səfirliyinin qarşısını kəsərək etiraz aksiyası keçirmiş, “Laçın” postunda saxlanmış 3 erməinin buraxılmasını tələb etmişdilər.
Olay isə sadə idi.
“Laçın” postunda Ermənistana yollanmaq istəyən qarabağlı ermənilərin növbəti qrupu arasında Alen Sarqsyan, Vaqe Hovsepyan və Levon Qriqoryan saxlanmışdılar.
Onlar “Monte Avo” futbol klubunun oyunçuları olublar və 2021-ci ildə paltardəyişmə otağından çıxarkən Azərbaycan bayrağını tapdalayaraq keçdikləri üçün Azərbaycanda barələrində cinayət işi qaldırılmışdı.
Əvvəlcə Ermənistanın hakimiyyət dairələri, siyasətçiləri, mediası və müxtəlif ölkələrdəki erməni diasporu bu situasiyadan yararlanmağa çalışaraq baş verənləri “Azərbaycanın qarabağlı ermənilərə qarşı tətbiq etdiyi soyqırım və ayrı-seçkilik siyasətinin təzahürlərindən biri” kimi qələmə verməyə çalışdılar.
Lakin Azərbaycanın Baş Prokurorluğu bu üç erməniyə qarşı humanizm nümayiş etdirərək onları azad edəndən sonra rəsmi Bakıya qarşı ittihamların əsası qalmadı.
Daha doğrusu, “Onları dərhal azad edin!” şüarları ilə aksiyalar keçirmək absurd teatrı təsiri bağışlamağa başladı.
Belə vəziyyətdə Ruben Vardanyan fürsətdən yararlanmaq qərarına gəldi və maliyyələşdirdiyi tərəfdarlarını dərhal Xankəndinin mərkəzi meydanına “etiraz aksiyası” keçirməyə yolladı.
Araik Arutyunyaın istefasını istəyənlər, onun heç bir problemi çözə bilmədiyini qışqıranlar və “hakimiyyət dayişiklikliyi” tələb edənlər Vardanyanın əlaltılarının idarə etdikləri kütlə idi.
Onlar ssenarisinin sadəcə, kütləvi səhnəciyi idi. Oyunun digər məcrası Ruben Vardanyanın siyasi fəaliyyətidir
Peşəkar təxribatçı və çirkli pulların yuyulmasında təcrübəli insan olan R.Vardanyan qarabağlı ermənilər üçün “humanitar yardımların daşınması üçün aviamarşrut” təşkil etmək fikrinə düşüb.
Nobel mükafatı laueratı Leyma Qbui, Frasanın sabiq xarici işlər naziri Bernar Kuşner, “Unilever” korporasiyasının sabiq baş direktoru Pol Polman, İrlandiyanın sabiq prezidenti Meri Robinson, Meksikanın sabiq dövlət başçısı Ernesto Sedilyo, habelə fransalı senatorlar, deputatlar, amerikalı konqresmenlər və s.-dənr ibarət dəstə formalaşdıraraq Azərbaycanın hakimiyyət dairələrindən Laçın yolunun dərhal açılmasını tələbini səsləndirən Ruben Vardanyan indi “humanitar fəlakət və aclıqla üzləşmiş qarabağlı ermənilər üçün hava nəqliyyatı vasitəsilə humanitar yüklərin daşınması” ideyasını reallaşdırmaq cəhdlərini nümayiş etdirir.
Bu məqsədlə o, yeni fiqurant qismində Lixtenşteyn şahzadəsi Mixaeli də prosesə cəlb edib.
71 yaşlı Mixael bəyan edib ki, sən demə, qarabağlı ermənilərin problemləri onda təşviş və təlaş yaradıb: “Bu səbəbdən qarabağlı ermənilərə humanitar yardım aparacaq təyyarədə mən də Xankəndinə yollanmaq fikrindəyəm”.
Prosesdə İsveçrədəki “Impact Investing Solutions” şirkəti də iştirak edir.
Xankəndindəki xuntanın rəhbəri Araik Arutyunyandan fərqli olaraq, özünü “problemləri həll edən şəxs” kimi göstərməyə çalışan Ruben Vardanyan Ermənistanla ermənilərin Fransanın birbaşa təlimatları və dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında qarabağlı ermənilərlə və Laçın yolu ilə bağlı qətnamənin qəbul edilməsinə yönəlmiş prosedurların fiasko ilə bitməsindən, habelə “humanitar yüklü” 21 ağırtonnajlı yük avtomobilinin hələ də Azərbaycanla şərti dövlət sərhədinin yaxınlığında, Ermənistan ərazisində qalmasından sonra yeni yollar aranır.
Ruben Vardanyan üçün indi nəyin bahasına olursa-olsun, kiçik taktiki “uğur” və beynəlxalq ictimaiyyətin diqqətini “qarabağlı ermənilərin humanitar problemi” kimi qələmə verilən yalan propaqandaya cəlb etmək gərəkdir.
Lixtenşteyn şahzadəsini Vardanyan bu işdə əlverişli fiqur sayır və düşünür ki, cırtdan dövlətin monarx ailəsinin üzvü diqqətçəkən fiqurdur.
Amma belə deyil.
71 yaşlı ahıl Mixael Lixtenşteynin dövlət başçısı, knyaz 2-ci Hans-Adamın və regent Aloizin nəzərində çoxsaylı şahzadələrdən biridir.
Mixael biznesmendir və Rusiyanın xüsusi xidmət strukturları ilə sıx əlaqələrdə olduğu iddia edilir. Məsələn, o, məhz Ruben Vardanyanın vasitəçiliyi ilə Rusiyanın Sankt-Peterburq şəhərindəki “Baltinvestbank”ın səhmlərinin 19,2 faizini satın alıb.
Bundan başqa, Rusiyanın xarici kəşfiyyatı ilə bağlı olduqları vurğulanan “Geopolitical Intelligence Services” və “European Centre of Austrian Economics Foundation” şirkətlərinin də nominal sahibi şahzadə Mixaeldir.
Mixael kimi marionetlərdən faydalanmağa çalışan Ruben Vardanyan yenə yanlış addımlar atır. Belə ki, Azərbaycan hava sərhədlərini fasiləsiz qoruyur və istənilən hava nəqliyyat vasitəsinin rəsmi Bakının icazəsi olmadan Azərbaycan səmasına daxil olması hava sərhədlərimizin kobud şəkildə pozuntusu sayılacaq.
Belə nəqliyyat vasitəsindən ilkin olaraq ərazizi tərk etməsi istəniləcək. Xəbərdarlıq nəticə verməzsə, həmin təyyarə vurulacaq.
Eyni zamanda, hazırda RSK-nın yerləşdiyi arealda olan Xocalı hava limanı belə qanunsuz reysləri qəbul etməyə hazırlaşarsa, həmin məkan Azərbaycan Ordusu üçün avtomatik qaydada legtim hərbi hədəvə çevriləcək.
Ruben Vardanyanın yaddaş pozuntusu ola bilər, amma o, vaxtilə Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarqsyanın da təyyarə ilə Xocalı hava limanına yollanmaq istəklərini bəyan etmələrini, rəsmi Bakının xəbərdarlığından sonra fikirlərindən dərhal vaz keçmələri ilə bağlı “kədərli hekayə”ni əlaltılarından soruşa bilər.
… Xankəndindəki xunta vəziyyətdən çıxış yolu arayır. O yol yeganədir və Azərbaycanın qanunvericiliyindən keçir.
Ruben Vardanyan bundan sonra da yeni uğursuz ssenarilər fikirləşə bilər – nəticə dəyişən deyil.
Elçin Alıoğlu