Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin

“Sabah Azərbaycan müstəqilliyinin bərpasının 33-cü ilinə qədəm qoyacaq. 33 il mühüm yaşdır və böyük gələcəyin başlanğıcıdır”.

“Trend”in məlumatına görə, bunu deputat Kamal Cəfərov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, məşhur ABŞ sosioloqu Rendal Kollinsin irəli sürdüyü nəzəriyyəyə əsasən, dövlətlərin inkişaf tarixi 100 illiklərlə deyil, 33 illə müqayisə olunmalıdır.

“Çünki tarixi araşdırmalar göstərib ki, hər 33 ildən bir nəsillər, intellekt dəyişir, 33 yaşında olan dövlət də hazırlıqdan yaradıcılığa başlayır.

Bu elə yaşdır ki, gərək xalq olaraq başımıza gələn hadisələrlə, sınaqlarla və şəxslərlə bağlı obyektiv təhlil aparıb, düzgün nəticə çıxaraq.

Birinci obyektiv nəticə ondan ibarətdir ki, Azərbaycan 33 yaşına kimi natamam olub. Məhz 2023-cü il 15 oktyabr tarixində müzəffər sərkərdə İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə bayrağımızı ucaltması ilə Azərbaycan bütövləşdi.

İkincisi, biz Cümhuriyyət qurucuları tərəfindən İrəvanın güzəştə gedildyini, AXC-Müsavat cütlüyü və ermənilərin xalqımızın başına gətirdiyi faciələri unutmamalıyıq. Tarixi hadisələrə düzgün ictimai-siyasi qiymət verməliyik, xalqımızı daim maarifləndirməliyik ki, gələcəyə də uğurla gedə bilək. Çünki bunun üçün nəhəng təməllərimiz var. Və bunu deməyə çox əsasımız var.

Fəxrlə deyə bilərik ki, azərbaycançılıq ideologiyası, Azərbaycanın əsl müstəqilliyi və Böyük Zəfərimizin siyasi, iqtisadi, hərbi və hüquqi təməlləri ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycanı və xalqımızı uca və əzəmət sahibi edən İlham Əliyev olub.

Xalq olaraq çıxarmalı olduğumuz ən mühüm nəticə ondan ibarətdir ki, Azərbaycanın rifahı həmişə Heydər Əliyev irsi ilə bağlı olub. Bu irs bizim bəxtimizdir, bu irs bizim milli sərvətimizdir. Bunu qorumaq isə əsl vətəndaşın öz canından artıqdır.

Prezident İlham Əliyev Xankəndidəki çıxışında qeyd etdi ki, Azərbaycan xalqı elə bir qələbə qazanıb ki, bu qələbə əbədi bizimlə olacaq. Bizdən sonra gələn nəsillər də bu Qələbə ilə əbədi fəxr edəcəklər.

Bu tarixi günü əbədi olaraq rəmziləşdirmək üçün təklif edirəm ki, 15 Oktyabr Azərbaycan Günü elan edilsin, bayram olsun.

Biz də hər il övladlarımızla 15 Oktyabr – Azərbaycan Gününü Xankəndidə, Xocalıda, Xocavənddə, Şuşada, Azərbaycanın hər bir diyarında bayram günü kimi qeyd edək”, – deyə deputat əlavə edib.

Related posts

Prezidentdən nazirlə bağlı sərəncam

Prezident bu qanunlarda dəyişiklik etdi

Azərbaycan COP29-da intriqalara GETMƏDİ