GUAM-ın Baş katibi Azərbaycan Prezidentini təbrik edib

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Sizi və Sizin simanızda Azərbaycan xalqını Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan təbrik edirəm.

Bu il Müstəqilliyin Bərpası Günü xüsusilə əlamətdar bir vaxtda qeyd olunur. Belə ki, Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam təmin edildi. Oktyabrın 15-də Xankəndidə və Qarabağın digər ərazilərində Dövlət Bayrağının ucaldılması bu prosesin təntənəli yekunu oldu.
Biz, həmçinin bu yolda canlarını fəda etmiş bütün qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edirik.

Müstəqil Azərbaycan 1993-cü ildə tarixinin ən çətin və ağır dövründə, süquta uğramaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması tarixi hadisə oldu. Ölkədə sabitlik bərpa olundu, dirçəliş və inkişaf prosesləri başlandı. Ulu Öndərin başlatdığı işləri Siz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası istiqamətində uğurla davam etdirdiniz. Bu, Sizin milli maraqlara, milli birliyə və beynəlxalq hüquqa əsaslanan ardıcıl və davamlı siyasətinizin əsl təntənəsidir. Bu tarixi nailiyyətin Azərbaycan xalqının Ümummilli Liderinin 100 illik yubileyini qeyd etdiyi bir vaxtda əldə olunması xüsusi məna kəsb edir.

Cənab Prezident, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması işlərində Sizə uğurlar arzulayırıq.

Azərbaycan Respublikasının qələbələri sayəsində bu gün regionda yaranmış yeni bir vəziyyətlə üz-üzəyik. Böyük potensiala və artan geostrateji əhəmiyyətə malik bu regionda əməkdaşlıq və davamlı inkişaf üçün gözəl imkanlar, perspektivlər yaranıb. Həmişə olduğu kimi, biz GUAM olaraq regional sülhün, sabitliyin və davamlı inkişafın təşviqinə bundan sonra da dəstək və töhfə verməyə hazırıq.

Zati-aliləri, Azərbaycanın daha da inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi işində Sizə uğurlar, Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzulayırıq”.

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Prezidentdən nazirlə bağlı sərəncam

Kreml: Vəziyyət çox gərgindir