Sərsəng su anbarı 6 böyük rayonun problemini HƏLL EDƏCƏK

Antiterror tədbirlərinin yekunu kimi Xankəndi, Xocalı, Əsgəran, Ağdərə azad edildi. Beləliklə, Azərbaycan Suqovuşan su anbarından sonra Sərsəng su anbarını da azad etmiş oldu.

Qeyd edək ki, su anbarının ümumi su tutumu 560 mln. m³, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada ən hündür bəndli su anbarlarından biridir.

Sərsəng su anbarı vaxtilə respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.

Maraqlıdır, Sərsəng və Suqovuşan su anbarları Aran bölgəsində su çatışmazlığının qarşısını almaq üçün hansı rolu oynayacaq?
Məsələ ilə bağlı  danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Sərsəng və Suqovuşan su anbarlarının Azərbaycanın su ehtiyatları üçün mühüm rola malik olduğunu vurğulayıb:
“Dünyanı su qıtlığı təhlükəsi gözləyir. 2050-ci ilə qədər su qıtlığı böhran kimi bütün dünyanı bürüyəcək. Lakin bunun Azərbaycana təsiri az olacaq. Çünki belə su resurslarımız öz ərazilərimizdə formalaşır. Başqa ölkələrdə formalaşıb keçən transsərhəd sularından asılı olan ölkələrdə su qıtlığı özünü bariz göstərəcək. Bu baxımdan sözügedən resurslar Aran Qarabağ zonası, eləcə də digər regionlar üçün həyati əhəmiyyətə malikdir. Azərbaycanda həm də Həkəri çayı üzərində qurulmuş su anbarı var və o da öz ərazimizdə formalaşır”.

Komitə sədri ən azı 6 böyük rayonumuzun kənd təsərrüfatı, o cümlədən içməli su ehtiyyatlarının formalaşmasında Sərsəng və Suqovuşan su anbarlarının böyük rolunun olacağını vurğulayıb:

“Bu iki su anbarının Qarabağ zonasında yerləşməsi kənd təsərrüfatına xüsusi xidmət göstərməklə yanaşı, digər zonaların su ehtiyatlarının formalaşmasında da böyük rol oynayacaq. Bu gün Azərbaycanda 39 Su Elektrik Stansiyası var ki, böyük əksəriyyəti işğaldan azad edilmiş Qarabağ ərazisində yerləşir. Yəni işğaldan azad edilən ərazilərdə dərhal ərazidəki çayların üzərində Su Elektrik Stansiyaları tikilib, istifadəyə verilib. Bu su anbarlarının bizim enerji təhlükəsizliyimizin təmin olunmasında da böyük rolu var. Çünki Azərbaycanın strateji hədəflərindən biri də Qarabağ zonasında sıfır tullantı ilə elektrik enerjisi istehsal etməkdir. Orada sənaye kompleksləri artıq neft və qazın yox, bərpa olunan enerji hesabına olacaq. Bu çayların üzərində tikiləcək həmin o SES-lər ərazini enerji ilə təmin edəcək”.

S.Qurbanov dövlət tərəfindən Sərsəng su anbarı ilə bağlı mühüm işlərin görülməsinə ehtiyac olduğunu vurğulayıb:
“Sərsəngin texniki göstəriciləri konkret məlum deyil. Çox ciddi işlər görülməlidir. Yəqin ki, bu istiqamətdə Azərbaycan dövləti mühüm addımlar atacaq. Çünki ən böyük su ehtiyyatlarımızdan biridir. Həm kənd təsərrüfatı, həm də tullantısız və fasiləsiz enerji istehsalında mühüm rol oynayacaq”.

Related posts

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Prezidentlərin iştirakı ilə Xankəndidə fabrik AÇILDI

Şabalıdın qiyməti kəskin artıb – SƏBƏB