Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi, ölkəmizin Malayziyadakı səfirliyinin təşəbbüsü ilə “Simurq” muğam ansamblı oktyabrın 20-22-də Kuala Lumpur şəhərində keçirilmiş “Yaşayan incəsənət” mədəniyyət festivalında ölkəmizi təmsil edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Malayziyanın Turizm, İncəsənət və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş festivalda Malayziya, Azərbaycan, Argentina, Belarus, Filippin, Hindistan, İndoneziya, Qazaxıstan, Mavriki adası, Meksika, Misir, Şri Lanka və Özbəkistanın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş milli musiqi növlərində ifaları və rəqsləri nümayiş olunub. Azərbaycan hər il keçirilən festivalda ilk dəfə olaraq iştirak edib.
Tədbirin təşkilatçıları uğurlu əməkdaşlıq və dəstəyə görə Azərbaycan tərəfinə xüsusi təşəkkür ediblər.
Azərbaycanın milli musiqi alətlərində səslənən ifalar üç gün davam edən festivala xüsusi rəng qatıb, Azərbaycan muğamının özünəməxsus xüsusiyyətləri yüksək səviyyədə təqdim olunub. Xanəndələr Mirələm Mirələmov, Vəfa Orucova, tarzən Zəki Vəliyev, kamançaçı Elnur Mikayılov və nağara ifaçısı Kamran Kərimovdan ibarət “Simurq” ansamblının ifasında muğamının inciləri musiqisevərlərin böyük rəğbətini qazanıb və sürəkli alqışlarla qarşılanıb.
Festivalda Malayziyanın Turizm, İncəsənət və Mədəniyyət Nazirliyinin yüksək vəzifəli rəsmiləri ilə yanaşı, digər dövlət qurumlarının təmsilçiləri, diplomatlar, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də bu ölkədə yaşayan Azərbaycan və türk icmalarının üzvləri, musiqisevərlər iştirak ediblər.
Belə bir nüfuzlu festivalda Azərbaycanın iştirakı milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək naminə atılan növbəti uğurlu addım olub.