Azərbaycan Qərbin sifarişlərini icra edən Ermənistanın “kaprizlər”inə görə zaman itirmək niyyətində deyil, ona görə də, alternativ variantlara üstünlük verməyə başlayıb… Rəsmi Bakı Paşinyan hakimiyyətinə “regional qapıları” qapadaraq, Cənubi Qafqazın geopolitik, geoiqtisadi və geostrateji layihələrini Ermənistandan yan keçməklə, reallaşdırmaq qərarı verib…
Cənubi Qafqaz geopolitik, geoiqtisadi və geostrateji layihələr üçün ən cəlbedici məkana çevrilməyə başlayıb. Hazırda dünyanın bir çox siyasi-iqtisadi iradə mərkəzlərinin əsas diqqəti məhz bu regiona yönəlmiş kimi görünür. Yəqin ki, Cənubi Qafqazın regional layihələr üzrə vəd etdiyi parlaq perspektivlər dünyada bir çoxlarını şirnikləndirir. Və ona görə də, əksər beynəlxalq siyasi-iqtisadi iradə mərkəzləri həmin perspektivlərdən özləri üçün ən sərfəli payın qoparılmasına can atırlar.
Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqaz hazırda ilk növbədə beynəlxalq nəqliyyat-kommunikasiya xətlərinin önəmli qovşağına çevrilmək imkanları ilə diqqəti çəkir. Xüsusilə də, bu regionun Avropa və Asiyanı birləşdirmək perspektivi hər il nəhəng maliyyə dövriyyəsi ilə bağlı proqnozları gücləndirir. Bəzi iddialara görə, bu proqnozlar yüzmilyonlarla dollar üzərindən aparılan maliyyə hesablamalarını özündə əks etdirir. Hətta illik iqtisadi-ticari tranşlardan ortaya çıxacaq maliyyə dövriyyəsinin 500 milyard və bir trilyon dollar arasında dəyişə biləcəyi istisna olunmur.
Təbii ki, yalnız Azərbaycan deyil, ümumiyyətlə, Cənubi Qafqazın gələcək inkişaf perspektivləri üçün “açar geoiqtisadi layihə” olaraq, Zəngəzur dəhlizi ön plana çıxıb. Yəni, bu regionun Avropa və Asiya arasında birbaşa nəqliyyat-kommunikasiya marşrutuna çevrilməsi üçün Zəngəzur dəhlıizinin hansısa variantda mütləq reallaşdırılması əsas şərtdir. Və belə anlaşılır ki, bu dəhliz üçün alternativ variantlar artıq qaçılmaz xarakter daşıyır.
Məsələ ondadır ki, rəsmi İrəvan hamıdan çox marağında olduğu Zəngəzur dəhlizini yalnız Ermənistanın nəzarəti altında açılmasına razılıq verir. Rəsmi Bakı isə Fransa və Avropa Birliyinin tam nəzarətində olan Ermənistana belə bir şans tanımaq niyyətindən uzaqdır. Üstəlik, Kreml də Zəngəzur dəhlizinin Ermənistanın deyil, məhz Rusiyanın nəzarətində olmasını hədəflədiyindən Azərbaycanın mövqeyinə daha yaxındır. Və bu, Ermənistanın çətin vəziyyətə salınmasına yol aça biləcək önəmli bir məqamdır.
Maraqlıdır ki, Azərbaycan Qərbin sifarişlərini icra edən Ermənistanın “kaprizlər”inə görə zaman itirmək niyyətində deyil. Ona görə də, rəsmi Bakı alternativ variantlara üstünlük verməyə başlayıb. Belə ki, Azərbaycan və İran arasında Zəngəzur dəhlizinin funksiyalarını yerinə yetirəcək marşrutun işə salınması barədə prinsipial anlaşma əldə olunub. Yəni, rəsmi Bakı yeni marşrutu Ermənistandan yan keçməklə reallaşdırmaq planlarını icra etməyə başlayıb.
Belə anlaşılır ki, Qərbin icazəsi olmadan sərbəst qərarlar verə bilməyən Ermənistanın mövqeyi ucbatından Zəngəzur dəhlizinə marağını itirmək üzrədir. Bu, indiki situasiyada yalnız Ermənistana sarsıdıcı zərbə vura bilər. Çünki böyük perspektlər vəd edən belə nəhəng layihədən kənarda qalacağı təqdirdə, Ermənistan önəmli maliyyə qaynağından məhrum edilmiş duruma düşəcək. Və nəticədə Ermənistan vaxtilə Bakı-Ceyhan əsas boru xətti də daxil olmaqla, iştirakdan kənarda qaldığı geoiqtisadi layihələrlə bağlı itkiləri təkrarlamış olacaq.
Təbii ki, rəsmi İrəvan Azərbaycanın alternativ variantı işə salmasından ciddi şəkildə narahatdır. Ona görə də, baş nazir Nikol Paşinyan vəziyyəti düzəltmək üçün “dünyanın regional qovşağı” adlandırdığı qeyri-real layihə ilə çıxış edib. Onun iddiasına görə, əgər, Ermənistan ərazisindən Şimal-Cənub və Şərq-Qərb marşrutları keçərsə, bu, dünya iqtisadiyyatı üçün ən sərfəli variant ola bilər. Halbuki, indiki situasiyada erməni baş nazirin bu uydurma layihəsinə maraq göstəriləcəyi qətiyyən inandırıcı deyil.
Çünki qərar verənlərin sırasında Ermənistan yer almır. İndiki halda, rəsmi İrəvan öz davranışları ilə Ermənistanı ən perspektivli geoiqtisadi layihədən kənarda qoymaq üzrədir. Əgər, belə davam edərsə, böyük ehtimalla yaxın vaxtlarda Ermənistan “dünyanın regional qovşağı”nı bir kənara buraxıb, Zəngəzur dəhlizinin rəsmi Bakının şərtləri çərçivəsində reallaşdırılması üçün Azərbaycana yalvarmaq məcburiyyətində də qala bilər.(musavat.com)