Fələk qırmancı – Həmid Herisçinin yeni hekayəsi

Kulis.az Həmid Herisçinin “Fələk qırmancı” adlı yeni hekayəsini təqdim edir.

Hər gün adətimdi; səhər-səhər tezdən mən də yaşayış binamızın bütün digər sakinləri kimi ikiqat olub eyvanımdan aşağı sallanıram… Mənzərəm eynidi. Görürəm, bizdən bir mərtəbə aşağıdakı qonşumuz Güləli kişinin dazlığı, keçəlliyi növbəti yuxusuz gecədən sonra bir az da artıb. Öz dairəsini bir santimetr olsa belə, yenə də genişləndirib.
Hə… həyatın dramatizmi, gərgin tempi, sürəti çox amansızdı.
Şükür, çox sürmür bu cansıxıcı teatr mənzərələri. İkinci pərdə quşbazların bircə uzun fit səsinə bənddi. Eyni andaca köhnə binamızın sağ-solundan, tam fərqli ünvanlardan iki ağ göyərçin qalxıb qanadlanır. Xeyli havada uçub axır, uzaq üfüqlərin ən son nöqtəsində qanadlarını cütləyib birləşdirirlər.
Səbrim çatır… hə, çatır bu sevgi uçuşunu, rəqsini tam, sonunadək izləməyə.
Hə… uzaq üfüqlərdə sevgi-məhəbbət, xeyir qanunları qalib gəlsə də, yaxın ətrafımda vəziyyət rusca yox… bizimcədir. Uşaq-muşaq, yeniyetmə “kinder surprise” tayfası həmişəki kimi öz telefonlarından saqqız olub ayrılmaq nədi – bilmir, yaşıdlarım isə…
Yaşıdlarım isə öz həmişəki qədim aclaflıqlarından.
Dəqiqəbaşı metro ağzındakı tərəzi üstünə qalxıb bədən çəkilərini yox… öz əclaflıqlarının dəqiq çəkisini güdürlər. Dərin narahatlıq hissi yaranır hamıda, vallah, tərəzi oxu havada donub kosmik çəkisizlik mənzərəsi yaradanda. Müştəri yazıq sifəti alır bu vaxt. Tərəzi sahibindən zərgər dəqiqliyi istəyir.
Şükür, bu təsadüfü kosmik qanunun ömrü az olur bizim ölçü cihazlarındada. Tərəzinin paslı oxu sağa-sola meyillənib, axır, bir adi rəqəmlə kifayətlənir.
Sonra qəfil adi oturuşmuş məntiqə zidd olaraq, gur izdihamın düz ortasından bir-iki vacib pıçıltı səslənir qulaqlarımda: “Manıslar, ara müğənniləri həm maaşa işləyirlər, həm şabaşa. Bizdə quru maaşdı… tinsaxlayan cayıllar da yoxdu gedib dərdini açıb danışasan”.
Gözümə evimizdən iki-üç bina aralı, dərin zirzəmidə yerləşən “Leon” kafesi girir adətən belə vaxtlar.
Mikrorayonumuzun bu Marian çökəkliyinə killerlərin görüş yeri deməyə, vallah, adamın ağzı, ağlı gəlməsə də… kim bilir, necə deyərlər. İndiki dövrdən hər cür “kinder surprise” gözləmək mümkündü. Dükandakı eyniadlı şokoladların şirin dadı səni aldatmasın. Həyat sürprizləri, unutma, fərqli acı dadlarla hələ çox yadda qalacaq.
Qıasası, ürəyim yamanca darıxdı adi acı həyat görüntülərindən. Özümə güc edib, bir axşam, Milad bayramı ərəfəsində endim bu kafeyə. Divardakı alabəzək elan Şaxta baba, Santa Klaus, Qar qızıyla guya görüş vəd edirdi.
Ssenariyə də, kafeyə də girməyim çox vaxt istəmədi. Qorxaq kölgəm əvvəl bütün kirli divarlarda tirajlandı. Axır kafenin girəcəyində öz tənhalığını tapdı.
Reklam qalxanındakı neon işartılı “Leon” kəlməsini, ay aman… bircə dəfə tərsinə oxumağım bəsimdi. Anında həm milad bayramının məxfi kodu, üstəlik, eyniadlı film də gözlərimdə, daxilimdə deşifrələndi.
Qısa həyatıma sığmayacaq başqa yad ölçülər hiss etdim ətrafımda. Həyatımda. “Leon” kəlməsi döndü “Noel”ə, yəni kotolik dünyanın Şaxta babasına. Killer qız isə öz növbəsində ənənəvi Qarqızını əvəzlədi.
Yad bir səslə, məcbur qalıb daxilimə bircə xəsis kəlmə tüpürdüm:
– Təbiidi.
Kafenin sürüşkən pillələrini söyüb, qapısından içəri girincə, bildim həə, hardayam.
İndi biz bütün narrativlərin tərsini, kirli astarını yaşayırıq.
Dirilik müjdəli Noel baba əks cəbhədəki Leon adlı ölüm mələyinə, kinokillerinə çevrilib. Bax, indi kafedə gördüyün Qarqızı da o cümlədən. Bu qız killerlər, fransız filmlərinin Nikitaları, bizə Nizami dövründən yaxşı tanışdı.
Bizdə – Nizamidə “Fitnə”dir belələrinin adı.
***
Kafelərdə qısa adları sevirlər. Məqamı gəlincə, acımadan, anında bütün uzun adları, sözləri, süjetləri, hətta ömürləri qısaldırlar.
Bu tüstülü alaqaranlıq kafedə də – müraciətlərdən duydum, – həmin Matildanın adı da çox qısaydı: “Fitnə”.
Kinodakı Leon da burdaydı. Sifətinə bir xeyli baxsam da, “Parapet bağı”nda bu gədəyə elə bil nə vaxtsa mersedesimi yuduzdurmuşam” şübhəmə son nöqtə qoya bilmədim.
Milad bayramına bax bu cür, o kinodakı qiyafələrdə gəldik. – “Leon” soluma keçdi, Fitnə sağıma. İmkan vermədilər, fikrimi qurtarım. Məni dartıb kafenin səhnəsinə çıxardılar. Leon sağdan, Fitnə soldan eyni qrammatik cümləni növbəylə qulaqlarımda hecaladı:
– Sifarişlər qəbul edirik. Kimi?
“Qılverənləri” bütün pəncərə jalüzlərini aşağı buraxdılar. Söhbətin davamı tünd Rembrand boyalarında davam etməliydi.
Ancaq bu həvəskar Hollivud ssenarisi qəfil, gözlənilmədən qonşu masadan eşidilən sırf kəndçi ahəngi ilə pozuldu:
– Həmid, biz həmişə səninləyik!!!
Kefenin uzaq küncündəki köhnə kəndçi şair dostlarımdı. Xəngəl qazanını masanın düz ortasına qoyub məni öz süfrələrinə dəvət etsələr də…
Hazırcavablığımı itirmədim:
– Siz həmişə mənimlə yox… Həmişə xəngəlləsiz. Mənsiz davam edin. – deyərək, səhnəni nümayişkaranə tərk etdim.
***
Zəmanəmizin bu müasir “Əli və Nino”suyla qonşu bilyard otağına keçdik. Qərara gəldim, bu ac hərifləri, bu Leon və Matildanı azcana, bir zərrə qorxudum.
Əvvəl əl atdım bilyard masasındakı sahibsiz kiyə.
Buqələmun şüşəli eynəyimi italyan mafiozları kimi gözümə taxdım. Gözlədim şüşələri qaralsın. Şüşələr qaralınca çox qısaca:
– Həqiqi adınız nədi? – dedim.
Cavab özünü çox da gecikdirmədi. Kino Leonu bircə sərrast sözüylə məni tam susdurdu. İldrırım sürətiylə rəhmətlik atamın əziz adını qaytardı özümə:
– Qafar.
Bilyarda day qəti eytiyac qalmadı. Kiy sürüşdü əlimdən. Leon anonimliyini də, ciddiliyini də, tamaşa ssenarisinin davamını da – sağ ol… bacarana can qurban… – tez bərpa etməyi bacardı.
Tam sıfırlanmışdım. Gücüm Məşədi İbadı köməyə çağırmağa çatdı ancaq.
– Atamın adını hardan bilirsən?
***
Uşaqlıqdan səbirliyəm. Evdəkilərdən ancaq məndə atamın aldığı narları sonunadək dənləmək səbiri vardı. Tamaşanı da, bilyard oyununu da sonadək dənləməyə, dinləməyə tam hazırdım.
Fitnə cürətləndi. Masadakı bilyard kiyinin yetimliyinə son qoydu. Atəş, zərbə nöqtəsini bir-iki dəfə dəqiqləşdirib…
Ayağı toplu futbolçu kimi soxuldu cərimə meydançama. Qapıma, hə, sanki 11 metrlikdən cərimə topu təyin etdi. Gördüm, o da mən kimi səbirlidi. Zərbəsini qəsdən, bilə-bilə yubadır.
– Qafar Quranda “bağışlayan” deməkdi. Baban beşikdəki atana bu adı verərkən uca Allahdan hansı günahının bağışlanmasını istəyirdi, həəəə… bilirsənmi heç? Lotu kişiymiş babanız. Qamçısını uzunboğaz çəkməsinə sancarmış. “Fələk qırmancı” deyərlərmiş o amanata. Kimdədir indi o göylərin qırmancı?
Söz dueli oyunun dramatizmini artırdı. Qüvvələr nisbəti hər an bircə sərrast zərbəylə dəyişə bilərdi.
Sakitcə davam etdim:
– Qan Turalı adlı bir yazar da sizin kimi həmin o məlum və məlun qamçıya iddialıydı. Bədbəxt bilmir ki…
Cümləmi bitirəmmədim. Fitnənin zərbəsi çox musiqili, çox dəqiq olsa da…
Topmu dəyişdi öz istiqamətini bu vaxt?
Yoxsamı o fələk qırmancı şimşək kimi parıldayıb səmanı yardı? Ərşə qalxaraq orda özünə layiq kəlləçarx, əcəlməyallaq nöqtəsinimi tapdı?
Və o İlahi yüksəkliklərdən var gücüylə aşağıya, üzərimizə, təpəmizə, oyun masasınamı endi?
Zərbə, həə… nəticəsizdi. Heç nə dəyişmədi. Fitnə ilə Leonun üz ifadələrindən başqa.
Qılınc… yox eyy… kiy yenə də mənə qayıtsa da, sevinməyə tələsmirdim.
Həyatımda çoxlarının, o cümlədən hətta özümün də külünü görmüşəm. Hətta öz külümə də, dodaqlarımı cütləyib, yaxın-uzaq məsafələrdən dəfələrlə acımadan üfürmüşəm. Ancaq əzizlərimin, ata ilə babamın külünü, eybini, qədim gunahını bu kino qəhrəmanlarından, Nizaminin Fitnəsindən eşitmək, həəə… mənim üçün çox ağır idi.
Bir tinsaxlayan cayıl da yoxdu ortada gəlib əlimi sıxsın. İki qullaba “kazbek”ini çəkib qurtarsın. Kötüyünü atsın samavarımızın paslı-hisli borusuna. Bütün bunlara nöqtə qoysun birdəfəlik. Vəssəlam.
Gözlədim… Gəlmədi o ağır cayıl.
Hiss etdim, bu killer yoxxx… tale sifarişidi.
Fələk qırmancıdı.
***
– Yox. “Akademik”in sifarişidi.
Fitnənin dinamikdəki səsi sanki qeybdən gəlirdi, bu dünyadan yox. Elə bil mırta qonşu otaqda gizlənmişdilər. Prodakşn şirkətin tələbi ilə guya reallıqla səhnə arasındakı səddi sökürdülər. Məncə, ssenariləri tam deyildi. Çərçivələri tez silinib dəyişirdi.
Səs dinamiki yenə də xırıldadı.
– Ssenari xətti pozulmazdı. Davam edin.
Keyimişdim bir az. Baxdım ətrafım bom-boşdu.
Hə… səhnədəki qondarma, həvəskar yeni il tamaşası nə qədər real olsa da, arabir tam mistikləşirdi. Leon ilə Fitnə sanki hərdən tam demateriallaşırdılar. Yaxud mırta qaçıb qonşu otaqda mazaqlaşıb, gizlənirdilər. Lənət şeytana, məcbur qalırdım, bütün masaların altına boylanım, vallah. Asılqandakı uzun plaşların arxasında elə bil gizlənmişdi bu yaramazlar.
Hə… elədi… asılqandakı uzun qara plaş birdən canlandı. Göz görər-görə döndü Leona. Eynəyinin büqələmun şuşələri birdən qaraldı.
– Kafe saxladınmı, vəssəlam. Məhəllənin bütün avaraları, o cümlədən bütün ac avara pişiklər yığılacaq qapına. Həftədə bir dəfə, bir növ, keçmişə, kommunizmə qayıdıram. İməclik keçirdirəm. Bakı kafelərindəki bütün avaragor pişikləri basıram torbaya. Aparıb azdırıram. “Torbada pişik var” ifadəsinin müəllif haqları da mənə məxsusdu. Polis xəbərdardı əməllərimizdən. Rəsmi icazəm var bu sanitar tədbirlərinə.
Leon nisyə söhbətlərdən keçdi nağda. Süftə kimi səhnədəki qara pişiyi cəld qamarlayıb basdı qara torbasına.
– Necə deyərələr, “torbada pişik var”. Xidmətlərimiz pulludur. Tam leqaldır. Kafe-restoran sahiblərinin sifarişiylə işləyirik.
Kiy yenidən üzürübəndli Fitnənin ixtiyarındaydı. O, tərəddüd etmədi. Silahını divarı bəzəyən peşə sertifikatlarının düz ürəyinə sancdı. Qəşəng dinamika, Leonla tam sinxron, idman estetikası vardı bu hərəkətlərində.
Leon nitqinə davam etdi:
– Bu, Fövqaladə Hallar Nazirliyinin təşəkkürnamələridi. Bu isə rəsmi lilenziyamız.
Qonşu masada tanış yeznə-qayın üzbəüz oturub damino vururdular. Bütün diqqətləri oyundaydı. Bizi eşitmirdilər. Oyun hiss etdim, yeni ilədək davam etməliydi.
– Sizin torbanız da tikilib. Sifariş “Akademik”dəndi.
Etiraf kafenin səs dinamikini titrətsə də, məni yox, torbadakı pişiyi diksindirdi.
***
İkisi də beynəlxalq “X Men, X Ledy” brendinə qulluq edirdilər. Üst-baş geyimləri də eyniadlı dükandandı. Səyyar reklam agetləri idilər guya. İzlər Neftçilərdəki bir lyuks qapıda itirdi. Teleşirkətlərə həftəlik, günlük reytinq cədvəlləri də bu ünvandan paylanılırdı.
Telefon sorğularıma cavab əvvəlkilərindən azca gec gəldi. Qulağıma pıçıldadılar ki, Leonun rəhmətlik atası sosialist əməyi qəhrəmanı olub. Şəkli şərəf lövhələrinindən əskilməyib. Urenqoy-Ujqorod beynəlxalq neft-qaz kəmərinə son calağı vurmaq şərəfi də vaxtiylə ümumittifaq telekameraların gözü önündə, məhz bu ulduzlu qaynaqçıya etibar edilib. Oğlu rəhmətliyin beynəlxaq statusunu bax bu cür davam etdirib.
Barələrində ancaq bunu öyrənə bildim. Məlumatlar qadın qulaqları üçün deyildi. Sifarişlərini “Akademikdən” alırmışlar. “Fələk qırmancı”nı tapmaq tapşırığı da eyni ünvandan gəlmişdi.
***
– Babam səninki ilə müqayisədə çox bəxtsizdi. Dükandan qəşəng bir pencək seçdi özüyçün, yadımdadı. Pul yığıb pencəyi alanadək havalar istiləşdi.
Bilyardda ətrafdakılarına acı etiraflarlar etməsən, zərbən alınmayacaq. Leonun zərbəsi də etirafı kimi çox, həddən artıq sərrastdı. Kiyin mənə çatacağı vaxt inandırıcı görünmürdü.
Dədə-baba gunahımızı, borcumuzu xatırlamağa vaxtım boldu.
– Xalçaçı olub babam. Nənəm Nafiyə Həştrudi ilə Qacarlar dövründənqalma nikah kağızını saxlayıb gələcək nəsillər üçün. Başqa kim öz babasının nikah kağızını indi gözə soxa bilər, hə?
Zərbəm, hə… hədəfə dəydi. Leonun çiyni titrədi. Zərbəsi boşa çıxdı. Kiyi həvəssiz mənə ötürmək məcburiyyətində qaldı.
Fitnə qara rübəndini gözlərindən kənara çəkib mənə baxdı. Ağlımdan keçdi ki, bu qızı da sancmaq, ssenari çərçivələrindən ayırıb reallığa gətirmək lazımdı.
– Sendviç sifariş verimmi? – hikkəmi gizlətmədim.
– Arıqlayıram. Lazım deyil. – Fitnə, başqa söz tapmadı hikkəli sualıma. Özünü gözlərimdə çox adiləşdirdi. Kadrlardakı miqyası da sanki kiçildi.
Növbə mənimdi. Yeznə-qayın dominonun başını buraxıb, oyunumuza zillənmişdilər. Çiyni çantalı məktəbli günlərimdə nənəmdən eşitdiklərimi sakitcə təkrarladım:
– Babam mübaşirdi. Səttər xan kimi. Çəkməsinə sancdığı fələk qırmancı gücünə müşkülləri həll edərdi. Xırman vaxtı xanların, ağaların tapşırığı ilə cumardı kəndlərə. Qırmancın ucu qalxardı havaya. Toycünü kəndlilərin lüt, tərli kürəklərindən çıxarardı. Təbrizə heç vaxt tək qayıtmazdı o sifarişlərdən sonra. Atın tərkində üzürübəndli bir siğə qadın da gətirərdi özüylə. Siğə əmi bibilərim indi də boldu Təbrizdə.
Bu cümlələrin əvvəlini Leona deyib, sonunu Fitnəyə saxladım:
– Üzürübəndliləri çox olub rəhəmtlik babamın. Özü də…
Bir dəfə Malakan bağında qəfil hiss etdim ki, məni arxadan xeyli vaxtdı güdürlər. İndi də qəfil oxşar hisslər yaşadı kürəklərim. Gözlərimdə qıp-qırmızı “Stop” işarəsi canlandı öz-özünə. Kafe qapısı kənar müdaxilə olmadan özbaşına cırıldadı. Başqa… tam naməlum səslər girdi kafeyə.
Arxaya qanrılıb baxmağa cürətim çatmadı.
– Babanız təkcə siğələrini gətirmirdi uzaq səfərlərindən. Ağzı bağlı torbalarda Təbrizə naməlum yüklər də daşıyırdı. Yükü ağır olardı adətən. 1923-cü ildə yazdığı “Ağ dəvə düzdə qaldı, yükü Təbrizdə qaldı” bayatısıyla da Allahdan əfv istəyib özünə. Təkcə bayatı ilə kifayətlənməyib. Ağlar bacısına baxıb bir gözününü ucuyla. Görüb bayatıyla heç nə həll edilmir bu zalım həyatda. Üz tutub Allaha. Yeni körpəsinə “Qəffar”, yəni “Bağışla” adı verməyi, bəli, bu səbəbdəndi. Arxiv sənədləriylə tutuşdurduq mülahizəmizi. Çarpaz xəttlər çoxdu. Davam etsək, xeyrinizə olmaz. Yaxşı, hardadı babanızın “Fələk qırmancı”? Harda?
Qanrılıb geri baxmağım ilə diksinməyim, yuxarı atılmağım bir oldu:
– Akademik…
***
– Bəli. Akademik Dram Teatrın rekvizit şöbəsi müdiriyəm. “Fələk qırmancı”nın bütün haqları bizdədir. Özü də, mən bakılıyam, haa.
Düz deyirdi. Əsl bakılılar əncir ağacı kimi əyrü-üyrü olurlar. Yerə əyilirlər əncir ağacı kimi. Digər ağaclar kimi göylərə çox meyilli olmurlar. Realistdirlər. Bilirlər talvar olmasa, boş söhbətdi, – üzüm göyə səmtlənib ərşə qalxmayacaq.
“Akademik”də sanki möhürlənmişdi bakılıların bu sir-sifəti. Əncir ağacının digər xasiyyətləri, ədaları. Hətta danışıq tərzi.
– Molla Mopəri vardı Təzə bazar tərflərdə. Noxud falına baxardı. O görmüşdü babanın günahlarını. Deyirdi qırmanc səndədir. Bəs Qan Turalı bu qırmanca hardan yiyələnib? De. Gizlətmə.
Kafe jalüzlərini yuxarı qaldırmağım, sualın ilk lal cavabıydı.
Bir atbaz dostum var. İlxıları, tövlələri… Qızlara at gözü ilə baxmağı bacarır. Elə həyata da. “Akademik”ə oxşar at gözüylə baxıb əvvəlcə gülümsədim.
– Mən də tanıyırdım Molla Mopərini. 110 yaşında təzə diş çıxarmışdı. Alma da dişlədi həmin dişiylə. Falıma noxudla o baxıb. Deyərdi, “fələk qırmancı” həyatda yoxdu. Heç vaxt da olmayıb. Ancaq izləri hamının kürəyində zolaq-zolaqdı. – deyərək, ilk olaraq Fitnənin kürəyini qəfil lütlədim. – Bax… Bax!
Həyacanlı səslər, kafedəki 6 balllıq zəlzələ-filan sakitliyimi pozmadı əsla. Ssenari prodakşının bəxtinə tam dolğunlaşdı. Tam oryental səhnələrlə zənginləşdi. “Ərəblər qız oğurlayır” mövzusu, elə bil ucuz xalçalardan qopdu. Ayrıldı. Canlı səhnəyə çevrildi.
Prodakşn ssenaristləri, rejissorları ssenari üzərində canı çıxıb ölsələr belə…
Oxşar səhnələr yarada bilməzdilər.
Ssenari isə Əlyazmaları İnstitunun sarı vərəqlərindən qoparaq payız yarpağı kimi gəlib özü tapdı bizləri.
***
Leonun növbəsiydi. Müqavimət göstərmədi. İynə ucu qədər belə.
Köynəyini başına çəkib bizə tərəf çevrildi. Kürəyi zolaq-zolaqdı. Qançır-qançır.
– İsa aşiqləri yarasız, stiqmasız olmur. Gördün? – iradını ciddiyə almadım.
– Soyuqlayarsan. Geyin. – dedim.
Yeganə tamaşaçılarımız – o yeznə qayın da könüllü, gözlərimin bircə əmri ilə kürəklərini açdılar “Akademik”ə. Fələk bu zavallıları da zolaqlayıb nişanlamışdı.
Beynimdə bir qığılcım parladı. Gördüm, qavalı çevirmək vaxtıdır.
– İndi isə bədii qiraət dərsimiz başlayır. – deyib, taxçadakı “Üç müşketyor” romanını götürüb bilyard masası üzərinə vızıldatdım.
Vərəqlədim. Vərəqlədim. Yaddaşımdakı ağ ləkələrə əsəbləşdim bir ara. Axır, axtardığım səhifəni şükür, tapdım.
Köhnə teleqraf aparatı kimi taqqıldadım:
“Dartanyan Miledinin nazik hind batistindən tikilmiş penüarından yapışdı ki, ondan əfv diləsin, lakin o, qəti və qüvvətli bir hərəkətlə Dartanyanın əllərindən sıyrılıb çıxdı. Əynindəki batist paltar cırıldı, çiyni açıldı, Dartanyan onun gözəl, yumşaq, ağ çiyinlərinin birində zanbaq çiçəyi damğasını gördü. Bu…
Bu… cəllad əliylə vurulmuş həqarət damğası idi!
Dartanyan ucadan:
– Tanrım, mən nə görürəm! – deyərək, penüarı əlindən buraxdı və yerindəcə donub qaldı.
Miledi ifşa olunduğunu hiss etdi: bu cavan adam indi onun sirrini bilirdi. Lakin bu dəhşətli sirr hələ də heç kəsə məlum deyildi. O çığıraraq dedi:
– Ah, mənfur müşketyor tüfəngçi! Əvvəl sən alçaqcasına mənə xəyanət etdin, indi də sirrimi öyrəndin?! Sən ölməlisən!
O, sədəfli mücrüyə sarı cumdu, əli əsə-əsə mücrünün qapağını açdı, oradan fələk qırmancını götürüb bir sıçrayışla, yarısoyunmuş halda Dartanyanın üstünə atıldı.
…Divara tərəf geri çəkildi – elə bil ki, üstünə ilan gəlirdi.
…Miledi sıyrılmış qılınca əhəmiyyət verməyərək onu qırmanclamağa çalışırdı. Ancaq qılıncın iti ucunu sinəsində hiss edincə, qırmanclı əli havada dondu.
Lap duelə bənzəyirdi. Karıxmış Dartanyan özünə gəldi.
– Tanrı xatirinə bəsdir, sakit olun, yoxsa sizin o gül yanağınızda ikinci zanbaq şəkli çəkərəm.”
Qiraətimi qəfil xırp kəsdim. Mikrafonu, səs dinamikini nümayişkaranə söndürdüm. Sanki bir dəqiqəlik sükut elan etdim hamının xatirəsinə.
Ac gözlərimlə Fitnəni yedim sanki. Axır, gəlib çiyinlərində dayandım.
Yenə kitaba qayıtdım.
“Dartanyan pıçıltı ilə Atosun qulağına dedi:
– Miledinin çiynində zanbaq çiçəyi damğası var!
Atosa bu mahnı təranəsi çoxdan tanışdı:
– Həm də bu damğanı silməyə cəhd hiss olunur, bəli?
– İndi siz Məzarçılar küçəsinə qayıtmalısız, eləmi? Mən sizi ötürərəm”.
Akademik, söhbətimizi Aleksandr Düma cümlələri ilə bitirməyə tam hazırdı. Söhbətimizin ixtiyarını artıq ona etibar etmək vaxtıydı. O sinəsini tam boşaltdı:
– Cənablar, – dedi, – mensinyorun əmr etdiyi kimi, burdakıların hamısını vaxt itirmədən La Puant… yox… Bayıl sahilinə aparın və gəmiyə mindirməmiş geri qayıtmayın.
Qulağımdakı digər son cümlələr tam deyil, qırıq-qırıqdı. Mənalarını anlamadım.
– Parol hələ də dəyişməyib. Yenə də “Kral və Re”dir.
– Vaxsey. Torbadakı pişik yaddan çıxmışdı, az qala…
***
Yay gəlsin qoy. Canım qoy bir isinişsin… bu siqaret tüstüsü qoy seyrəlsin bir bu kafedən. “Ərəblər qız qaçırır” xalçasına söykənib sonrakı hadisələri tam xatırlayaram.

Related posts

Xalq artisti Yaşar Nurinin xatirəsi anılıb

Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötür

Kino sənətinin vurğunu