Ana səhifə XəbərlərSiyasət Panama səfiri: “70 il işğalda olan “Bilik şəhəri”mizin sülh modelini Şuşada tətbiq edə bilərik”

Panama səfiri: “70 il işğalda olan “Bilik şəhəri”mizin sülh modelini Şuşada tətbiq edə bilərik”

-MÜSAHİBƏ+FOTO

admin2

“Bakıda qədimliklə müasirliyin vəhdətindən yaranan enerji mənə xoş gəldi”.

Bunu Panamanın Azərbaycandakı səfiri Mariela del Karmen Sagel Rosas “Report”un Türkiyə bürosuna müsahibəsində deyib. O, Azərbaycanla yanaşı, ölkəsinin Türkiyədəki səfiri vəzifəsini də tutur və iqamətgahı Ankarada yerləşir. Müsahibəni təqdim edirik:

– Xanım Mariela Sagel, siz 2022-ci ilin avqustunda etimadnamənizi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdiniz. Cənab Prezidentlə görüşdən hansı təəssüratla ayrıldınız?

– Azərbaycan Prezidenti ilə görüş məndə çox xoş təəssürat yaratdı. Cənab Prezidentin öz ölkəsi, yerləşdiyi ərazinin coğrafiyası və inkişafına dair bir çox məsələlər haqqında danışdığı fikirlərə heyran qaldım.

– Azərbaycan barədə təəssüratınız necədir?

– Azərbaycanı tanımazdan öncə mən “Əli və Nino”nu oxumuşdum. Bu kitab mənim üçün Azərbaycanla bağlı bir informasiya mənbəyi oldu. Romanı çox bəyəndim. Azərbaycana bir neçə dəfə getmişəm. Bakının keçmiş sovet memarlığı ilə müasir və dinamik dizaynına inteqrasiya edilməsi, qədimliklə müasirliyin vəhdətindən yaranan enerji mənə xoş gəldi. Digər keçmiş sovet ölkələrinə də səyahət etmişəm. Mən ixtisasca memaram. Bu ölkələrin paytaxtları ilə müqayisədə Bakının daha çox inkişaf etdiyini, müasirləşdiyini gördüm. Şəhər çox aktiv və canlıdır. İçərişəhəri, Qız Qalasını da gəzmişəm. Bundan başqa, Naxçıvana da səfər etmişəm. Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbirə qatıldım. Orada həm də duz sanatoriyasında oldum, şəfaverici bir yerdir, çox bəyəndim.

– Noyabrın 3-də Panama Milli Günü qeyd edilir. Bu günün tarixi haqqında nə deyə bilərsiniz?

– Bu günün bizim üçün çox böyük anlamı var. 120 il əvvəl Panama nəhayət, müstəqil və suveren respublikaya çevrilib. 1821-ci ildə İspaniyanın müstəmləkəsindən çıxaraq müstəqillik qazandıq. Venesuela, Kolumbiya, Ekvador və Panama tərəfindən yaradılmış ilk “Grand Columbia” (Böyük Kolumbiya – red.) adlı böyük bir millətin mənəvi dəyərlərini daşımaq, Simon Bolivarın (Böyük Kolumbiyanın qurucusu və ilk dövlət başçısı – red.) xəyalının bir hissəsi olmaq qürurvericidir.

– Panama-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz? Azərbaycanda səfir kimi fəaliyyətinizin əsas prioritetləri nələrdən ibarət olacaq?

– Azərbaycanla bağlı çoxlu planlarım var. 1946-cı ildə qurulmuş Panama Azad İqtisadi Zonasının təcrübəsindən yararlanmaqla işğaldan azad edilmiş ərazilərinizin sürətli bərpası istiqamətində Azərbaycanla əməkdaşlıq imkanlarını planlaşdırırıq. Azərbaycanda yaxşı inkişaf etmiş karyeralar üzrə tələbələr üçün mübadilə məsələsini araşdırmaq niyyətindəyik. Azərbaycanın “yaşıl hidrogen” sənayesindən əldə etdiyi nailiyyətləri öyrənmək və bu sahədə mübadilə aparmaq da planlarımızın bir hissəsidir. Bundan başqa, dünyada tanınan bank sistemimizi də Azərbaycanda tanıtmaq, Panama kanalının bütün dünya üçün əhəmiyyətini, İstanbuldakı mühüm dəniz konsulluğumuzun xidmətini təqdim etmək istəyirik.

Azərbaycan siyasətçilərinə və əsas məsul şəxslərə ABŞ-nin 70 ildən artıq bir müddətdə işğal etdiyi əraziləri keçmiş Kanal Zonasında olan 14 hərbi bazaya necə inteqrasiya etdiyimizi nümayiş etdirmək niyyətindəyik. Bu mənada, ən yaxşı nümunə Syudad del Saberdir (İspan dilində “Bilik şəhəri” – red.). Mən Şuşaya səfər edərkən “Bilik şəhəri” ilə bağlı bütün məlumatları Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə verdim. Əsasən, hərbi bazadan ibarət olan bu məkanda universitetlər, texnologiya parkları, elmi tədqiqat mərkəzləri var. Fikrimcə, Şuşaya da bu modeli gətirmək olar.

– Yeri gəlmişkən, Azərbaycan Prezidenti ilə görüşünüzdə Qoşulmama Hərəkatının (QH) əhəmiyyəti də qeyd olundu. Bu yay QH çərçivəsində xarici ölkə diplomatlarının Azərbaycana səfəri təşkil edildi və siz də iştirak etdiniz. Azərbaycanın QH təşəbbüslərini necə qiymətləndirirsiniz?

– Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən bütün tədbirlərdə böyük həvəslə iştirak etdim. Azərbaycan Qoşulmama Hərəkatında çox fəaldır və bunu çox təqdir edirəm. Bizim üçün bu hərəkat çox vacibdir. Çünki QH Panama kanalına nəzarəti geri qaytarmaq üçün ABŞ ilə danışıqları Panamanın xeyrinə tam dəstəkləyib. Panama bunu heç vaxt unutmayacaq və həmişə minnətdar olacaq. 1977-ci ilin sentyabrında Vaşinqtonda təntənəli şəraitdə Panama kanalının yeni statusu ilə bağlı müqavilə imzalandı. Belə ki, ozamankı ABŞ prezidenti Ceyms Karter və panamalı general Omar Torrijos tərəfindən imzalanan müqavilə ilə ABŞ-nin ölkəmizə nəzarətinə son qoyuldu və kanalın idarəçiliyi Panamaya keçdi.

– Bilirsiniz ki, Azərbaycan 30 illik mübarizədən sonra 2020-ci ildə 44 günlük savaşla Qarabağ və ətraf ərazilərini işğaldan azad etdi. Hazırda həmin ərazilərdə geniş tikinti və bərpa işləri aparılır. Qarabağın digər yerlərinə getdinizmi?

– Mən üç dəfə o ərazilərdə olmuşam. İşğaldan azad edildikdən sonra bərpa olunmuş ərazilərdə yaradılmış nümunəvi şəhərlər də məni heyran etdi. Az öncə qeyd etdiyim kimi, Panamanın ABŞ-nin 70 ildən çox işğal etdiyi 14 hərbi bazanı yenidən inteqrasiya etmək kimi təcrübəsi var. Hesab edirəm ki, izlədiyimiz modeli Şuşada da tətbiq etmək olar. Üstəlik də o proses icra olunduqda mən nazir idim və bunun icra mexanizmindən xəbərdaram.

– Hansı sahə üzrə nazir olmusunuz?

– Daxili işlər naziri. Bu sahədə ilk qadın nazir idim. Amma Panamada gender bərabərliyi diqqətli şəkildə qorunur. Diplomatlarımızın yarısı qadınlardır.

– Görünüşünüz bizdə düzgün qidalanmaya əməl etdiyiniz təəssüratı yaratdı. Necə qidalanırsınız?

– Sağlam qidalanmaya üstünlük verirəm. Vücudumuzun əsasını su təşkil etdiyi üçün minerallarla zəngin təmiz, saf suya çox üstünlük verirəm. Bədən və ruh tərbiyəsi ən çox əhəmiyyət verdiyim amildir.

– Xanım Sagel, Panama həm də dünyanın məşhur turistik yerlərindən biridir. Azərbaycanla Panama arasında turizm və mədəniyyət əlaqələri haqqında nə deyə bilərsiniz? Humanitar sahədə xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafı ilə bağlı hansı planlarınız var?

– Əlbəttə, nələrdənsə başlamalıyıq. Turizm və texnologiya mübadiləsini, transferini, səyahətləri icra edə bilərik. Bu vasitələrlə ölkələrimizin imkanları ilə tanış olarıq. Biz Panamanın turizm sahəsində böyük imkanlarını və xüsusən də Türk Hava Yollarının ölkəmizlə olan böyük əlaqəsini təqdim edə bilərik. Azərbaycan nə vaxt istəsə, biz hazırıq. Əhəmiyyətli məsələlərdən biri viza məsələsidir. Əgər bu problem aradan qaldırılsa, turizm sektoru iki ölkə üçün yaxşı gəlir deməkdir.

Onu da deyim ki, noyabrda Ankarada, dekabrda isə İzmirdə turizmlə bağlı sərgi keçiriləcək. Bizim bu sərgilərdə xidmət və təkliflərimizi nümayiş etdirmək imkanlarımız olacaq. Mədəniyyət sahəsində isə Türkiyədə həyata keçirdiyimiz bir çox layihələrimizi Azərbaycanda da icra etmək istərdim. Məsələn, biz burada Panama filmlərini, mahnılarını, adət-ənənələrini, antik sənətlərini, rəsmlərini, ədəbiyyatını nümayiş etdirmişik və onları Azərbaycan xalqına da göstərmək istəyirik. Hətta məncə, ölkəmizin biomüxtəlifliyi də Azərbaycan üçün maraqlı olar. Biz Konyadakı Nəbatat Bağına kəpənəklər ixrac edirik. Qeyd edim ki, Panama dünyada kəpənəklərin 10 faizinə sahibdir.

– Azərbaycan Panamadan, əsasən, hansı məhsulları alır?

– Bildiyimə görə, hələ idxal yoxdur. Amma Panama Azərbaycanın dəniz məhsulları, qəhvə və meyvələrə ehtiyacını qarşılaya bilər. Qeyd edim ki, biz bu məhsulların ən keyfiyyətlisini istehsal edirik. Panama qəhvəsi dünya bazarında ən yüksək dəyər verilən məhsuldur.

– Ölkəniz yaxın gələcəkdə Azərbaycanda səfirlik aça bilərmi?

– Ölkəmizi və xidmətlərimizi Azərbaycanda tanıtmaq üçün çox çalışsaq, ümid edirəm ki, bəli, açıla bilər.

– İki ölkə arasında birbaşa uçuşların açılması gözlənilirmi?

– Bu, Azərbaycanın milli aviaşirkətindən asılıdır, çünki COPA (Latın Amerikasının hava yolu şirkəti – red.) okeanın o tayına uçmur. Türk Hava Yolları sərnişinlərinin əksəriyyəti Panamaya gələrkən COPA-dan yararlanır. COPA yalnız Latın Amerikasına deyil, Kanada və ABŞ-yə getmək üçün Panama bərzəxində yerləşən Amerika Qovşağından istifadə edir.

– Azərbaycana yaxın gələcəkdə hansısa yüksəksəviyyəli səfərlər gözlənilirmi?

– Azərbaycanda investisiyaların cəlb edilməsinə və mübadilənin təşviqinə cavabdeh olan “ProPanama”nın direktorunun, həmçinin Ticarət Nazirliyinin yüksəksəviyyəli funksionerlərinin iştirakı ilə “Panama günləri” təşkil etməyə çalışırıq.

Ümumiyyətlə, Azərbaycan mənim xoşuma gəldiyi üçün yaxın gələcəkdə ölkənizi və adət-ənənələrinizi daha yaxından tanımaq istərdim. Bu günlərdə səfərim olacaq. Onu da deyim ki, Bakıdan tarixi ornamentləri əks etdirən yeddi xalça almışam. Kürünüzü də çox xoşladım. Ticarət mərkəzlərini gəzdim, hətta özümə Bakıdan xatirə olaraq bir kəlağayı da aldım.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00