Bir neçə gün öncə İranda casusluq ittihamı ilə 2 il həbs cəzası verilmiş Fərid Səfərli ilə bağlı hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb. İranın yuxarı instansiya məhkəməsi şikayəti təmin etməyib. Qərara əsasən, F.Səfərli barəsindəki hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Fərid Səfərlinin anası Dilarə Əsgərova Modern.az-a bildirib ki, oğlu barəsində məhkəmənin qərarı olduğu kimi qalır, nəsə yenilik yoxdur.
D.Əsgərova iki şeyə ümidli olduğunu bildirib:
“İranda əfvlər tez-tez olur. Ola bilsin ki, əfvə düşsün. Buna ümidimiz var. Bir də Azərbaycan Xarici İşlər Nazirliyi İranla Fəridlə bağlı danışıqlar aparır. Buna ümidim böyükdür ki, nəsə razılıq əldə oluna bilər”.
Dilarə Əsgərova oğlu ilə hər gün danışdığını vurğulayıb.
“Təbrizdəki konsulluğumuz hər gün oğlumla məni danışdırır. Saxlanma şəraitinin normal olduğunu deyir. Lakin hər halda olduğu yer həbsxanadır, azadlığı üçün darıxır”, – deyə Dilarə Əsgərova qeyd edib.
Xatırladaq ki, Almaniyadakı Yena Universitetində təhsil alan 27 yaşlı Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə oxuyan iranlı qızın ardınca Tehrana gedib. Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açıldığı bildirilib. İran tərəfi azərbaycanlı tələbəni hazırda həbsdə saxlayır.