Ana səhifə Uncategorized ABŞ-ın 907-ci düzəlişlə bağlı laqeyd hərəkəti Azərbaycana qarşı bədxah addımdır – ŞƏRH

ABŞ-ın 907-ci düzəlişlə bağlı laqeyd hərəkəti Azərbaycana qarşı bədxah addımdır – ŞƏRH

admin2

Üç il bundan əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi Zəfərə imza atdı. Bu il sentyabrın 19-da isə Silahlı Qüvvələrimiz birgünlük lokal antiterror tədbirləri həyata keçirdi və suverenliyimiz tam bərpa edildi. 8 Noyabr – Zəfər Günündə Xankəndi şəhərində keçirilən hərbi paradda dövlətimizin başçısı Ermənistana və ona havadarlıq edən dövlətlərə növbəti mesajını çatdırdı: “Bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin”.

Prezident İlham Əliyevin bu fikirləri hazırkı vaxtda güclü, suveren, müstəqil Azərbaycan dövlətini qəbul edə bilməyən Fransa, ABŞ kimi ədaləti və beynəlxalq hüququ maraqlarının arxasında gizlədən ölkələrə ciddi çağırışdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov söyləyib.

Azərbaycanın müstəqil dövlət olduğunu, xarici siyasətinin prinsiplərinin dəyişməz qaldığını bildirən deputat deyib: “Belə ki, ölkəmiz böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr qurur. Heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni yolverilməz hesab edir. Rəsmi Bakının istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə daxili işinə müdaxilə cəhdlərinə verdiyi sərt reaksiyanı yada salmaq kifayətdir. Heç bir ölkə Azərbaycanla təzyiq dili ilə danışa bilməz. Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilən dinləmələri bir daha dünyanın hüquq problemini yaşadığını nümayiş etdirdi”.

ABŞ Konqresində bu mövzuda dinləmələrin mütəmadi keçirildiyini, hər dəfə Azərbaycana qarşı qərəzli mövqenin nümayiş etdirildiyini deyən M.Həsənov vurğulayıb: “Dinləmələrin mövzusu ilə əlaqədar tarixi Zəfərimizdən sonra Prezident İlham Əliyevin ən yüksək tribunalardan, xüsusilə BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində çıxışında səsləndirdiyi bu mesajı bir daha xatırlatmaq istərdik: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.

Diqqətə çatdırılıb ki, həmin dinləmələrdə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn çıxış edib. O, anti-Azərbaycan bəyanatlar səsləndirərək Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirib. Bu fakt inkaredilməzdir ki, Azərbaycan hər zaman uğurları, müstəqil siyasəti ilə dünyanın diqqətində olub. Uğurlarımızı həzm edə bilməyən dairələr daim ölkəmizə qarşı əks-təbliğat kampaniyası həyata keçirirlər. Bütün bu cəhdlər Azərbaycanın tarixi ədalətə, real faktlara söykənən siyasəti nəticəsində boşa çıxır. Hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən keçmiş ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın 30 illik işğal dövründə nümayiş etdirdiyi mövqe məlumdur. Həmsədr ölkələr işğalçını adı ilə çağırmaq istəmədi, amma münaqişənin sülh danışıqları əsasında ədalətli həllindən bəhs etdilər.

ABŞ Konqresinin 1992-ci ildə ermənilərin və erməni diasporunun səyləri nəticəsində “Azadlığa Dəstək Aktı”na ədalətsiz 907-ci düzəlişi əlavə etdiyini xatırladan Milli Məclisin deputatı bildirib: “Həmin dövrdə Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının reallıq kimi qəbuluna səbəb olmuşdur. Ermənistan işğala məruz qalan, Azərbaycan isə işğalçı dövlət kimi təqdim edilirdi. Ədalətsiz “907-ci düzəliş” də işğalçı dövlətlərə tətbiq olunurdu. Ölkəmizə qarşı belə bir ədalətsiz qərarın qəbulunda məqsəd Azərbaycanı zəiflətmək, iqtisadi cəhətdən asılı vəziyyətə salmaq idi. 10 il bu qərarın tətbiqi şəraitində yaşayan Azərbaycan nəinki zəiflədi, əksinə daha da inkişaf edərək iqtisadi artımı ilə dünyanın diqqətində oldu. Sözügedən dinləmələrdə çıxış edənlər bildirdilər ki, ABŞ Azərbaycana yardım etməyəcək. Təbii ki, Azərbaycanın heç bir ölkənin yardımına ehtiyacı yoxdur. Qeyd edək ki, ABŞ Senatı Azərbaycana yardımı dayandıran qanun qəbul etdi. Qanun Azərbaycan ilə bağlı ədalətsiz 907-ci düzəlişi dayandırmaq istəməməyi nəzərdə tutur ki, bu da ölkəyə qarşı dostcasına olmayan addımdır. “Azadlığa Dəstək Aktı”na edilən ədalətsiz 907-ci düzəlişə əsasən ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilib. 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ Prezidenti tərəfindən hər il dayandırılır. Qərar qüvvəyə minmədən əvvəl Nümayəndələr Palatası tərəfindən təsdiq edilməli və prezident tərəfindən imzalanmalıdır”.

Dünyada baş verən müharibələrə, dövlət çevrilişlərinə, siyasi kataklizmlərə diqqət yetirdikdə hər birində ABŞ-ın iştirakının və rolunun göründüyünü bildirən deputat qeyd edib: “ABŞ bir dəfə də olsun Ermənistanı işğalçılıq siyasətinə görə qınamayıb, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrası istiqamətində addım atmayıb. Azərbaycan hər zaman daxili işimizə qarışmaq, diktə etmək istəyənlərə yerini göstərib və bundan sonra da göstərəcək. Azərbaycanın Xarici İşlər Nazirliyi noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi birtərəfli və qərəzli fikirlərə münasibətini bildirərək qeyd etdi ki, bu fikirlər səmərəsiz, əsassız və qəbuledilməzdir. Dinləmələr və səsləndirilən çıxışlar Azərbaycan ilə ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndirilir. O da bildirilir ki, Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi sarsıdır. ABŞ tərəfinin 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı belə laqeyd hərəkəti Azərbaycana qarşı bədxah addımdır. Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaq”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00