Əlifbamızın “toxunulmaz hərfləri” ilə bağlı maraqlı AÇIQLAMA

Azərbaycan dilində “I” və “Ğ” hərfləri ilə başlayan söz yoxdur. Bu hərflər yalnız sözün ortasında və ya sonunda işlənə bilir. Bəziləri düşünür ki, dilimizdə ilk hərfi “I” və “Ğ” ilə başlayan söz olmadığı halda əlifbada onların böyük variantı nəyə lazımdır. 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun icraçı direktoru Baba Məhərrəmli  açıqlamasında bildirib ki, bu hərflərin istifadəsinə, əsasən, folklor nümunələrində rast gəlinir.

O, həmçinin dilimizdə gedən bir sıra proseslərlə əlaqədar həmin hərflərdən sözün əvvəlində rast gəlinmədiyini söyləyib: “Folklor nümunələrimizdə, yazılı qaynaqlarımızda “I” hərfi ilə başlayan sözlər olub. Məsələn, qədim türkcədə “Işıq” sözü işlənirdi. Dilimizdə gedən morfoloji proseslər nəticəsində cingiltiləşmə baş verib. Məsələn, bəzi türk dillərində olan “Taş” sözü bizdə “Daş” kimi yazılır. Yəni dilimizdə vaxtilə “I” hərfi ilə başlayan sözlər olub. İndi isə dilimizin morfoloji, fonetik inkişafı ilə bağlı həmin hərfdən sözün əvvəlində istifadəsinə rast gəlinmir”.

“Qədim türk dilində “Ğ” səsi isə ümumiyyətlə olmayıb. Boğaz, qırtlaq samitlərini ifadə edən “Ğ” ərəb mənşəli sözlərdən gəlmədir. Məsələn, ərəb mənşəli “Ğafur” dilimizdə “Qafur” kimi yazılır. Bu hər bir dilin fonotaktikasından asılıdır”, – icraçı direktor əlavə edib.

Azərbaycan dilinin qaydalarının düzgün öyrənilməsinə xidmət edən “Grammar Azi” səhifəsinin yaradıcısı və idarəçisi Murad Hüseynov isə İqtisadiyyat.az-a açıqlamasında qrafika baxımından bu hərflərin işlənilməsinin vacibliyini vurğulayıb.

O, hər bir hərfin böyük və kiçik variantının olmasının vacibliyini vurğulayıb.

“Qrafika baxımından ehtiyac olduqda “I” və “Ğ”nin böyük hərflə yazılması vacibdir. Məsələn, “AĞAC” adlı qəzetin adını böyük hərflərlə yazdıqda bundan istifadə etmək lazım olur. Burada “Ğ”nı kiçik yaza bilmərik. Yəni hər hansı bir hərfin böyük variantının olması o demək deyil ki, həmin dildə o hərflə başlayan xüsusi isim olmalıdır. Hər bir hərfin böyük və kiçik variantı olmalıdır. Bundan əlavə dilimizə keçən xarici toponimləri, insan adlarını ifadə etmək üçün də bu hərflərdən istifadə edilə bilər. Məsələn, dilimizdə “Iğdır” sözü böyük “I” ilə yazılır”.

Related posts

Yaşıl mandarinin bilmədiyiniz faydaları

Mən kimin nəslindənəm? – Şəcərənizi belə öyrənin

Tikinti işləri aparanların NƏZƏRİNƏ – 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR