Şirvanşahlar Sarayı Kompleksində “Mənim Köhnə şəhərim” sərgisi keçirilir

Tarixi hadisələri sadəcə təkcə xronika yazıları və ya şifahi rəvayətlərlə deyil, həm də üstündən yüzilliklər keçməsinə baxmayaraq, onların “nəfəsini” hiss etməklə öyrənmək olarmı? “Mənim Köhnə şəhərim” (“İçərişəhərim”) adlı Şirvanşahlar Sarayı Kompleksində keçirilən sərgi bu suala birmənalı cavab verir. Məkana daxil olmaq kifayətdir ki, qədim daş divarların qoxusunda hiss edilən magiyanın şahidi ola biləsən… Burada başlıca amil heç də muzey vahidləri deyil. Sərgidə eksponat qismində tarixi dəyəri olan əşyalar, fotoşəkillər və sənədlər nümayiş etdirilir. Onları bilavasitə Köhnə şəhərin sakinləri təqdim ediblər. Elə bu səbəbdən də sərgi sözün əsl mənasında unikaldır.

“Mənim Köhnə şəhərim” sərgisi, hər şeydən əvvəl, öz əcdadlarının həyat tarixçəsi bu məkanla əvvəlcədən bağlı olan yerli ailələrə xitab edir. Beləliklə, cəmiyyətə çox dərin məna kontekstində ciddi mesajlar verilir: həqiqi “qala” sakinləri hələ də köhnə şəhərdə yaşayırlar və onlar İçərişəhərin özü kimi qədim tarixə malik olan və nənə-babalarının miras qoyduqları əşyalardan istifadə edirlər. Əcdadlarının yadigarı olan hər bir eksponat konkret ailələr üçün əziz və qiymətlidir. Onların arasında təxminən üç yüz illik tarixi və öz kökləri ilə Qalaya bağlı olan insanlar da var.

“Mənim Köhnə şəhərim” sərgisində təqdim edilən yüzdən çox eksponatın ən qədimləri XVIII əsrə aiddir, ən müasirləri isə XX əsrin yadigarıdır. Bu əşyalar arasında musiqi alətləri, dini eksponatlar, sənəd və fotoşəkillər, nəfis aksessuarlar da var. Sonuncular diqqəti onunla cəlb edir ki, onlar çox vaxt gəlinlərin cehizlərinə daxil edilib. Ailələr indi də bu əşyaları səliqə ilə saxlayırlar. Ekspozisiyada, həmçinin XIX əsrin sonu və XX əsrin əvvəllərinə aid müqəddəs kitabları da görmək olar. Sərginin ən maraqlı eksponatlarından biri Bakının müdafiəsində öz qoşunu ilə iştirak etmiş türk sərkərdəsi Nuri Paşanın igidliyi ilə fərqlənən İçərişəhər sakininə hədiyyə etdiyi xəncərdir. Bu nadir eksponatı həmin şəxsin nəvəsi təqdim edib və onun ailəsi xəncəri bugünədək sevə-sevə qoruyub saxlayır. Sərgidəki hər bir əşya böyük tarixi hadisələrin şahididir, həmçinin qədim Bakının etnoqrafik dəyərlərini, bədii yaradıcılıq aləmini, ailə-məişət ənənələrini əks etdirir.

Sərgidə nümayiş etdirilən bütün eksponatlar onların həqiqi olmasını müəyyən edən mütəxəssislər tərəfindən yoxlanılıb. Onların hər biri işarələnib və etiketlər vurulub.

Arzu edənlər noyabrın 30-dək sərginin eksponatları ilə tanış ola bilərlər. Qeyd etmək lazımdır ki, hər birinin arxasında nəsillərdən nəsillərə ötürülən real tarixin olduğu bu nadir əşyaları bir daha görmək çətin ola bilər. Onlar varisləri hələ də İçərişəhərdə yaşamağa davam edən insanların mənəvi aləminin bir hissəsini ehtiva edir. Beləliklə, sərgi tamamilə başqa bir dəyərə malikdir. Bunun da əsas səbəbi İçərişəhərin canlı tarixidir. Məlumdur ki, təbii miqrasiya prosesi bütün dünyada gedir və bu məsələdə Bakı da istisna deyil. Amma bu qlobal tendensiya fonunda elə ayrıca ailələr var ki, İçərişəhər onlar üçün yüz illərdir ki, yaşayış yeri olaraq qalır. Ola bilər ki, turizm zonasının birinci və ikinci küçələrində onlar o qədər də gözə dəymir. Lakin bir az dərinə getdikcə, tamamilə ayrı bir həyatın, vitrin ruhundan uzaq olan mənzərənin, başqa səslərin, danışıq tərzinin, ənənələrin şahidi olursan. “Mənim Köhnə şəhərim” sərgisinin təməl prinsipi də “qala” sakinlərinin həyat tərzidir. Yeri gəlmişkən, sərgiyə giriş sərbəstdir.

İçərişəhər onunla unikaldır ki, bugünədək öz simasını qoruyur, dinamik tərzə malikdir və çoxsaylı turistlər üçün cəlbedicidir. “Mənim Köhnə şəhərim” sərgisinin ideya təməli də məhz bu cür hərtərəfli amillərdir. Təşkilatçılar sərgi çərçivəsində əyani şəkildə vurğulamaq istəyiblər ki, İçərişəhər həm idarə, həm qoruq, həm də ayrıca ərazi vahidi kimi öz qiymətini təkcə daşlarda deyil, eyni zamanda, burada yaşayan insanlarda qoruyub saxlayır.

Related posts

Xalq artisti Yaşar Nurinin xatirəsi anılıb

Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötür

Kino sənətinin vurğunu