Ukrayna paytaxtı Kiyevə Rusiya ordusu tərəfindən noyabrın 25-nə keçən gecə şəhərin mərkəzi Salomensk və Dneprovsk rayonlarını hədəf alan kütləvi dron hücumları olub. Hücumların əksəriyyəti Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən alınsa da, tələfat ciddidir. Belə ki, hədəfdən yayınan dronlar bəzi obyektləri vura bilib. Kütləvi hava döyüşünü yaşayan Kiyevdə hazırda 74 çoxmənzilli yaşayış evi və 120 müəssisə hazırda işıqsız və susuzdur.
Kiyev hərbi administrasiyasının sözçüsü Mixail Şamanov “Report”un Şərqi Avropa bürosuna paytaxtdakı hava döyüşünün son nəticələrini açıqlayıb:
“Bu səhər ay ərzində düşmənin pilotsuz uçuş aparatlarının (PUA) Kiyevə dördüncü hücumu həyata keçirilib. Kiyev şəhəri hərbi administrasiyasının rəhbəri general-polkovnik Sergey Popkonun sözlərinə görə, bu dron hücumu Rusiyanın 2022-ci ilin fevralında müharibə başlamasından bəri ən genişmiqyaslı PUA hücumu olub. İlkin məlumata görə, düşmən yenidən “Shahed” tipli PUA-lardan istifadə edib. Kiyevə PUA-ların kütləvi hücumu olub. Onların hərəkət istiqamətləri müxtəlif olub. Kiyev şəhəri və vilayətində 66 “Shahed” PUA-sı məhv edilib. Dronların vurulması nəticəsində onların bəzilərinin qalıqları Kiyevin müxtəlif hissələrinə düşüb. Məsələn, Salomensk rayonunda beşmərtəbəli binanın ikinci mərtəbəsində ciddi dağıntılar baş verib. Bundan başqa, uşaq bağçasının ərazisində yanğın baş verib. PUA hücumu nəticəsində 5 nəfər yaralanıb. Onlara tibbi yardım göstərilib.
“Ukrenergo”nun məlumatına əsasən, düşmənin gecə hücumları nəticəsində mərkəzi regionda elektrik enerjisinin ötürülməsini həyata keçirən magistral xəttə zərər dəyib. Magistral xəttin təmiri ilə bağlı artıq işlərə başlanılıb, – əlavə edib.