Kremlə qarşı soyuq münasibət və addımlar Ermənistan iqtisadiyyatını məhvə sürükləyə bilər. Moskva hələlik susur və cəza tədbirlərinə əl atmır. Amma istənilən an rıçaqlarından istifadə edərək, Paşinyan hökumətini ciddi şəkildə cəzalandıra bilər.
Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Ermənistan hökuməti son dövrlər Rusiya ilə ipləri tam qoparmaq niyyətini açıq-aşkar dilə gətirir. Müxalif düşərgə iddia edir ki, Rusiya ilə münasibətlərdən qopmaq Ermənistan iqtisadiyyatının çöküşü deməkdir. Çünki Ermənistan iqtisadiyyatının şah damarları və əsas qolları Rusiyanın əlindədir. Rusiya isə bu rıçaqlardan istədiyi vaxt Ermənistan əleyhinə istifadə edə bilər. Bəs reallıq necədir? Faktlara diqqət yetirək.
Elektrik enerjisi Rusiyanın nəzarətində
Ermənistanın əsas enerji istehsalçısı olan Razdan İES-lə yanaşı, Sevan-Razdan kaskadının 8 SES-i də rus şirkətinin balansındadır. Bundan əlavə, Ermənistanın elektrik şəbəkəsində Rusiyanın “İnter RAO” şirkəti söz sahibidir. Ölkənin enerji sistemində xüsusi yerə sahib Vorotan kaskadının da Rusiyanın əlinə keçəcəyi ehtimal edilir. Bu səbəbdən, 2015-ci ildən sözügedən şirkəti amerikalılara satmaq üçün hərəkətə keçilib. Bununla da erməni hökuməti enerji strategiyasında rəqabət yaratmaq, dəyişiklik etmək istəyib. Amma Kreml rıçaqlarını işə salaraq tariflərdə cüzi dəyişiklik edərək, Ermənistanda ciddi böhrana səbəb olub. İrəvan küçələri etirazçılarla aşıb-daşıb.
Dəmir yollarının sahibi Rusiyadır
Bu yaxınlarda Nikol Paşinyan Üçtərəfli Bəyanatın 9-cu bəndinin ləğvi ilə bağlı açıqlama vermişdi. Sözügedən bəndə əsasən, Azərbaycanın qalan əraziləri ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyalarına Ermənistan ərazisində Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməlidir. Söhbət təbii ki, dəmir yolları şəbəkəsindən gedir və Paşinyan bu yola nəzarət üçün xüsusi qrupun yaradıldığını bildirib. Amma erməni baş nazirin unutduğu məqam ondan ibarətdir ki, Ermənistanın dəmir yolu şəbəkəsi olan “Cənubi-Qafqaz dəmir yolu” 2008-ci ildən Rusiyanın “RDY” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. Müqavilə 30 il müddətinə imzalanıb.
Qaz sənayesi
İrəvanın enerji bazarının 60%-i təbii qazdan asılıdır və bu işi “Ermənistan Qazprom” şirkəti həyata keçirir. Şirkət 1997-ci ildə qurulub və səhmlərinin 45 faizi Rusiyaya, 45 faizi Ermənistana, 10 faizi isə “İtera” şirkətinə (“Rosneft”in törəmə şirkəti) məxsus idi. 2013-cü ildən isə Ermənistan qaz sənayesi tam olaraq Rusiyanın əlində cəmləşib. Göründüyü kimi, ciddi iqtisadi rıçaqdır və Kreml tariflərə cüzi dəyişiklik edərək Ermənistanı iflic vəziyyətinə sala bilər. Ermənistan isə vurnuxaraq alternativlər axtarır və İrana boylanır. İran qazı isə müqayisədə bahadır və şübhəsiz ki, iqtisadiyyat nazirinin müavini Akop Vardanyanın Azərbaycandan qaz idxal etməyə hazır olduqları barədə açıqlaması bu alternativ axtarışının bir qoludur.
Ermənistanın yeraltı sərvətlərinin də sahibi var
Texut mədəni ermənilərin postsovet məkanında ən böyük mis-molibden mədəni sayılır. Bu mədəndə 11 növ metal, xüsusən də qızıl yataqları var. Dəyəri isə 30 milyard dollar olaraq qiymətləndirilib. Hökumət mədənin işlənmə hüququnu 30 illik müddətə Kremlin “Valeks Qrup” şirkətinə verib. İrəvanın bu müqavilədən gəliri 600 milyon dollardır. Bu isə ümumi dəyərin beş faizi deməkdir.
Yanacaq kvotaları
Rusiya Ermənistanı maye yanacaqla təmin edən əsas ölkədir və bu işdə kvotalar tətbiq edib. Kvotalar bitəndə Ermənistan hökuməti yalvar-yaxarla onu artırır. Son dövrlər Ermənistanda benzinin qiymətində artımlar müşahidə edilir. Ötən il ilə müqayisədə real artım 50 faizdir. Yanacaq qiymətinin artımı iqtisadiyyata ciddi təsir edir və ümumi inflyasiyanı sürətləndirir.
Sərmayələrin əsas payçısı
Ermənistana qoyulan sərmayələrin 40%-i Rusiyaya məxsusdur. Qərb şirkətləri son illər müxtəlif sahələrə qoyulan sərmayələri rentabelli saymadıqları üçün azaldırlar. Kreml isə boşalan sahələri dərhal doldurmaq üçün fəaliyyətə keçir. Məsələn, mədənçıxarma sektorunda alman və Niderland mənşəli kapitalda azalma qeydə alınıb və bu yeri rus kapitalı doldurub. 2022-ci ilin yanvar-sentyabr aylarında da Ermənistanda kapital sahəsində liderlik Rusiyaya məxsus olub və 59,8 milyard dram təşkil edib. Sərmayənin əsas hissəsi dağ-mədən sənayesinə, digər hissəsi isə elektrik və qaz sənayesinə yönləndirilib.
Xarici ticarətin sahibləri
Ermənistanın xarici ticarətinin əsas tərəfdaşları MDB ölkələridir və şübhəsiz ki, bu siyahıda da lider Rusiyadır. Cari ilin yanvar-iyun aylarında bu iki ölkə arasında ticarət dövriyyəsi üç milyard dollardan çox olub. İxrac məsələsində də əsas tərəfdaş Rusiyadır. Sözügedən dövr ərzində Ermənistan Rusiyaya bir milyard 677 milyon dollarlıq mal satıb. Rəqəmlər ötən ilin analoji dövrü ilə müqayisədə üç dəfə çoxdur. Avropa İttifaqına isə cari ilin yanvar-iyun aylarında ixrac rəqəmləri ötən il ilə müqayisədə 11,7% azalma göstərir. Ümumi ixrac cəmi 376 milyon dollardır.
Rıçaqların işə salınması
Sadalanan faktlardan məlum olduğu kimi, Ermənistan iqtisadiyyatının əsl sahibi Rusiyadır. Kreml istədiyi zaman rıçaqlarını işə salaraq, Ermənistanın iqtisadiyyatını iflic vəziyyətinə sala bilər. Məsələn, 2013-cü ildə İrəvan Avropa ilə gömrük və iqtisadi sahədə müqavilələr imzalamaq üçün danışıqlar aparırdı. Yay aylarında Kreml təbii qazın qiymətini 180 dollardan 270 dollara artırmaqla erməni hökumətinə mesajını ötürdü.
Kremlə qarşı soyuq münasibət və addımlar Ermənistan iqtisadiyyatını məhvə sürükləyə bilər. Moskva hələlik susur və cəza tədbirlərinə əl atmır. Amma istənilən an rıçaqlarından istifadə edərək, Paşinyan hökumətini ciddi şəkildə cəzalandıra bilər…