Azərbaycan Respublikasından Təbrizə övladlarını müalicə üçün aparan və ölkəyə geri qayıda bilməyən, Şahgölü parkında çadırda qalan ailə ilə Baş konsulluğumuz təmasdadır.
Bunu APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
Qeyd edək ki, bir sıra “Telegram” kanallarında Azərbaycan Respublikasından Təbrizə övladlarını müalicə üçün aparan ailənin ölkəyə geri qayıda bilməməsi və Şahgölü parkında çadırda qalması ilə bağlı xəbərlər yayılıb. Xəbərin yayılmasından sonra təbrizlilər ailəyə yardım etmək üçün Şahgölü parkına gediblər. Ailənin yanına gedən təbrizlilərin sözlərinə görə, hadisə şişirdilib, tələsik yayılan məlumat sonradan dəqiqləşdirilməyib. Təbrizli sosial media istifadəçilərinin noyabrın 27-si səhər saatlarında Şahgölü parkına getməsi nəticəsində məlum olub ki, Azərbaycanın Təbrizdəki baş konsulluğu ailəni iki gün əvvəl Şahgölü parkından konsulluğa aparıb.