Seçkilərdə kimlərin namizəd olacağı hələlik məlum deyil. Qarşıdakı günlərdə partiyalar seçkilərdə iştirak edib-etməmək barədə qərar verəcək.
B dəfə Azərbaycanda indiyədək keçirilən prezident seçkilərinə fotolarda səyahət edəcəyik.
İlk seçki…
Ölkəmizdə indiyədək 8 prezident seçkisi keçirilib. Azərbaycanda ilk prezident seçkisi SSRİ-nin dağılması ərəfəsində baş tutub. 1991-ci ilin 8 sentyabr tarixində keçirilən seçkilərdə əvvəlcə iki namizəd iştirak etsə də, sonradan 1988-1989 illərdə Azərbaycan Xalq Cəbhəsinin fəallarından olan, sonradan Azərbaycan Sosial-Demokrat Partiyasını quran Zərdüşt Əlizadə namizədliyi geri götürmüşdü. Seçkilərdə sovet nomenklaturasının yetirməsi olan Aya Mütəllibov 98,50 % səslə Azərbaycanın ilk prezident seçildi.
1992-ci il seçkiləri
Azərbaycanda ikinci prezident seçkiləri birincidən heç bir il keçməmiş,1992-ci il iyunun 7-də baş tutub. 5 namizədin iştirak etdiyi seçkilərdə Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy 60.90% səslə lider olub. Onun rəqibi N.Süleymanov isə 33% səs toplamışdı (Digər namizədlər Y.Məmmədov, İ.İsmayılov, R.Turabxanlı idi). Rəsmi nəticələrə görə, seçici aktivliyi 76.3% idi.
1993-cü il
1993-cü ilin iyun ayında Ə.Elçibəy Bakını tərk edərək Kələkiyə getdi və avqustda keçirilən referendumda xalq tərəfindən ona etimadsızlıq göstərildi. Bundan sonra, oktyabrın 3-nə prezident seçkiləri təyin olundu. Seçkilərdə həmin vaxt parlamentin sədri olan Heydər Əliyev, siyasi dairələrdə çox az tanınan Karrar Əbilov və biznesmen Zakir Tağıyev namizədliyini irəli sürmüşdü. Rekord həddə – 97,6% seçici fəallığının olduğu bu seçkilərdə H.Əliyev 98.8% səs toplayaraq prezident seçilmişdi.
Növbədənkənar olmayan ilk seçki – 1998-ci il
Azərbaycanda dördüncü prezident seçkiləri 11 oktyabr 1998-ci ildə keçirilib. Seçkilərdə 3,358,465 seçici iştirak edib. Heydər Əliyev həmin seçkilərin favorit namizədi idi. Əsas müxalif qüvvələrin əksəriyyəti seçkiləri boykot etsə də, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Etibar Məmmədov seçkilərdə iştirak edirdi.
Heydər Əliyev 77.8%, Etibar Məmmədov 11.8%, Nizami Süleymanov 8.2% səs toplamışdı. Digər üç namizədin – Firudun Həsənov, Əşrəf Mehdiyev və Xanhüseyn Kazımlının səsi 1%-i keçməmişdi.
2003-cü il seçkiləri
Azərbaycan ərazisində baş tutan növbəti (beşinci) Prezident seçkiləri oktyabrın ayının üçüncü çərşənbə gününə, yəni oktyabrın 15-nə təyin edildi.
Prezident seçkilərində 11 nəfərin namizədliyi qeydə alındı — Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev, Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) namizədi Abutalıb Səmədov, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) namizədi Etibar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) namizədi Əli Kərimli, Müasir Müsavat Partiyasının (MMP) namizədi Hafiz Hacıyev, Ədalət Partiyasının namizədi İlyas İsmayılov, Milli Vəhdət Partiyasının (MVP) namizədi Yunus Oğuz, Müsavat Partiyasının namizədi İsa Qəmbər, Azərbaycan Liberal Partiyasının (ALP) namizədi Lalə Hacıyeva, bitərəf namizəd Qüdrət Həsənquliyev, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) namizədi Sabir Rüstəmxanlı.
Prezident seçkilərindən əvvəl AXCP namizədi Əli Kərimli AMİP namizədi Etibar Məmmədovun xeyrinə, ANAP namizədi Abutalıb Səmədov və MVP namizədi Yunis Oğuz isə YAP namizədi İlham Əliyevin xeyrinə namizədliyini geri götürdü.
Seçkilərdə İlham Əliyev ümumi seçicilərin 2 milyon 438 min 787 nəfərin səsini qazanaraq, yəni 76.84% faizdən çox səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.
2008-ci il seçkiləri
Azərbaycan Respublikası Prezidenti postuna keçirilən 6-cı rəsmi seçki 15 oktyabr 2008-ci ildə keçirilib. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 75,64%-i (3,700,634 vətəndaş) iştirak edib. Seçkilərdə prezident İlham Əliyev 87.34% səs toplayıb.
Seçkilərdə digər namizədlər Ümid Partiyasının sədri İqbal Ağazadə (2,82%), Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa (2,43%), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev (2,24%), Qulamhüseyn Əlibəyli (2,19%), Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev (0,77%), Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev olub.
2013-cü il seçkiləri
Seçkilər 2013-cü ilin oktyabr ayının 9-da keçirilib. 10 namizəd seçkidə iştirak edib. Bunlar Prezident İlham Əliyev, Cəmil Həsənli, Hafiz Hacıyev, Qüdrət Həsənquliyev, Araz Əlizadə, Fərəc Quliyev, Zahid Oruc, İlyas İsmayıl, İqbal Ağazadə, Sərdar Cəlaloğlu olub. Prezident İlham Əliyev 84.54% səslə qalib olub.
Sonuncu seçkilər
Azərbaycan Konstitusiyasına əsasən 2018-ci ildə Azərbaycan ərazisində Prezident seçkiləri oktyabrın ayının ikinci çərşənbə gününə, yəni oktyabrın 10-na təyin edilməli idi. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli sərəncamına əsasən, 2018-ci il aprelin 11-də növbədənkənar Prezident seçkilərinin elan edilməsi qərara alındı.
2018-ci ildə növbədənkənar Prezident seçkilərinin elan edilməsindən sonra bir sıra müxalif siyasi partiyalar seçkilərdə mübarizə aparmayacağını bəyan etdi. 2018-ci il fevralın 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) baş tutan iclasında namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən İlham Əliyev ilk namizəd olaraq qeydə alındı. Digər namizədlər Zahid Oruc, Qüdrət Həsənquliyev, Araz Əlizadə, Sərdar Cəlaloğlu, Fərəc Quliyev, Hafiz Hacıyev, Razi Nurullayev olub.
2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.