“Cənab Prezident İlham Əliyevə ömrümün sonuna qədər minnətdaram”.
Bu sözləri açıqlamasında erməni əsirliyindən xilas edilən Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anası Şəhla Axundova deyib.
O, övladının erməni əsarətindən azad olunmasına görə Prezidentə minnətdarlığını bildirib.
“Həmişə deyirdim ki, mənim Prezidentim mənim uşağımı əsirlikdə qoymayacaq. Hətta dünən oğlum Ermənistan tərəfindən ömürlük həbs ediləndə belə dedim ki, Cənab Prezident Hüseynimi orda qoymayacaq. Çox sağ olsun ki, balamızı bizə bağışladı. Bu barədə bizə heç bir xəbər verilməmişdi. Qəfil xəbər oldu. İlk xəbəri qızım verdi mənə”.
Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar, onlar həbs edilib. Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə ömürlük həbs cəzası verilmişdi.
Bu gün isə Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Azərbaycan erməniəsilli 32 şəxsi, Ermənistan isə 2 Azərbaycan hərbçisini azad edəcək.