Anqolada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş xeyriyyə tədbiri təşkil edilib

Dekabrın 26-da Anqolanın paytaxtı Luanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarına həsr olunmuş xeyriyyə günü keçirilib. Nigeriyada təsis edilmiş Azərbaycanın Dostları Təşkilatının və Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Alman- Azərbaycan Dostluq Cəmiyyətinin maliyyə dəstəyi və təşkilatçılığı ilə baş tutan xeyriyyə günündə Anqolanın Camunga simfonik Orkestri məktəbinin ifaçıları, şagirdləri və müəllim heyəti iştirak edib.

Bu barədə  Azərbaycanın Dostları Təşkilatının təsisçisi və prezidenti Billurə Bayramova Bernard bildirib.

Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Lalə Məmmədli internet vasitəsilə canlı olaraq tədbirə qoşulub və dünya azərbaycanlılarını, xüsusən də Anqolada yaşayan həmvətənlərimizi Həmrəylik Günü və qarşıda gələn Yeni il münasibətlə səmimi qəlbdən təbrik edib, soydaşlarımıza həmrəy olmağı, həmrəy olaraq ölkəmizin inkişafında, müstəqilliyinin qorunmasında öz səylərini artırmağı arzulayıb. Dünyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin birlikdə belə tədbirlər keçirməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın Dostları Təşkilatının təsisçi və prezidenti, hazırda Anqolada yaşayan Billurə Bayramova Bernardın sözlərinə görə, tədbir xeyriyyə xarakteri daşıyıb, məqsəd fərqli ölkələrdə yaşayan diaspor təşkilatlarımızın birlikdə fəaliyyət göstərməsinə təkan verməkdir. O həmçinin qeyd edib ki, Camunga orkestri sentyabrdan başlayaraq Azərbaycan mahnılarını öyrənir və bizim musiqi əsərlərinin Anqolada tanıdılmasına çalışırlar.

“Tədbir 31 Dekabr -Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edildiyi üçün iki təşkilat çalışdıq ki, dünyada fəaliyyət göstərən diaspora təşkilatlarımızı gözəl ideyalar ətrafında, ölkəmizin mədəniyyətinin tanınması naminə, insanlıq , sülh naminə bir araya gətirək”, – deyə Billurə xanım bildirib.

Tədbirdə Camunga orkestri Azərbaycan musiqi əsərlərini ifa edib. Mərkəzə Azərbaycan mədəniyyətini təbliğ edən kitablar hədiyyə olunub.

Related posts

Pənahəli xanın ocağından görüntülər

Azərbaycanda Milli Musiqi Günüdür

Polad Bülbüloğluna Ermitaj Mükafatı VERİLDİ