Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli deyib.
Deputat qeyd edib ki, Fransanın Cənubi Qafqaz və Mərkəzi Asiyadakı casus şəbəkəsinin iflasa uğraması da, Emmanuel Makron və komandasının uğursuzluqlarının və silsilə məğlubiyyətlərinin davamı kimi qiymətləndirilməlidir:
“Fransa Afrikada itirdiyi mövqelərini Cənubi Qafqaz və Mərkəzi Asiyadakı geosiyasi proseslərə uğursuz müdaxilələrlə kompensasiya etməyə çalışsa da, Azərbaycan liderinin prinsipial və qətiyyətli mövqeyi, regional və beynəlxalq nüfuzu, məharətli diplomatik manevrləri Parisin səylərinin nəticəsiz qalmasına zəmin yaradır. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa, reallıqlarla və ədalət prinsipləriylə uzlaşmayan bu statusundan Azərbaycana və müttəfiqlərinə qarşı istifadə etməyə çalışsa da, hər dəfə uğursuzluğa düçar olur və hər dəfə yeni reallıqlarla qarşı-qarşıya qalır. Fransanın Bakıdakı diplomatik təsisatının iki rezidentinin “persona non qrata” elan olunmalarının konkret səbəbi açıqlanmasa da, onların diplomatik toxunulmazlıq qalxanı altında gizlənən agentura təmsilçisi olduğu, bununla bağlı yayılan məlumatlar, aşkarlanan faktlar kontekstində şübhə doğurmur. Fransa xarici kəşfiyyata rəhbərlik edən şəxslərin, xüsusilə də Cənubi Qafqaz, Mərkəzi Asiya və Afrika istiqamətində fəaliyyət göstərən kəşfiyyatçıların öz vəzifələri ilə vidalaşmaları, Azərbaycanın xüsusi xidmət orqanlarının aşkarladığı faktların kifayət qədər ciddi olduğunu, hətta Fransanın xüsusi xidmət orqanlarında çat yaratdığını deməyə əsas verir”.
Azər Kərimli düşünür ki, yaranmış vəziyyət, Fransanın diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə yanaşı, bu ölkəyə məxsus və xaricdə fəaliyyət göstərən dövlət və qeyri-dövlət qurumların, özəl şirkətlərinin missiyalarını da şübhə altına alır:
“Fransa isə baş verənlərin fonunda, hətta öz müttəfiqlərinin də dəstəyini itirməkdədir. Mövcud vəziyyət, həmçinin Fransanın Azərbaycana qarşı apardığı total təxribat kampaniyalarının iflasa uğraması, rəsmi Parisi öz siyasətinə yenidən baxmağa vadar etməlidir. Amma uğursuzluqlara, rüsvayçı məğlubiyyətlərə alışmış, etimadını itirmiş Makron hökumətinin baş verənlərdən nəticə çıxaracağı inandırıcı deyil. Baş verənlər isə, təkcə Makronun deyil, Fransanın nüfuzuna ciddi təsir göstərir və bu ölkəyə, onsuz da az olan etimadın tamamilə sıradan çıxmasına zəmin yaradır. Fransa prezidentinin uğursuzluqlarla, məğlubiyyətlərlə nəticələnən ardıcıl səhvlərindən nəticə çıxarmaması isə sübuta yetirir ki, o, ölkəsinin və xalqının maraqlarını şəxsi intriqalarına qurban verməyə hazırdır”.