Səməndər Rzayevin doğum günüdür – FOTO/VİDEO

Azərbaycan teatr və kino aktyoru, qiraət ustası Səməndər Rzayevin doğum günüdür.

Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda dünyaya gəlib. İncəsənət İnstitutunda Rza Təhmasibin məktəbində dərs alıb, Sumqayıt Teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirib.

Səməndər Rzayevin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da, radio da, televiziya da.

Səsindəki şirinlik də bu münasibətlərə başqa bir doğmalıq gətirib. Səməndər Rzayev kinoda dublyaj sənətinin korifeylərindən olub. Kinostudiyanın dublyaj sexində, demək olar ki, günlərlə filmlərə səsini yazdırıb. Onun səsi, danışığı bir orkestrin ifa etdiyi simfoniyaya bərabər olub. Nə qədər ahəngli, nə qədər ürəyəyatımlı danışıb.

Səməndər Rzayevə, hətta epizodik rollar təklif olunanda belə, məmnuniyyətlə razılaşıb. Deyib ki, kiçik açarla da böyük qapılar açmaq olur. Elə ki, səhnədə bu böyük sənətkarın səsi eşidilib, bütün zal heyrətə gəlib. Bəzən onun kiçik rolları baş qəhrəmanları belə kölgədə qoyub.

“Həyatın dibində”, “Hamlet”, “Yağışdan sonra”, “Sən yanmasan”, “Cehizsiz qız”, “Qəribə oğlan”, “Dəli yığıncağı”… Bunlar Səməndər Rzayevin teatrda oynadığı tamaşaların cüzi bir hissəsidir. Amma onların hər birinə sənətkarın yuxusuz gecələri, gərgin yaradıcılıq axtarışları, bəzən isə hədsiz əsəbləri sərf olunub.

Səməndər Rzayev yaradıcı sənətkar olub. O heç vaxt pyesə doğma kimi baxmayıb. Özü obraz üçün ştrixlər axtarıb. Rejissorları da bu “ixtiralar”ın sərfəli olduğuna inandıra bilib.

Kinoya Səməndər Rzayevin hansı rolla başladığını demək çətindir. Amma onun sənət dostu, xalq artisti Yaşar Nuri deyib ki, ilk filmi haqqında bir özü bilib, bir də mən… “Uşaqlığın son gecəsi” filminin lap əvvəlində küçədə gəzən iki milis işçisindən biri Səməndər Rzayev olub. Amma sonralar o, kinoda da öz sözünü deyib. Doğrudur, onun aktyorluq potensialı kinomuzda yetərincə istifadə olunmasa da, bir sıra yaddaqalan obrazları – Səməndərli anları kino tariximizə köçürüb. “Çarvadarların izi ilə” filmində Səməndər elə Səməndəri oynayıb. Bu filmin əsasında İlyas Əfəndiyevin “Körpüsalanlar” əsəri durur. Səməndər Rzayev filmin çox da böyük olmayan surətlərindən biridir. Amma nəzərəçarpan, yaddaqalan obrazdır. “Nəsimi”də isə rejissor Həsən Seyidbəyli ona Şirvanşah İbrahimin rolunu tapşırıb. Bu, aktyor üçün böyük məsuliyyət olub. Doğrudan da, Azərbaycanın tarixində danılmaz xidmətləri olan Şirvanşah İbrahimi ekranda yaratmaq aktyordan əsl mənada yüksək sənətkarlıq tələb edib. Film ekrana çıxanda çoxları təəccüb hissi keçirib. Səməndər Rzayev obrazı elə özününküləşdirib ki, qarşında tarixi şəxsiyyət İbrahim şahın dayandığına səmimiliklə inanırsan.

Səməndər Rzayev çox vaxt filmlərdən imtina edib. Çünki çox məşğul olub. Teatrda işləyib. Televiziya filmlərində, tamaşalarında oynayıb, “Bulaq” verilişinin isə daimi aparıcılarından olub. Şakir Şəkəroviç (“Evləri köndələn yar”) hər dəfə televiziya ekranında görünəndə qəlbimizdə sevinc dolu bir dünya yaranır. Bazar günü axşamlar evə tələsirdik ki, “Bulaq” verilişində bu böyük sənətkarın bulaq kimi təmiz və şəffaf səsini dinləyək.

Və günlərin birində “Həyatın dibində” tamaşasına xəstə vəziyyətdə gəlib. Xəstəxanada olub. Buna baxmayaraq, pərəstişkarlarını nigaran qoymaq istəməyib. Həmin axşam mərhum sənətkar teatrda ən ağır və ən çətin gününü yaşayıb. Bu soyuq səhnədə xəstə aktyorun son oyunu olub.

S.Rzayev 27 mart 1986-cı ildə Bakı şəhərində vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.

Related posts

Xalq artisti Yaşar Nurinin xatirəsi anılıb

Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötür

Kino sənətinin vurğunu