Rəsmi Bağdad heç bir halda İraq ərazisində ABŞ-ın əlavə hərbi birləşmələrinin yerləşdirilməsinə razı olmayacaq.
Bu barədə İraq Nümayəndələr Şurasının (parlament) Təhlükəsizlik və Müdafiə Komitəsinin nümayəndəsi Kərim əl-Məhəmmədai bildirib.
“ABŞ-ın İraqa yeni qüvvələr göndərmək niyyəti ilə bağlı xəbərlərin heç bir əsası yoxdur. Nə Nümayəndələr Şurası, nə də İraq hökuməti səbəb və arqumentdən asılı olmayaraq, belə bir addımla razılaşmayacaq”, – deputat deyib.
Əl-Məhəmmədainin fikrincə, İraqa əlavə ABŞ qüvvələrinin göndərilməsi ilə bağlı bu cür xəbərlər ölkənin hazırkı baş naziri Məhəmməd əl-Sudaninin ölkə ərazisindən Amerika kontingentinin tam çıxarılmasına yönəlmiş səylərinə mane olmaq cəhdidir.
Deputat qeyd edib ki, İraqın hökumət başçısının bu mövqeyi ölkə parlamenti tərəfindən də dəstəklənir.
Əl-Məhəmmədainin bəyanatı ABŞ mediasında Suriya və İraqa 1,5 min Amerika hərbçisinin göndərilməsi ilə bağlı yayılan məlumatlara cavab olub. Xatırladaq ki, ABŞ-ın bu ölkələrdə artıq 4 minə yaxın hərbçidən ibarət kontingenti var.
Üstəlik, yanvarın 5-də İraqın Baş naziri Məhəmməd əl-Sudani beynəlxalq koalisiya qüvvələrinin İraqda mövcudluğunun əsaslandırılmasının başa çatdığını və Bağdadın ölkədə xarici hərbçilərin mövcudluğuna son qoymaq üçün konkret tədbirlər görmək niyyətində olduğunu bildirib.