Bir neçə gün əvvəl Bakıda həbsdə olan erməni separatçıların fotoları sosial şəbəkələrdə paylaşılıb. Onlar həbsxanada televizora baxır, kitab oxuyurlar. Fotolardan onların yaradılan şəraitdən məmnun olduqları görünür.
Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyanın fotoları yayılsa da, separatçıların sabiq “dövlət naziri” Ruben Vardanyan paylaşımlarda gözə dəyməyib.
Bəs Vardanyandan yeni nə xəbər var?
Saytımıza açıqlamasında komitə sədri bildirib ki, Vardanyanla şəxsən görüşüb və onun saxlanılma şəraiti yaxşıdır:
“Ruben Vardanyan hazırda Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasındadır. Mən onunla şəxsən görüşmüşəm. Axırıncı dəfə istintaq təcridxanasında saxlanılan separatçılarla görüşəndə onlardan heç biri saxlanılma şəraitlərindən narazılıq bildirməmişdi. Vardanyan başda olmaqla, Arayik Harutyunyan və digərləri öz saxlanılma şəraitlərindən şikayət etməmişdilər”.
Xatırladaq ki, Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib. O saxlanılaraq məsuliyyətə cəlb olunub.