Ana səhifə XəbərlərMədəniyyət Bu gün mərhum Xalq artisti Əliabbas Qədirovun doğum günüdür

Bu gün mərhum Xalq artisti Əliabbas Qədirovun doğum günüdür

admin2

Bu gün mərhum Xalq artisti Əliabbas Qədirovun doğum günüdür.

Xalq artisti 1946-cı il fevralın 13-də Bakıda dünyaya gəlib.

Yaradıcılıq imkanları romantik və realist aktyor məktəblərinin estetik göstəricilərinə, psixoloji mahiyyətinə, fəlsəfi dərinliyinə uyğundur. Daxilən hərarətli və ehtiraslı temperamentə, dinamik plastikaya malik aktyor idi. Oynadığı rollar janr xüsusiyyətlərinə görə fərqli, əlvan və bədii cəhətdən bitkin təsir bağışlayırdı.

O, bu yumordan həssaslıqla, yığcam “xəsisliklə”, lakin bədii məziyyətləri cazibəli, könüloxşayan, müəyyən estetik meyar çərçivəsində peşəkar görünən bacarıqla istifadə edərdi.

Əliabbas Qədirov oynadığı obrazlara ilk növbədə elmi-nəzəri əsaslarla yanaşırdı, xarakterin əsərdə kəsb etdiyi psixoloji-fəlsəfi qənaətlərin mahiyyətini müəyyənləşdirərdi. Səhnədə diqqətcil və həssas olardı. Azərbaycanın məşhur qiraət ustalarından biridir, onun ifasında Füzuli, Vaqif, Nəsimi, Sabir və s. kimi dahilərin poetik nümunələri lentə alınıb.

Bakıdakı 31, 176, 43, 36, 105 saylı orta məktəblərdə təhsil alıb. On birinci sinfi 105 saylı məktəbdə bitirib. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. Dəmiryolçular klubunda Xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. Romantik, monumental tamaşalarda rolları oynamaq vərdişlərinin ibtidai əsaslarını həmin dram dərnəyində öyrənib. Elə aktyor olmağı da burada qətiləşdirib.

O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sənət müəllimi, ixtisas kurs rəhbəri Xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi Əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub.

Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının “Aydın” (Surxay), Hüseyn Cavidin “Azər”, Afanasi Salinskinin “Təbilçi qız” (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. Elə buna görə də Əliabbas Qədirov son kursda oxuyanda Mehdi Məmmədov onu Akademik teatrda quruluş verdiyi Hüseyn Cavidin “Xəyyam” faciəsində Yusif roluna dəvət edib.

Ancaq tamaşanın premyerası uzanıb və 12 mart 1970-ci ildə göstərilib. Elə bu səhnədə ilk addımından teatr ictimaiyyətinin nəzər diqqətində olub. O, 1970-ci il aprel ayının 6-dan Milli Dram Teatrının aktyoru olub. Məşhur aktyor 26 dekabr 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru təyin edilib.

Aktyor Azərbaycan Dövlət Televiziyasında çoxlu tamaşalarda oynamış, uzun illər əvvəlcə gənclər üçün “Məşəl”, sonralar əyləncə xarakterli “Komediyalar aləminə səyahət” verilişlərinin aparıcısı olub.

Onun oynadığı tamaşaların bir qismi televiziyanın “Oızıl fond”una daxildir. Onlardan Süleyman Sani Axundovun “Laçın yuvası” (Cahangir), Məmməd Muradan “Təkan” (Dilqəm), İlyas Əfəndiyevin “Atayevlər ailəsində” (Cahangir), Mirzə Fətəli Axundzadənin “Hacı Qara” (Heydər bəy), Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” (Fərhad), Mar Bayciyevin “Duel” (İsgəndər), Dazortsevin “Qəbula gələn sonuncu adam” (Kişi) əsərlərinin teletamaşasında Əliabbas Qədirovun yaradıcılığı daha parlaq şəkildə təcəssüm tapıb.

Əliabbas Qədirov teatrla yanaşı, kino aktyoru kimi də məşhurdur və böyük uğurlar qazanıb. Hətta o, məhz kinorejissor Eldar Quliyevin çəkdiyi “Sevinc buxtası” iki seriyalı bədii filmindəki Nazim roluna görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Aktyor bundan əlavə “Azərbaycanfilm”də “Xatirələr sahilində” (İmran), “Nəğmə dərsi” (Ata), “Nə yaxşı ki, Səməd Vurğun var” (Vaqif), “Bizim evin kişisi” (Mansur), “Qızıl uçurum”(Cəlil), “Qocalar” (Fəriz), “Babək” (Fəzl), “Dənizdən işarə” (Sultanov), “Sevinc buxtası” (Nazim) kimi kinolentlərinə çəkilib.

Vaxtilə, rejissor Hüseyn Seyidzadənin çəkdiyi eyniadlı filmdə Qatır Məmməd rolunu məharətlə ifa edib. Lakin Moskva “millətçi” ruhuna görə o filmin ekrana çıxmasına icazə verməyib.

1978-ci ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.

Səhnə və ekran ustası Əliabbas Qədirov teatr və kino yaradıcılığındakı uğurlarına görə 1 dekabr 1982-ci ildə Azərbaycan SSR Əməkdar artisti və 17 may 1989-cu ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.

Əlabbas Qədirov 2006-ci ildə martın 8-də 60 yaşında leykemiya xəstəliyindən (ağ qan xərçəngi) vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn edilib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00