“Qarşıdakı 6-10 il ərzində Rusiya NATO arasında silahlı münaqişənin başlayacağı ilə bağlı proqnozlar həddindən artıq optimistdir. Hər şey daha erkən başlaya bilər, bu, Ukraynadakı kimi genişmiqyaslı müharibə olmayacaq”.
Bu fikri Berlin Avropa Dözümlülük Təşəbbüsü Mərkəzinin direktoru Sergey Sumlenni deyib .
O əlavə edib ki, bunun üçün Kreml irimiqyaslı müharibə deyil, NATO-nun nüfuzunu məhv edəcək məhdud hibrid aqressiya planlaşdırır: “Bununla da Rusiya göstərmək istəyir ki, NATO üzv ölkələrini müdafiə edə bilmir. Kreml bu planını reallaşdırmaq üçün ideal fürsət kimi NATO-nun əsas oyunçusunu neytrallaşmasını, daha doğrusu Donald Trampın prezident seçilməsini gözləyirlər”.
Rusiya ilə NATO arasındakı mümkün münaqişə ssenarisi barədə danışan alman ekspert bildirib ki, Kreml bu planını reallaşıdrmaq üçün ilk növbədə Baltikyanı ölkələri və ya Polşanı hədəf seçəcək və bununla da NATO-nu III Dünya Müharibəsini başlamaqla təhdid və şantaj edəcək.
“Bunlar Rusiyanın xəyallarıdır. Mən onların əsassız olmadığını deyə bilmərəm. İndi bilmirəm, amma üç il əvvəl Şolts heç bir Vilnüs uğrunda vuruşmazdı”, – analitik qeyd edir.
Digər Qərb analitikləri də Rusiyanın NATO ölkələrinə hücum edəcəyini proqnozlaşdırırlar.
Analitiklərin fikrincə, əgər Rusiya Ukraynada hərbi məğlubiyyətə uğramasa və daxili siyasi transformasiyaya başlamasa, o zaman 6-10 ildən sonra Ukraynada verdiyi itkiləri tam bərpa edəcək. Üstəlik, Rusiyada gedən prosesləri nəzərə alsaq, o zaman hərbi potensialını NATO-ya qarşı genişmiqyaslı müharibəyə başlamağa imkan verəcək səviyyəyə çatdıra bilər.