Rusiyanın ABŞ-dəki səfirliyi Prezident Co Baydenin Rusiya lideri Vladimir Putinə qarşı təhqiramiz ifadələr səsləndirməsi ilə əlaqədar ABŞ Dövlət Departamentinə etiraz notası göndərib.
Bu barədə jurnalistlərə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.
“Dövlət Departamenti işə başlayan kimi biz ABŞ rəhbərliyinin Rusiya prezidentinə qarşı təhqirlərinin hədsiz xarakteri və yolverilməzliyi ilə bağlı sərt etiraz notası göndərdik”, – səfirin Rusiya diplomatik missiyasının “Telegram” kanalı vasitəsilə yaydığı bəyanatda deyilir.
Onun sözlərinə görə, ABŞ çətin ki, sadə üzrxahlıqla vəziyyəti həll etsin.
“Mövcud vəziyyəti sadə üzrxahlıqla həll etmək mümkün deyil. Həm də ABŞ hakimiyyəti bunu etməyəcək”, – bəyanatda bildirilir.
Antonov ABŞ-də seçkilər yaxınlaşdıqca bu cür insidentlərin adi hala çevrildiyini vurğulayıb.