Şöhlət Əfşarın 75 illik yubileyi qeyd edildi – FOTO

Bu gün mərhum şair, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olmuş Şöhlət Əfşarın 75 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə akademik Yaqub Mahmudov, professor Əyyub Əzizov, akademik Sabir Tağıyev, professor Qurban Bayramov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, deputat Tahir Rzayev, tənqidçi Nizaməddin Mahmudov, dövlət nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Şairin oğlu Şəmsi Axundov bildirib ki, atası yaşasaydı, bu gün 75 illik yubileyini qeyd edəcəkdilər:

“Bu gün atam həyatda yoxdur. Biz də düşündük ki, Ş.Əfşara həsr olunmuş “Sükutdan asılan şair” sənədli filminin təqdimatını şairin yubileyində edək. Film atamın həyat və yaradıcılığına həsr olunub. Eyni zamanda, filmdə bir çox ziyalıların atam haqqında fikirləri səsləndirilib”.

Akademik Yaqub Mahmudov, professor Əyyub Əzizov Şöhlət Əfşarın yaradıcılığından söz açaraq onunla bağlı xatirələrini bölüşüblər.

Onlar bildiriblər ki, Şöhlət Əfşar Nadir şah Əfşar nəslinin davamçısıdır:

“O, Dünya Əfşarlar Dərnəyinin nümayəndəsi idi. Şair bu dərnəyin yaradılmasının altıncı ildönümündə Nadir şah Əfşarın kətan üzərində işlənmiş portretini hədiyyə edib. Ş.Əfşar Ağcabədi torpaqlarının yetişdirdiyi istedadlı və vətənpərvər şəxsiyyət olub. Ailəsinə, Vətəninə, xalqına bağlılığı nümunə sayılacaq xüsusiyyətlərindəndir”.

Mətbuat Şurasının sədri Rəşad Məcid isə şairin anım gününə həsr olunmuş tədbirin təşkilini yüksək qiymətləndirib:

“Dünyada ən vacib məsələlərdən biri məhz övlad-valideyn münasibətidir. Təşkil olunan tədbir üçün şairin övladlarına öz təşəkkürümü bildirirəm. Şöhlət Əfşarın ədəbiyyata vurğunluğu məni hər zaman valeh edib. Şairin “Sükutdan asılmışam”, “Dodaqdan könüllərə”, “Muğamın sədası” əsərləri ən yaddaqalan və maraq doğuran şeirlər sırasında yer alır”.

Akademik Sabir Tağıyev, deputat Tahir Rzayev, şairlər – Tapdıq Əlibəyli, Musa Ələkbərli, yazıçı Bəxtiyar Qaraca, professorlar – Qulu Məhərrəmli, Qurban Bayram və əməkdar müəllim Qəzənfər Abbasovun iştirak etdikləri mərasimdə şairin şeirləri səsləndirilib.

Tədbir çərçivəsində Şöhlət Əfşara həsr edilən “Sükutdan asılan şair” adlı sənədli film nümayiş olunub. Filmdə Ş.Əfşarın bədii yaradıcılığının müxtəlif illərinə, ziyalı şəxsiyyətinə, habelə şəxsi həyatına işıq salınıb. Şairin ailə üzvləri, yaxınları, sənət adamları onun haqqında fikirlərini bölüşüblər.

Ekran əsərinin ssenari müəllifi və rejissoru Azərbaycan Televiziyasının əməkdaşı Gülüstan Əkbər, quruluşçu operatoru Cavid Şərifov, montaj rejissoru Əhməd Heybətov, redaktoru Ramin Paşazadədir.

Sonda şairin ailə üzvləri tədbirə gələn hər kəsə öz təşəkkürlərini bildiriblər.

Eyni zamanda, ailə üzvləri qonaqlara şairin kitablarının yeni nəşri barədə məlumat veriblər.

Related posts

Xalq artisti Yaşar Nurinin xatirəsi anılıb

Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötür

Kino sənətinin vurğunu