Ötən həftə Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) adını dəyişib. Partiyanın növbədənkənar VII qurultayında ad dəyişikliyi barədə qərar qəbul edilib. Nəticədə BAXCP Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası adlandırılıb.
Partiya dəyişikliyin qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib.
Qeyd edək ki, BAXCP 2004-cü ilin aprelində Azərbaycan Xalq Cəbhəsi Partiyasından ayrılan dəstə tərərəfinfən Qüdrət Həsənquliyevin rəhbərliyilə yaradılıb. Partiya 15 avqust 2005-ci il tarixində Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdı.
BAXCP adını dəyişən ilk siyasi təşkilat deyil. Daha əvvəllər də belə siyasi hadisələr baş verib.
Adını dəyişən siyasi qurumlardan biri deputat Razi Nurullayevin rəhbərlik etdiyi Milli Cəbhə Partiyasıdır.
2015-ci ilin avqustunda Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) sədr Əli Kərimlidən narazı qüvvələr sabiq müavin Razi Nurullayevin rəhbərliyilə AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan etdilər. 27 sentyabr 2015-ci ildə AXCP qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımadı. Lakinin bu qurumun özü də siyasi dairələrdə qəbul olunmadı. 18 oktyabr 2015-ci ildə AXCP EQTK qurultay keçirərək adını dəyişdi və Razi Nurullayevi sədr seçdi. Amma Razi Nurullayevin təşkiları uzun müddət AXCP adına iddia edə bilmədi. 2020-ci ilin iyulunda Razi Nurullayev partiyasının yeni adını açıqladı – Milli Cəbhə Partiyası (MCP).
İyulun 27-də onlayn formatda keçirilən qurultayda partiya yeni adla iştirak etdi. MCP 2023-cü ildə Ədliyyə Nazirliyində qeydiyyata alındı.
Adı dəyişən partiyalar sırasında Tural Abbaslının sədri olduğu siyasi təşkilat da var. Söhbət Ağ Partiyadan gedir. Bu qurum Vahid Azərbaycan Partiyasının bazasında yaranıb.
Vahid Azərbaycan Partiyası 1993-cü ildə Kərrar Əbilov tərəfindən yaradılıb və dövlət qeydiyyatına alınıb. 1993-cü ilin prezident seçkilərində iştirak edən Kərrar Əbilov 2016-cı ilin yanvarında vəfat edib.
Tural Abbaslı isə əvəllər Müsavat Partiyasında Gənclər Təşkilatının sədri olub. 27 sentyabr 2014-cü ildə Müsavat Partiyasının VIII Qurultayı keçirilib. Qurultayda başqanlığa 3 namizəddən biri Tural Abbaslı olub. Sədr seçilə bilməyən T.Abbaslı qurultaydan sonra 2 il Müsavat Partiyasında faəliyyət göstərib. 2015-ci il 8 nəfər Tural Abbaslının liderliyində Ağ Blok adlı seçki bloku təsis edərək, parlament seçkilərinə qatılıb. Daha sonra bu blokun partiya kimi fəaliyyət göstərməsi düşünülüb, lakin qeydiyyat prosesinin çətinliyi nəzərə alınaraq bundan imtina olunub.
Tural Abbaslı 2016-cı ildə isə Müsavat Partiyasından istefa verərək Vahid Azərbaycan Partiyasına üzv olub. 26 iyun 2016 tarixində VAP-ın qurultayı keçirilib. Qurultayda Vahid Azərbaycan Partiyasının adı Ağ Partiya olaraq dəyişdirilib, Tural Abbaslı isə partiyanın sədri seçilib.
7 may 2020-ci ildə Ağ Partiyanın ad dəyişikliyi Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənərək rəsmi qeydiyyatına alınıb. 4 sentyabr 2023-cü ildə Ağ Partiya Ədliyyə Nazirliyi tərəfindən yenidən dövlət qeydiyyatına alınıb.
1992-ci ildə Məmməd Əlizadə tərəfindən yaradılan Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) da sonralar adını dəyişib.
Partiyanın qurucusu və ilk sədri Məmməd Əlizadə 22 iyun 2012-ci ildə vəzifəsindən istefa verib, sədr səlahiyyətləri isə müvəqqəti olaraq Mirkazım Seyidova həvalə olunub. Mirkazım Seyidov 15 gün partiyaya sədrlik edib. 2013-cü ildən partiyanın sədri Əlisahib Hüseynov seçilib.
DADP 2020-ci ilin avqustunda özünün 6-cı qurultayını keçirib. Qurultayda partiyanın adı dəyişdirilib və Milli Həmrəylik Partiyası (MHP) adlandırılması barədə qərar qəbul edilib. Əlisahib Hüseynov MHP sədri seçilib.
Həmçinin qurultayda partiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, partiyanın rəmzləri yenilənib, İdarə Heyəti, Mərkəzi Nəzarət-Təftiş Komissiyası və Siyasi Şura üzvləri seçilib.
2023-cü ildə Milli Həmrəylik Partiyası özünü buraxdığını elan edib.
Daha bir siyasi partiya ad dəyişikliyi nəticəsində başqa qurumun bazasında yaranıb. Bu, Akif Nağının sədri olduğu Azad Vətən Partiyasıdır.
Bu partiya 17 avqust 2022-ci il tarixində keçirilən qurultayda Qarabağ Azadlıq Təşkilatının əsasında yaradılıb. Həmin qurultayda Akif Nağı Azad Vətən Partiyasının sədri seçilib.
Qeyd edək ki, Qarabağ Azadlıq Təşçkilatı da 27 avqust 1993-cü ildə yaradılmış Qarabağ Azadlıq Hərəkatının xələfi olub. QAT 28 yanvar 2000-ci ildən fəaliyyət göstərirdi.
Azad Vətən Partiyası 2023-cü ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb.