Ana səhifə XəbərlərSiyasət Şah İsmayılın anası ilə bağlı tarixi yalana SON – FOTO

Şah İsmayılın anası ilə bağlı tarixi yalana SON – FOTO

admin2

“Azərbaycanın şərəfli tarixində haqqında müxtəlif şayələr gəzən, erməni, rus, osmanlı və fars tarixçilərinin şər atdıqları, hökmdar qızı və hökmdar anası olan Aləmşah Bəyim  (bəzi mənbələrdə Həlimə xatun) barəsində bütün yalanlarla son qoymaq lazımdır”.

Bunu dosent Zaur Əliyev deyib.  O, səhih və ciddi qaynaqlarda, elmi əsərlərdə, tədqiqat işlərində şah anası Aləmşahbəyim haqqında yazılanları xatırladıb:

“Aləmşah bəyim hörmətlə yad edilir və heç zaman Ağqoyunlu xanədanına təəssübkeşlik etməmiş, dövrün siyasi prosesləri zamanı daim ərinin və oğullarının tərəfində çıxış etmişdir”.

Z.Əliyev Səfəvi hökmdarı Aləmşah bəyimin dini inancı ilə bağlı yazılanların həqiqəti əks etdirmədiyini deyib:

“Səfəvi dövrünün hökmdar qadınları “mehd-i ulya”, yəni yüksək taxt kimi böyük məqam və səlahiyyətlərə sahib idilər. Aləmşahbəyim də böyük məqam sahibi idi və onu böyük edən bir ana kimi daima dövrün ən çətin zamanında övladlarına sahib çıxmaq, qardaşı və qohumlarına qarşı mübarizədə onları qorumaq idi.
Böyük tarixi şəxsiyyət olan Sara Xatunun nəvəsi, böyük hökmdar Həsən Padşahın qızı Aləmşah bəyim qətiyyətli, övladlarını onlara düşman kəsilən öz qardaşlarından qoruyan, gizlədən və zamanı gələndə Azərbaycan tarixinə Şah İsmayıl kimi bəxş edən güclü qadın idi. Ana tərəfdən xristianlığa bağlı olmasını əsas götürərək onu ittiham edən fars, ərəb və osmanlı müəlliflərinin ona olan nifrətinin kökündə Şah babam İsmayılın şeirlərində onu Həzrəti Fatiməyə bənzətməsi olub. Şaha dini inancına görə nifrət püskürən Osmanlı səlnaməçiləri, tarixçiləri fars, ərəb və erməni müəllifləri ilə birgə olmazın şər və böhtanlar atmasına baxmayaraq Aləmşah Bəyimin Ərdəbildəki məzar daşı Qurandan ayələrlə yazılıb.
Həmçinin dövrün qaynaqların yazdığına görə, onun əri Şeyx Heydər xristianlara nifrət etdiyi üçün bir həyat yoldaşı kimi ərinin inancına bağlı olub, etiqad edib”.

Dosent bildirib ki, Aləmşah bəyimin öldürülməsi barədə yazılanlar sadəcə uydurmadır:

“Bu gün Azərbaycana, onun xalqına və şərəfli tarixinə düşmən kəsilənlər yazırlar ki, guya 1501-ci ildə Təbrizdə Aləmşah bəyim Ağqoyunlu təəssübkeşliyi etdiyi üçün Şah İsmayıl tərəfindən öldürülüb. Hətta bizim düşüncəsiz tarixçilər erməni təbrizli Arakelin 1662-ci ildə yazdığı “Tarixlər Kitabı”nı əsas götürüb yazırlar ki, şah anasi əri Şeyx Heydər ilə birlikdə qardaşı Sultan Yaqub tərəfindən zəhərlənərək öldürülüb.

Bu gün ciddi qaynaqlar sübut edir ki, bunun heç bir əsası yoxdur və Şah İsmayılın düşmənləri tərəfindən uydurulub dövriyyəyə buraxılmış şayiədir.
Mən o düşmən müəlliflərinin əsərlərinin adlarını və hətta öz adlarını belə yazmaq istəmirəm. Çünki onların istinad etdikləri mənbələrin orjinallarında belə cümlələr yoxdur. Çox uzağa getməyək, elə  şah anasının Ərdəbildəki Şeyx Səfi türbəsinin həyətində, Allah-Allah günbəzinin yanında yerləşən məzar daşı üzərindəki epiqrafik kitabəni oxumaq kifayət edər. Məzar daşının üzərində onun h. 929-cu / m. 1522-23-cü ildə vəfat etdiyini göstərir.


Şotlandiyanın Edinburq Universitetinin kitabxanasında Şah İsmayılla bağlı doktorluq işini yazan Yusif-Camali Vatikan və digər kitabxanalarda araşdırmalardan sonra yazır ki, “bütün Venesiya qaynaqlarını incələdim,  İsmayılın öz anasını öldürmə iddialarının yanlış olduğunu gördüm, istinad edilən səyyahlar və tacirlərin əsərlərini 4 dildə qarşılaşdırılması zamanı orjinaldan tərcümədə böyük yanlışlığa yol verildiyin şahidi oldum” (The lıfe and personalıty of~ffilH ISMA’IL I (1487-1524) Nohanmad Karin Youssef-Jamali).

Tarix üzrə araşdırmaçı Şah İsmayılın öldürdüyü qadının kim olması məsələsinə də aydınlıq gətirib:

“O dövrdə çox arvadlıq qəbul edilmiş bir qayda idi. Əlbəttə, Şeyx Heydərin də bir neçə xanımı olub. Adına heç bir qaynaqda rast gəlmədiyimiz əvvəl cariyəsi(qulluqçusu) sonra isə hərəmində yer tutan bir qadını Şah İsmayıl edam edib. Çünki anası və ailəsinin başına gətirilən faciələr zamanı bu ögey ana düşmənlərə məlumat ötürüb, onların yerini deyib, qardaşlarının ölüm səbəkarı olub və sonra da çətin günlərdə onları tərk edib Bayanduriyyə dövlətinin (Ağqoyunlu) bəylərindən birinə ərə gedib.

Bir çox alimlərin istinad etdiyi “Tarix-e Aləmara-ye Şah İsmayıl” əsəri 1503-cü ildə Şah İsmayıl İsfahanı fəth edərkən Aləmşah bəyimin sağ olmasını təsdiq edir. Bayanduriyyə dövlətində, Həsən Padşahın yanında Venesiya Respublikasının diplomatı olan Katerina Zeno Şah İsmayılın iki xalası ilə söhbətini yazır və orda qeyd edir ki,  xalaları  İsmayılın hakimiyyətə gəlməsindən məmnun olublar və Təbrizə getməyə hazırlaşırlar. Əgər Şah öz anasını qətl etsəydi, iki xalası niyə saraya, onun yanına getmək istəsinlər?


Lakin ərinin ölümündən sonra çox çətinliklər çəkən hökmdar qızı həbsdə qalıb, aclıq keçirib və mənəvi sarsıntılar alıb. Buna baxmayaraq bir ana kimi  övladlarını var gücü ilə qorumağa çalışıb.

Səfəvilər tarixində müşahidə etdiyimiz kimi, çox sayda saray qadını mədrəsələr, külliyələr, saraylar, körpülər, bəndlər tikdirib, elmi-bədii məclislər təşkil edərək mədəniyyətin formalaşmasında öncüllük ediblər. Aləmşah bəyim də gəlinləri ilə birgə saray işində fəal olub, 1522-ci ildə rəhmətə gedib”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00