Hazırda Ermənistanın bütün siyasi palitrası Tavuş bölgəsinə yönəlib.
Bunu parlamentin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Köçəryan jurnalistlərə bildirib.
“Üstəlik, həqiqətə uyğun olmayan şeylərdən danışırlar. Maşınla dolaşır, ağacların altında şəkil çəkdirir, Ermənistanın kəndləri təslim etdiyini deyirlər. Biz kəndləri təslim etmirik, bu mümkün deyil, kəndləri təslim edən cinayətkar olur. Biz dövlət sərhədinin qanuni rəsmiləşdirilməsi prosesinə başlayırıq”, – deyə o vurğulayıb.
Andranik Köçəryanın sözlərinə görə, sərhəd xətti qurulduqdan sonra onu müdafiə etmək çox asan olur.
“Sərhəd xətti qurulduqdan sonra onun pozulmamasına görə məsuliyyət daşıyan qüvvələr var – sərhəd qoşunları”.
“Sərhədin demarkasiyasına Tavuş rayonundan başlanılacaqmı” sualına erməni deputat belə cavab verib: “Məgər aydın deyil ki, demarkasiyaya sərhədin bu hissəsindən başlayırıqsa, deməli hansısa bağlı otaqda hansısa dövlət mühafizə orqanı məsələyə baxaraq, belə məqsədəuyğun və düzgün hesab edib. Bu qurum Baş Qərargah adlanır”.
Qeyd edək ki, Qazaxın işğal edilmiş esklav olmayan Bağanıs Ayrım, Aşağı Əskipara, Qızılhacılı və Xeyrimli kəndlərini Azərbaycana qaytarılması məsələsi hazırda gündəmin əsas müzakirə mövzularındandır. Azərbaycan tərəfi Ermənistandan qanunsuz olaraq Tavuş bölgəsinə daxil etdiyi bu kəndlərin qeyd-şərtsiz qaytarılmasını istəyir. Ermənistanda isə hələ ki buna müqavimət var.