İsrail və ABŞ İranın tezliklə hücuma keçəcəyini gözləyir.
İran aprelin 1-də İsrailin Suriyadakı konsulluğa hücumuna cavab olaraq qisas hücumu həyata keçirə bilər.
Almaniyaya məxsus “Lufthansa” aviaşirkəti Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Tehrana uçuşların dayandırılmasını uzadıb. Şirkət bildirib ki, Tehrana və Tehrandan uçuşları aprelin 13-dək dayandırıb.
“Lufthansa” və onun törəmə şirkəti “Avstriya Hava Yolları” Tehrana uçan yeganə iki Qərb aviaşirkətidir. İrana yalnız Türkiyə və Yaxın Şərqin digər ölkələrinə məxsus hava yolları xidmət göstərir.
“Lufthansa”ya məxsus olan və həftədə 6 dəfə Vyanadan Tehrana uçan “Avstriya Hava Yolları” cümə axşamı günü uçmağı planlaşdırdığını, lakin gecə qalmamaq üçün vaxtları tənzimlədiyini açıqlayıb. Tehrana uçan digər beynəlxalq aviaşirkətlərdən açıqlama verilməyib
Aprelin 1-dən bəri region və ABŞ İranın cavab hücumuna qarşı hazır vəziyyətdədir. İrana məxsus xəbər agentliyi “X” sosial media platformasında Tehran üzərindəki bütün hava məkanının hərbi təlimlər üçün bağlandığını bildirən ərəbcə xəbər dərc edib, lakin sonra bu xəbəri silinib.
İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib ki, İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 əməkdaşının, o cümlədən onun xaricdəki elit birliyi olan Qüds Qüvvələrinin yüksək rütbəli komandirinin ölümünə səbəb olan zərbəyə görə İsrail “cəzasını almalıdır və bu olacaq”.
Xamneiyə cavabında İsrailin xarici işlər naziri İsrael Katz deyib ki, əgər İran İsrailə öz torpağından hücum edərsə, Təl-Əviv buna cavab verəcək.
İsrail Dəməşqə zərbənin arxasında olduğunu təsdiqləməyib, lakin Pentaqon məlumatı təsdiq edib.
“Bloomberg” nəşri çərşənbə günü ABŞ və İsrail təhlükəsizlik mənbələrinə istinadən yazıb ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri İranın və ya onun dəstəklədiyi qüvvələrin İsraildəki hərbi və hökumət obyektlərinə böyük raket və ya pilotsuz uçuş aparatları ilə zərbələrin qaçılmaz olduğuna inanır.
ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında ölkəsinin İranın istənilən təhdidinə qarşı İsrailin yanında olacağını açıqlayıb.
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Brett Makqurk Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İraqın xarici işlər nazirlərinə zəng edərək, İranı gərginliyi azaltmağa çağıran mesaj çatdırmalarını istəyib.
İran Xarici İşlər Nazirliyi bildirib ki, bu ölkələr nazir Hüseyn Əmir Abdullahianla telefonla danışıblar.
İsrail aprelin ilk günü Suriyanın paytaxtı Dəməşq şəhərinə aviazərbələr endirib. Hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 hərbçisi ölüb. Bunlar generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, eləcə də SEPAH-ın zabitləri – Seyid Mehdi Cəlalati, Möhsün Sədaqat, Əli Ağa Babai, Seyid Əli Salehi Rozbahani və Hüseyn Əmanullahidir.
Tehran zərbə endirilən obyektin konsulluq binası olduğunu bildirib. İsrailin “Ynet” portalının iddiasına görə, İsrail İranın Suriyadakı konsulluğuna hücumu inkar edir, hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını iddia edir. Qeyd olunub ki, SEPAH-ın Qüds xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi hərbi strukturdur.
İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri dövlət televiziyasında bildirib ki, zərbə İsrail Hərbi Hava Qüvvələri tərəfindən F-35 qırıcılarından istifadə edilərək həyata keçirilib.