Bu barədə mərkəzin müdiri Fatimə Babaxani aprelin 26-i “X” sosial şəbəkəsində bildirib.
“Şiddətə məruz qalmış qadınlar üçün kiçik mərkəz və canımızdan daha əziz sığınacaq yerimiz qeyri-dövlət Mehr Şəms Afərid Sığınma Evi bağlanıldı” – deyə Babaxani yazıb.
O, hakimiyyət tərəfindən mərkəzin bağlanılması və bağlanma üslubundakı kobudluğa etirazını bildirib.
“Sığınacağa sanki qoşun yeridilmişdir. Şəhərin rəsmiləri, müdirləri və mühafizə xidməti sığınacağa töküldülər və bu hərəkətlərini qanuni icazə və rəsmi bildiriş olmadan etdilər.
Onlar mərkəzə sığınmış qadınları Sosial Yardım Təşkilatına məxsus avtomobilə həmin təşkilata apardılar”.
Xatırladaq ki, Fatimə Babaxani bir gün öncə mərkəzin bağlanılması ehtimalını irəli sürmüşdü.
O, Şərq televiziyası ilə müsahibəsində bir gün əvvəl Qərbi Azərbaycan Əyaləti Səhiyyə Təşkilatının rəsmilərindən 8-9 nəfərin mərkəzə gəlib təftiş apardıqlarını demişdir.
“Mehr Şəms Afərid” Sığınma Evi qanuni lisenziya almaqla 2020-ci ildə Fatimə Babaxaninin müdiriyyəti ilə fəlaiyyətə başlayıb. Mərkəz evdə şiddətə məruz qalmış qadınları himayə edərək onları hüquqi, peşə və müalicə xidmətləri ilə təmin edib.