Türkiyənin İğdır vilayətində peyk ötürücüsü quraşdırılan bildirçinçalanın (şahinin bir növü) iki il ərzində marşrutu izlənilib. Məlum olub ki, quş Azərbaycan da daxil olmaqla Asiya, Avropa və Afrikanın 34 ölkəsindən keçib və bu səfərdə 48 865 kilometr məsafə qət edib.
Bu barədə Türkiyənin Araz Quş Araşdırma və Təlim mərkəzindən bildirilib.
Məlumata görə, 2022-ci ili aprelin 14-də peyk ötürücüsü ilə təbiətə buraxılan şahin Azərbaycandan əlavə Türkiyə, Ermənistan, Gürcüstan, Rusiya, Qazaxıstan, Suriya, İraq, İordaniya, Livan, Fələstin, İsrail, Səudiyyə Ərəbistanında, Kipr, Misir, Yəmən, Cibuti, Eritreya, Efiopiya, Sudan, Cənubi Sudan, Uqanda, Keniya, Ruanda, Burundi, Konqo Demokratik Respublikası, Tanzaniya, Malavi, Zambiya, Mozambik, Zimbabve, Anqola, Botsvana və Namibiyada olub.
Mərkəzdən bildirilib ki, bildirçinçalan nəsil artırmaq üçün Rusiyanın Qazaxıstanla sərhəd ərazisinə yaxın yerləri, qışlaq yeri kimi isə Namibiyanı seçib. Araz çayı vadisi isə şahinin əsas yaşayış və qidalanma məkanı olub.