Uzun müddətdən bəri Almaniyada yaşayan yazıçı Vüqar Dəmirbəylinin Bakı Kitab Klubunda “Dəli Alının yuxusu” tarixi romanı çapdan çıxıb.
Dəli Alı kimi ad çıxarmış Alı Məhərrəmov (1875-1917) XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycandakı qaçaq hərəkatının ən mühüm simalarından biri olub, vətəninin hüdudlarından kənarda da – bütün Qafqazda, hətta Rusiyada belə məşhur idi. Həmin vaxt onun haqqında imperator II Nikolay və ailəsi də eşitmişdi. Çariça və qızları yenilməz gəncəli qaçağa rəğbət bəslədikləri halda, çar onu dəstəsi ilə bir yerdə məhv etmək üçün bir-birinin ardınca planlar hazırlamaqda idi.
Romanda ötən əsrin əvvəllərində Azərbaycanda, Qafqazda və Rusiyada baş verən hadisələr, erməni millətçilərinin yaratdığı siyasi terror təşkilatları, erməni-müsəlman davası, yüksək rus cəmiyyətində ermənipərəst qüvvələrlə erməni millətçiliyinə düşmən olan “çernosotençilər” arasında gedən mübarizə və bunun çar hökumətinin Cənubi Qafqazda yeritdiyi siyasətə təsiri geniş əks olunub. O zaman yenicə Bakıda əsası qoyulan “Difai” partiyasının Gəncədə yaradılmış qolunun şəhər ağsaqqallarının rəhbərliyi və Dəli Alının dəstəsinin yaxından iştirakı ilə göstərdiyi fəaliyyət, qaçaqların erməni silahlılarına və rus qoşunlarına qarşı apardığı döyüşlər, o cümlədən din və ədəb məsələləri romanda mühüm yer tutur.
Sovet hakimiyyəti illərində Azərbaycanın bəzi qaçaqları çar üsuli-idarəsinə qarşı mübarizə aparan, xalqın təəssübünü çəkib, onu zalımdan qoruyan qəhrəman şəxslər kimi təqdim edilsə də, Dəli Alının adı tamamilə unutdurulmuşdu. 1960-cı illərdə Bakıda Aşıq Ələsgərin əsərləri külliyyatında dərc edilmiş “Dəli Alının dastanı” həmin dövrdə bu igid qaçağı Azərbaycan xalqına xatırladan yeganə yazılı mənbə idi. Bu qəsdən unutdurulmanın səbəbi isə yuxarıda deyildiyi kimi, Dəli Alının öz dəstəsiylə birgə XX əsrin əvvəllərində Azərbaycanın bir çox başqa bölgələri ilə yanaşı, Gəncədə və onun ətrafında da baş vermiş erməni-müsəlman davasında yaxından iştirakı idi. Sovet ideologiyası həmin dövrdə bu zəmində yer almış hadisələrin üzərindən ya tam sükutla keçir, ya da onların başvermə səbəblərini çar hökumətinin “parçala, hökm sür” siyasəti ilə əlaqələndirirdi. Sonradan sovet hakimiyyət qurumlarına da yol tapmış və “beynəlmiləlçilik” şüarı altında Azərbaycanın başına hələ çox müsibətlər gətirəcək erməni millətçilərinin əməllərini, Azərbaycan xalqını onlardan qoruyanların şücaətlərini isə danırdı. Bununla belə Gəncə və Gəncəbasar əhalisi Dəli Alını unutmadı, qəlbində yaşatdı, Aşıq Ələsgərin onun haqqında qoşduğu dastan isə toylarda oxundu.
Vüqar Dəmirbəyli, Azərbaycan mühacirlərinin bu el qəhrəmanı ilə bağlı SSRİ-nin süqutundan sonra dərc edilmiş xatirələrindən, onun haqqında xalq arasında deyilənlərdən, Azərbaycan və Rusiya arxivlərinin materiallarından bəhrələnərək, daha dərin araşdırmalar aparmağa, bununla da yeni tarixi romanında Dəli Alının dolğun ədəbi portretini yaratmağa və dövrün sərt simasını əks etdirməyə çalışıb.