“Elməddin 18 yaşında həqiqi hərbi xidmətə getdi. Əlim çatan hər yeri axtardım, Elməddindən xəbər-ətər olmadı”.
Bu sözləri şəhidin atası Şirxan Abbasov açıqlamasında deyib.
O bildirib ki, dörd övladından biri Birinci Qarabağ müharibəsində şəhid olub, digər oğlu isə müharibə veteranıdır:
“Elməddini əvvəlcə Şəmkirə aparmışdılar. Yanına getmişdim, o vaxt dedi ki, onları Kəlbəcərə döyüşə aparacaqlar. O vaxtdan Elməddindən xəbər yoxdur. Elməddin hava müdafiəsi dəstəsində xidmət edirdi. Mən elə bilirdim ki, o vaxt qar uçqunu nəticəsində həlak olublar. Sonra da gətirib Gəncədə Şəhidlər xiyabanında naməlum adı ilə dəfn ediblər. 2014-cü ildə məndən, anasından, qızımdan və oğlumdan nümunələr götürdülər. Elə o nümunələrlə DNT analizi aparılıb müəyyən edilib ki, Elməddindir. 31 ildir ki, Sumqayıtda yaşayırıq, Elməddini də Sumqayıt Şəhidlər xiyabanında dəfn etmək istədiyimizi dedik. Bu gün oğlumu son mənzilə yola salacağam”.
Ş.Abbasov onu da qeyd edib ki, Birinci Qarabağ döyüşündə qızının yoldaşı, bacısının oğlu, bir də öz oğlu Elməddin şəhid olublar.