Mayın 24-də Milli Məclisin Çexiya ilə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev qrupun üzvləri adından Çex Respublikası parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvlərinə etiraz məktubu ünvanlayıb.
Məktubda Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavini Yan Bartosekin Ermənistanın səfiri Aşot Hovakimyanla görüşdə səsləndirdiyi fikirlər Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin dərin təəssüfünə səbəb olduğu bildirilib.
Məktubun mətnində deyilir:
“Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu cənab Bartosekin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının 20% ərazisi 30 il ərzində Ermənistanın işğalı altında qalıb. Bu dövr ərzində Ermənistan azərbaycanlılara məxsus yaşayış məntəqələrini talan edib və dağıdıb, tarixi və memarlıq abidələrini məhv edib və saxtalaşdırıb, həmçinin Azərbaycana məxsus dini abidələri təhqir edib. Bütün dünya, o cümlədən Ermənistanın özü və cənab Bartosekin ölkəsi olan Çex Respublikası da bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Belə olan halda, sədr müavininin məsələ ilə bağlı öz dövlətinin rəsmi mövqeyinə açıq şəkildə məhəl qoymaması və ya faktları bilərəkdən təhrif etməsi bizdə dərin təəccüb və təəssüf doğurur”.
Bildirilib ki, Azərbaycan-Çexiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri cənab Bartosekin bəyanatını pisləyir və onun buraxdığı siyasi səhvi düzəldəcəyinə ümid edir.
Sonda İşçi qrupunun mövqeyi barədə Çexiya parlamentinin Deputatlar Palatasının rəhbərliyinə məlumat verilməsi xahiş olunur.