Növbəti həmsöhbətimiz Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasından papaq ustası İsmayıl Babayevdir.
İsmayıl Babayev artıq 35 ildir papaqçılıqla məşğuldur. Həmsöhbətimizin sözlərinə görə, o, gözünü açandan ailədə bu sənətə həvəsin olduğunu görüb.
“Atam və babam papaqçı olublar və 100 ilə yaxındır ki, bizim ailədə bu peşə nəsildən-nəslə ötürülür”, – deyə usta bəhs edir.
İsmayıl hesab edir ki, bu peşənin sahibi səbirli olmalıdir. Sadə papaq tikmək üçün 3-4 saat vaxt lazımdır, amma dərinin üzərində naxışları bir yerə yığmaq üçün çox vaxt lazım olur.
“Heç bir peşə çətin deyil, əsas – istəkdir, – deyə usta qeyd edir. – İstəyi olan insan üçün hər peşə asandır. İstək və səbir lazımdır”.
Həmsöhbətimiz deyir ki, o, bu işdə işlədiyi vaxtdan – 1988-ci ildə Naxçıvanda milli papaqlar çox az tikilirdi, papaq işinə baxanlar da az idi.
“O vaxt sadə şapka və kepka tikilirdi, – deyə usta xatırlayır. – 1990-cı illərdən bəri, müstəqillik bərqərar olandan sonra millətimiz bir az bu papağa maraq göstərdi. Demək olar ki, 4-5 il insanlarımız milli papaqlarımızdan istifadə etdilər. Sonra yenə də təzədən köhnə formaya qayıdıldı və onlar yaddan çıxdı”.
Regionda papaqçılıqla bağlı xüsusiyyətlərdən danışan İsmayıl “O olmasın, bu olsun” filmini xatırlayır.
“Yadınızdadır, Məşədi İbad papağı başına qoyanda deyir: “Belə qoysam Şamaxı lotusuna oxşayacağam, belə qoysam Gəncə qumarbazına və sair” – deyə həmsöhbətimiz gülümsəyir. – O vaxt kişilər papaq qoyanda belə bir dəb var idi. Hər bir regionun öz papaq qoyma forması var idi. Naxçıvanlıların bir papaq qoyuluşu forması var idi, gəncəlilərin digər qoyuluş forması, şamaxılıların – başqa cür”, – deyə usta bəhs edir. – Demək olar ki, bir naxçıvanlı Bakıya gedəndə və ya gəncəli Bakıya gələndə onu papaq qoyuluşu ilə seçirdilər. Regionlarımızın hər birində eyni formada papaq qoyulmur. Papağı bir az dik, azacıq qaşın üztündən qoyurlar, bir az da əyri olur. Hər bir rayon papağı həmin formada qoyurdu. Qıraqdan başqa bir rayona gedəndə onu papağından seçirdilər ki, kim hansı rayondan gəlib, hansı rayonun adamıdır. Danışıqsız, görkəmlə seçilirdi insanlar”.
Həmsöhbətimiz, papaqların çeşidlərinin zamanla necə dəyişdiyini, bu formaya gəlib çıxdığını da qeyd edib.
“Azərbaycanda əvvəlki papaqlarla indikilər arasında çox fərq var, – deyə usta bəhs edir. – Papağın formaları da, çəkiləri də dəyişib, əvvəlki papaqlar 800 qram, indikilər isə 300 qram olur. Bu, keçmişdəki filmlərdən də yaxşı görünür”.
İsmayıl müəllim deyir ki, papaqların tikilişi üçün üç dəridən istifadə olunur: qaragül, sür və əntiq dəri.
“O vaxtlar deyirdilər ki, varlılar, imkanlılar ancaq əntiq dəridən istifadə edirdilər. Əntiq “əntiqə” sözündən əmələ gəlir, tərcümədə çox gözəl deməkdir, – deyə usta izah edir. – Bu, ən gözəl dəri idi. Sür orta vəziyyət, qaragül də bir az aşağı səviyyəlidir. Bu formada papaqlar rənglərinə görə də istifadə edilib: qara papaq deyək ki, yas mərasimlərinə, ya da gümüşü və qəhvəyi toy mərasimlərinə qoyulurdu. Varlı papaqları olubdur, kasıb papaqları. Mən onlardan əvvəllər tikirdim, biz çıxırdıq tədbirlərə, deyək ki, 5-6 il bundan əvvəl belə şeylər tikilirdi. İndi onlar da tikilmir, tədbirə də çıxmırıq. İndi alıcısı da yoxdur o qədər, istifadəsi də”.
İsmayıl müəllimin sözlərinə görə, əcnəbilərin Azərbaycan papaqlarına marağı çox olur. Eyni zamanda, həmsöhbətimiz çox təəssüflə qeyd edir ki, indiki vaxtda gənclərin bu peşəyə marağı o qədər çox deyil, bu sənət tükənmək üzrədir. O, qədim adət-ənənələrimizin qorunub saxlanmasının nə dərəcədə vacib olduğunu vurğulayır.
“Papaqlar qədimdən qeyrət rəmzi olub, – deyə usta bəhs edir. – Keçmişdə kişilər papaqsız cəmiyyət içinə çıxmazdı. Amma indi papaq qoyanların sayı azdır. Son 20 ildə papaqların istifadəsi kəskin şəkildə azalıb. Qədim papaqlar sadəcə konsertlərdə, tədbirlərdə və rəqqaslar tərəfindən istifadə olunur. Belə davam etsə, bu sənət 10-15 ilə qalmaz, istifadə edən yaşlı kişilər vəfat etdikcə, qədim papaqdan istifadə olunmur. Sənəti qoruyub saxlamaq üçün təbliğata ehtiyac var. Biz qədim adət-ənənələrimizi qoruyub saxlamalıyıq və bu, çox vacibdir!” – deyə usta vurğulayır.