Yanan Doğum Evinin binası tarixi abidə imiş

Səbail rayonunun Qurban Abbasov küçəsi, 93 ünvanında yerləşən 5 nömrəli Kliniki Doğum Evi 3311 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsidir.

Bu barədə “oxu.az”a Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən bina 1930-cu ildə inşa edilib:

“İkinci Dünya müharibəsinə qədər şəhər mətbəxi kimi, müharibə zamanı təxliyə hospitalı, 1946-cı ildən doğum evi kimi fəaliyyət göstərib. Həmin dövrdə binanın görkəminə bir sıra dəyişikliklər, o cümlədən konstruktiv dəyişiklik olunub.

Bir müddət öncə binada qanunsuz aparılan təmir işlərinin qarşısı aidiyyəti dövlət orqanları ilə birgə alınıb, qanunvericiliyin tələbinə uyğun layihə əsasında işlərin həyata keçirilməsi diqqətə çatdırılıb.

Daha sonra Dövlət Xidmətinin nəzarəti altında və arxiv sənədlər əsasında layihə hazırlanıb. Bununla bağlı layihə müəllifləri ilə görüşlər keçirilmiş, abidənin ilkin görkəminə qaytarılması istiqamətində işlər aparılıb.

Layihə aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiq olunub.

Həmin binada yanğının başvermə səbəbi və abidəyə dəyən ziyanla bağlı əlavə məlumat veriləcək”.

Related posts

Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur

AŞPA-nın keçmiş vəzifəlisi öldü

Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb