“Elə ailə var ki, uşaqlarına dili sıfırdan öyrədirik. Heç bir söz bilmirlər. Bu, çox narahatedicidir. Bizim dilimiz o qədər gözəldir ki, unutmaq, unutdurmaq olmaz”.
Bu sözləri “Kaspi” qəzetinə müsahibəsi zamanı Azərbaycan Dillər Universiteti Təhsil 1 fakültəsinin nəzdində xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi, Azərbaycana gələn xarici vətəndaşlara və Azərbaycandan kənarda yaşayan azərbaycanlılara ana dilimizi öyrədən Hüzurə Ağayeva deyib.
O, kimliyimizi qorumaq, dilimizi, mədəniyyətimizi təbliğ etmək üçün xaricdə yaşayan azərbaycanlıların övladlarına ana dilimizi öyrədir. Nəinki həmvətənlərimiz, bir çox əcnəbi belə, onun sayəsində Azərbaycan dilində danışır. Deyir ki, bir saat ərzində dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıları məhz ana dili vasitəsilə bir yerə toplayır. Hesab edir ki, bir müəllim kimi bu fəaliyyət onun vətən qarşısında ən böyük borcudur.
– Hüzurə xanım, “Ana dili – Azərbaycan məktəbi” layihəsinin məqsədi nədir?
– Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi xaricdə doğulan azərbaycanlı uşaqlara ana dilini, milli kimliyini öyrətməkdir. İştirakçılar ana dilində yazmağı, oxumağı, danışmağı öyrənməklə yanaşı, ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında da məlumat əldə edirlər. Uşaqlar 5-16 yaş aralığındadırlar və hamısı azərbaycanlılardır. Onlar dünyanın müxtəlif ölkələrində – ABŞ, Kanada, Rusiya, Avstraliya, Peru, Xorvatiya, İtaliya, Fransa, Bolqarıstan, Polşa, Danimarkada yaşayırlar. Hər bir uşaq onlayn qeydiyyatdan keçir. Kurslar isə ictimai əsaslarla, tam ödənişsiz həyata keçirilir.
– Bəs ana dilimizi öyrədən müəllimlər hansı meyarlara əsasən seçiliblər? Məsələn, nə üçün məhz siz?
– Universitetin nəzdində 2008-ci ildən ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə hər il yayda səkkiz həftə intensiv olaraq amerikalı bakalavr, magistr təhsilli tələbələrə Azərbaycan dilini öyrədirik. Artıq 16 ildir ki, bu layihə davam edir. Hətta 2010-cu ildə İndiana Universitetinə göndərildim və orada üç ay dil təlimçisi kimi xaricilərə birbaşa öz yerlərində dilimizi tədris etdim. Səkkizinci həftənin sonunda həmin tələbələrdən müsahibə götürülür və dil səviyyələri yoxlanılır. Sıfırdan gələn tələbə minimum üç səviyyə irəliləyir. Təsəvvür edin, Azərbaycan dilində heç bir sözü tələffüz edə, mənasını bilməyən tələbə üçüncü həftədən sonra bizimlə ana dilimizdə danışırdı. Bu təcrübəmə görə müsahibəsiz layihəyə qəbul olundum.
– Xaricdəki uşaqlara dili tədris edərkən valideynlərin onlardan çox həyəcanlı olduğunu vurğulayırsınız. Valideynlər əsasən nədən narahatdırlar?
– İlk vaxtlar qısa müddət ərzində 500-dən çox insan qeydiyyatdan keçdi. Biz bu qədər tələbat olacağını gözləmirdik. Həmin valideynlər Azərbaycan dilini bilirlər, çünki burada yaşayıblar. Lakin övladları ətrafları xaricilər olduğu üçün dilimizi öyrənə bilmirlər. O uşaqlar yavaş-yavaş yaşadığı ölkənin sakinlərinə oxşayır, avropasayağı olurlar. Bu, valideynləri narahat edir. İkinci ən böyük problem isə xaricdə yaşayan azərbaycanlılar ölkəyə gəldikdə qohumlar, nənə-baba, həmyaşıdları ilə ünsiyyət qura bilmirlər. Bu da uşağa psixoloji baxımdan təsir edir.
– Sizcə, azərbaycanlı uşağın dilimizi bilməməsi kimin günahıdır?
– Mənə görə valideyn günahkardır. Dil dinlənmə vasitəsilə öyrənilir. Ailə Azərbaycan dilində danışmadığı üçün uşaq eşitmir və bilmir. Uşağa “sabahın xeyir”, “salam” demək çətindirmi? Elə ailə var ki, uşaqlarına dili sıfırdan öyrədirik. Heç bir söz bilmirlər. Bu, çox narahatedicidir. Bizim dilimiz o qədər gözəldir ki, unutmaq, unutdurmaq olmaz. Bir dəfə ABŞ-də rəfiqəmlə söhbət edirdik, bir nəfər də bizə qulaq asırmış. O, bizə yaxınlaşdı və ingiliscə soruşdu ki, siz hansı dildə danışırsınız? Dedik, Azərbaycan dilində. Dedi ki, mən sizə qulaq asmaq üçün iki avtobus buraxmışam. Necə gözəl, musiqili diliniz var. O qadın italyan idi. Əgər əcnəbi bizim dilimiz haqqında bu cür yüksək fikirdədirsə, biz niyə danışmayaq?
– Dərs prosesindən sonra övladı Azərbaycan dilində danışan valideyn toy-bayram edir deyirsiniz. Bəs uşaqların dilimizə münasibəti necədir?
– Uşaqlar xaricdə yaşasalar da, bizə çox bağlıdırlar. Dərslərə valideynlərindən çox maraq göstərir, hətta tətillərində belə dərsə qoşulurlar. Hər biri fərqli ölkədə yaşayır, amma bir platformada dostluq edə bilirlər. Bir-birinin qayğısına qalır, bir-birini öyrətməyə çalışırlar. Çox aktiv və maraqlı uşaqlardırlar. Harada yaşamalarından asılı olmayaraq tam azərbaycanlıdırlar.
– Maraqlıdır, Azərbaycan dilini öyrənən əcnəbi tələbələr sizi necə təəccübləndirirlər?
– Luk adlı amerikalı tələbəm var idi. Təsəvvür edin, Azərbaycan dilində bir hərf belə bilmirdi, amma hər gün 20 söz öyrənib gəlirdi. Milli yeməklərimiz, musiqimizlə çox maraqlanırdı. Bir dəfə “ağsaqqal” sözünü izah edirdim. Luk diqqətlə qulaq asdı və dedi ki, “mən Lənkərana gedəndə anlamırdım ki, ağ saqqalı olmayana niyə ağsaqqal deyirsiniz”. Elə məqamlara toxunurdular, özümə də maraqlı gəlirdi. Luk ölkəmizi çox sevirdi.
– Luk Azərbaycanda daha çox nəyi sevirdi?
– Onlar burada olanda həftəsonu istədikləri rayona gedə bilirdilər. Bir dəfə seçəcəkləri rayonu bizimlə məsləhətləşdilər və ləvəngi yemək üçün Astaraya yola düşdülər. Bu səfərdən sonra ingilis dilində status paylaşdı. Yazmışdı ki, “biz dörd nəfər Astaraya getdik, yolda bir qadınla rastlaşdıq və milli yeməkləri olan restoran maraqlandıq. Qadına konkret ləvəngi istədiyimizi bildirdik. Bizi öz evinə apardı, ləvəngi bişirdi, gözəl süfrə açdı. Sağollaşanda nə qədər pul verəcəyimizi soruşduq, qadın bizə “biz azərbaycanlılar qonaqdan heç vaxt pul almırıq, qapılarımız bütün qonaqların üzünə açıqdır”, – dedi”. Luk qeyd etmişdi ki, “mən sizə demirəm Azərbaycanın gözəl yerləri var, ona görə səyahət edin. Gözəl yerlər hər yerdə var. Amma dünyanın heç bir ölkəsində rast gələ bilməyəcəyiniz qonaqpərvərlik, doğmalıq yalnız Azərbaycandadır”. O status bizi də qürurlandırmışdı.
– Azərbaycan dilini öyrətmək və öyrətdiklərinizin öyrəndiyini görmək necə hissdir?
– Elə anlar var ki, sözlə ifadə etmək olmur. Bunu sadəcə yaşamaq lazımdır. Bir azərbaycanlı kimi fəxr edirəm və inanıram ki, öyrətdiyimiz uşaqlar sabah dillərini möhkəmlədəcək və öz uşaqları ilə bu dildə danışacaqlar ki, onların yaşadığı çətinliyi uşaqları yaşamasın. Bunu bacaracağamsa, nə xoşbəxt mənə. Bir saat ərzində dünyanın müxtəlif ölkələrini evimizə gətirirəm. Bizi nə birləşdirir? Dilimiz. Əgər bir millətin dili yoxdursa, gələcəyi də yoxdur.