İranda seçkilərində nə baş verir? – Namizədlərdən imtina, rejimin favoriti uduzur

Sabah İranda növbəti prezident seçkiləri keçiriləcək. İranın mövcud hakimiyyətində isə ciddi narahatlıq   hökm sürməkdədir. Buna səbəb isə İranın mövcud rejimi sabahkı seçkidə hakimiyyətini real şəkildə itirmək təhlükəsi ilə üz-üzə qalmasıdır. Çünki seçki marafonunda hakim rejim mühafizəkarların  namizədlərinə dəstək versə də, istənilən nəticəni göstərə bilmədi. Seçki marafonunun ilk mərhələlərində ən zəif namizəd hesab edilən islahatçıların təmsilçisi Məsud Pezeşkian ən real namizəd kimi ortaya çıxmağı bacardı. İstər sorğular, istərsə də seçicilərin açıq şəkildə Pezeşkiana dətək verməsi, mövcud İran hakimiyyətini ciddi qorxuya salıb. Seçkiyə 24 saatdan az qalmış mühafizəkarların digər namizədləri olan, hazırda İranın vitse-prezidenti Əmir Hüseyn Qazizadə Haşimi və Tehranın meri Əlirza Zakani  namizədliklərindən imtina ediblər. Hər iki namizədin bəyanatından da aydın görünür ki, onlara mövcud hakimiyyətdən təzyiqlər olub və onlar Səid Cəlilinin xeyrinə namizədliklərini geri götürüblər.

Əmir Hüseyn Qazizadə Haşimi seçkidən geri çəkilməsinin səbəbi kimi inqilab qüvvələrinin birliyini qorumaq naminə İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurasının, eləcə də bəzi üləma və rəğbətli şəxslərin xahişinə cavab olaraq, seçkidə iştirakdan imtina etdiyini açıqlayıb.

Haşimi onu da bəyan edib ki, indi əsas vəzifə ölkənin maraqlarını qorumaqdır.

Zəkani isə bəyan edib ki, Rəisinin yolunun davamı daha önəmlidir. “Mən Cəlili və Qalibafdan birləşərək inqilabi qüvvələrin haqlı tələblərini cavabsız qoymamalarını və Ruhaninin üçüncü hökumətinin qurulmasına mane olmalarını xahiş edirəm”, – Zəkani bəyan edib.

Bütün bu açıqlamlar onu sübut edir ki, iyunun 28-də İranda keçiriləcək növbəti prezident seçkiləri çox gərgin şəraitdə keçəcək. Mövcud rejim öz namizədi Səid Cəlilinin prezident seçilməsi və öz   hakimiyyətlərini qorumaq üçün ölüm-dirim mübarizəsi aparacaq.

Hətta son anda Mustafa Purməhəmmədin də namizədliyinin geri götürməsini ehtimal etmək olar. Hakimiyyət ona hansısa vəd verə bilər və o da namizədliyini geri götürə bilər.

Hakimiyyət daxilində ciddi qarşıdurma olmasına baxmayaraq, mühafizəkarların hakimiyyətinin xilası naminə Qalibafın da Səid Cəlilini dəstəkləməsi mümkündür. Çünki seçkidən imtina edən hər iki namizəd – Cəlili və Qalibafa islahatçıların hakimiyyətə gəlişinə imkan verilməməsi çağırışı edilib.
Digər tərəfdən isə Qalibaf seçki marafonunda istənilən nəticəni nümayiş etdirib uğurlu seçki kampaniyası təşkil edə bilmədi.

Seçkidən sonra İranda siyasi etiraz dalğalarının yenidən alovlanacağı istisna deyil.

Related posts

Pezeşkian keçmiş kəşfiyyat nazirinə yüksək vəzifə verdi

Pezeşkian Roma Papasına çağırış etdi

İranlı jurnalist Kiyanus Sandjari rejimə etiraz olaraq intihar etdi