Son günlərdə ABŞ-nin İrəvanla Bakı arasında sülh sazişinin imzalanması istiqamətində növbəti bir aktivliyi müşahidə edilməkdədir. Ağ Evin bu hərəkətliliyi özünü həm diplomatik, həm telefon danışıqları, həm də rəsmilərin bölgəyə səfərləri ilə müşahidə olunmaqdadır.
İyunun 20-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəngindən bir həftə sonra ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Bakıya səfər etməli oldu. Son günlərdə eyni zamanda Vaşinqtonda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzlanması istiqamətində bir sıra dinləmələr təşkil edildi.
İstər Blinkenin telefon danışığı, istər dinləmələrdə, istərsə də dövlət katibinin köməkçisinin Bakıya səfərində müzakirələrin ana xəttini Ermənistanla Azərbaycan arasında tez bir zamanda sülh sazişinin imzalanması oldu. Ağ Ev tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib. Bu məsələ O`Brayenin Bakıda keçirdiyi görüşlərdəki müzakirələrin ana xəttini təşkil etdi.
Rəsmi Bakı da 10 noyabr 2020-ci il üçtərəfli birgə bəyanatından sonra Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün təmin olunması üçün şərtlərini irəli sürüb. İrəvan Bakının sülhlə bağlı təkliflərini əsas kimi qəbul etsə də, amma dayanıqlı sülhə xidmət edən addımlar atmaqdan hələ də yayınmaqdadır.
Bakı sülhlə bağlı 10-cu təkliflər paketini İrəvana təqdim edib və cavab gözləyir. Azərbaycan Prezidenti İlham Əliyev rəsmi Bakının Ağ Evin sülh istiqamətindəki səylərini təqdir edərək bölgədə dayanıqlı və uzunmüddətli sülhə xidmət edən prinsiplərini ABŞ Dövlət katibi Blinkenin də diqqətinə çatıdırıb.
Azərbaycan Prezidenti bəyan edib ki, istər Ermənistan konstitusiyasında, istər digər müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlarda Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmadan bölgədə uzunmüddətli dövrə xidmət edən sülhdən danışmaq mümkün deyil. Bundan əlavə olaraq, rəsmi Bakı qeyri-funksional olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan çatdığını təklif edir.
Rəsmi Bakı haqlı olaraq hesab edir ki, Ermənistanda referendum keçirilib konstitusiyadan və digər qanunvericilik aktlarından Azərbaycana, həmçinin Türkiyəyə qarşı ərazi iddiasından imtina edilmədən bölgədə nə dayanıqlı sülhdən, nə sabitlikdən, nə təhlükəsizlikdən, nə də hər hansı sıx regional əməkdaşlıqdan danışmaq mümkündür. Yəni qonşulara qarşı ərazi iddiası Cənubi Qafqazda gərginlik mənbəyinin ocağı olaraq qalacaq və müəyyən məqam yetişdikdə bundan bölgədə gərginlik yaratmaq üçün istifadə olunacaq.
Əgər Ağ Ev doğrudan da Cənubi Qafqazda uzunmüddətli dayanıqlı sülh istəyirsə, o zaman İrəvana təzyiq edib konstitusiyasına dəyişikliklə bağlı referendum keçirməyi təkid etməlidir. Ağ Ev eyni zamanda İrəvanın danışıqlar prosesində üzərinə götürdüyü öhdəliklərin, xüsusən də sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat dəhlizləri ilə bağlı öhdəliyin yerinə yetirilməsində konstruktiv mövqe sərgiləməsinə səy göstərməlidir.
Rəsmi Bakı şərtlərini və mövqeyini ortaya qoyub, indi top Vaşinqton və Ağ Evin meydanındadır.
Təbii ki, Ağ Ev sülh təşəbbüsün əldə saxlamaq üçün Azərbaycan və Ermənistan liderlərini 9-11 iyulda Vaşinqtonda keçiriləcək NATO sammitinə dəvət etməklə orada onların görüşünü təşkil etməyə çalışacaq. Hər iki ölkənin liderinin NATO sammitində iştirakı və görüşü istisna deyil. Lakin görüşün uğuru İrəvanın sülhlə bağlı nə dərəcədə real addımlar atmasından asılı olacaq.
Bunlar olmadan sülhlə bağlı istənilən cəlbedici təkliflər öz effektini verməyəcək və danışıqlar uğurla nəticələnməyəcək.
Ağ Evin son günlərdə Orta Dəhlizlə bağlı ortaya atdığı ideya əslində Bakı üçün deyil, İrəvan üçün əhəmiyyət kəsb edir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, İrəvan danışıqlar perosesində istər sülh, istərsə də nəqliyyat dəhlizləri ilə bağlı müzakirələrədən spekulyasiya məqsədi üçün istifadə etməkdə davam edəcəksə, o zaman Orta Dəhliz layihəsindən də kənarda qala bilər. Azərbaycanın alternativləri var. Azərbaycan Gürcüstan və İran üzərindən keçməklə Orta Dəhlizin yaratdığı imkanlardan faydalanıb və bundan sonra da faydalanacaq. İtirən isə yenə də İrəvan olacaq. İrəvan nəinki Ağ Evin gündəmə gətirdiyi Orta Dəhliz layihəsindən, həm də Şimal-Cənub nəqliyyat dəhlizinin yaratdığı imkanlardan və regional əməkdaşlıq formatından kənarda qalmış olacaq.
İrəvan sülh prosesində destruktiv mövqe sərgiləməklə özünü təkcə bölgədəki logistik layihələrdən deyil, həm də yaxın gələcəkdə iqlim dəyişikliyi ilə bağlı yaşıl enerji layihələrindən kənarda qoya bilər. Odur ki, İrəvan və Ağ Ev, həm də Ermənistanın digər havadarları yaranmış fürsəti yaxşıca dəyərləndirməlidirlər. Qərb istəyirsə ki, bölgədə sülhə nail olub maraqlarını təmin etsin, o zaman əvvəlcə Ermənistanda Bakını narahat edən məsələlər həllini tapmalıdır. Bu, artıq Bakını deyil, Qərbi və İrəvanı düşündürən məsələdir.