Türkiyə Turizmin İnkişafı Agentliyinin təşkil etdiyi səfər gəzib-görmək üçün yaxşı fürsət idi və bunu dəyərləndirməmək olmazdı. Azərbaycan və Gürcüstandan olan jurnalistlər qrupu ilə Türkiyəyə yola düşənlər arasında mən də vardım.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanından qalxan təyyarəmiz bir də İstanbulda eniş etdi. Oradan isə daha yaxından tanıyacağımız Bingöl şəhərinə səfər etdik. Səfər bələdçimiz Mustafa Yalçınkaya ilə tanış olduq, ardınca qalacağımız otelə üz tutduq. Bir neçə saat ərzində səfər yorğunluğunu üzərimizdən atıb Bingölün kəşfinə başladıq. Jurnalist heyətinə bələdçilik edən Mustafa Yalçınqaya Bingöllə bağlı bizə qiymətli bilgilər verdi. Mustafa bəy pafosdan uzaq şəkildə Bingölün insanların sıxlıqla axışdığı turizm şəhərlərindən biri olmadığını etiraf etdi. Bu regionda yaşayanların böyük qismi kürdlərdir və onların danışıq zamanı istifadə etdiyi dil zaza dili adlanır. Şəhər sakinləri özünəməxsus qonaqpərvərliyi ilə seçilirlər. Bingölün ləziz təamlarından hazırlanan süfrənin ətrafına toplaşan andan bunun canlı şahidi olduq. Yeməkdən söz düşmüşkən, ət qovurması yerli əhalinin sevərək hazırladığı ən fərqli təamlardan biridir. Bingöl bölgəsi dağlıq ərazi olduğundan heyvandarlığın inkişaf etdiyi yer sayılır. Şəhər içərisindən inəklərin heç nəyə məhəl qoymadan sərbəst hərəkət etdiklərini görmək olurdu. Arıçılıq da Bingöldə inkişaf edən sahələrdəndir. Bingöl Türkiyədə təmiz balın məskəni sayılır. Yerli əkinçilikdə qoz ağaclarının yetişdirilməsinə üstünlük verilir. Heç demə, dünyaca məşhur “Kığılı” geyim brendinin adı da Bingölün Kı kəndindən götürülüb. Bu da Mustafa bəyin bizə söylədiklərinin ümumi və qısa xülassəsi…
Lakin hər şey bununla bitmirdi.
Şəhərin Solhan bölgəsində “Üzən adalar” deyilən möcüzəvi bir istirahət mərkəzi var. Bu adada olub-bitənlər insanı sanki hansısa nağıllar aləminə aparır. Yeni evlənən cütlüklər burada toy çəkilişləri edirlər. “Üzən adalar” təsirinə düşən azərbaycanlı və gürcü jurnalistlər qrupu elə bil sehrli bir dünyadaydı.. Beləcə, Bingöllə tanışlığımız tamamlandı, lakin bu hələ son deyildi…
Ertəsi gün Tunceli şəhərinə yollandıq.
5500 ildən çox tarixə sahib qədim Tuncelinin muzeyi barəsində danışmasaq olmaz.
Muzey 2020-ci ildən etibarən qapılarını ziyarətçilərinin üzünə açıb. Əvvəlcə 1937-ci ildə kazarma kimi tikilib, sonra muzeyə çevrilib. İndi burada Paleolit dövründən ta Cümhuriyyət dövrünə qədər olan bir sıra eksponatlar nümayiş etdirilir. Muzeyin məqsədi bölgənin arxeoloji, tarixi və mədəni dəyərlərini bölgəyə turistlərə tanıtmaqdır. Muzeydə konsertlər, tamaşalar və digər tədbirlər də keçirilir. Bundan əlavə, muzeydə “İnanclar” bölməsinə aid olan 10.000 cildlik kitabxana var.
Tunceli şəhərinin ən görməli yerlərindən biri də Munzur çayı Milli Parkının ərazisidir.
Səyahətimizin 3-cü günündə Elazığ şəhərinə getdik.
Elazığa gəmi ilə – Fərat çayının üzərindən keçərək üzdük. Dağların görüntüsü, çayın və quşların bir-biriylə vəhdət təşkil edən səsi, biri digərini tamamlayırdı. Sanki bir sehrli aləmdən çıxıb yenə də başqasına düşmüşdük…
Elazığ eramızdan əvvəl 4000-ci ildə qurulan düzənlikdəki Harput şəhərinin davamıdır. Bu səbəbdən illər boyu Harput adlandırılıb. Bölgənin ən görməli yerlərindən biri Harput qalasında olduq. Harput qalasına “Süd qalası” da deyilir. Qalanın inşası zamanı hökm sürən quraqlıq səbəbindən suyun əvəzinə yerli heyvanların südündən istifadə edildiyi barədə şayiələr gəzir. Anadolunun ən qədim məscidlərindən biri hesab olunan, 1156-1157-ci illərdə inşa edilən Harput Ulu Məscidi də indiki Elazığ əyalətində keçmiş dövrün nümunələrindən biri kimi qorunub saxlanılır. Məscidin həyətində səcdədə dayanan insan görüntüsünə bənzəyən tut ağacı bura gələnlərin diqqətini çəkir.
Beləcə, qardaş Türkiyənin 3 şəhərinə üç günlük səfərimiz başa çatdı.
Təşkilatçılığa görə Türkiyənin Turizmin İnkişafı Agentliyinə təşəkkürümüzü bildiririk.
Mənzər Qurbanova