Ana səhifə XəbərlərCəmiyyət Xidmət rəisi Xəzər dənizi ilə bağlı ÇAĞIRIŞ ETDİ

Xidmət rəisi Xəzər dənizi ilə bağlı ÇAĞIRIŞ ETDİ

admin

Xəzər dənizinin qapalı su hövzəsi olması onun səviyyəsində periodik tərəddüdlərə səbəb olur. Dünya okeanından təcrid olunmuş Xəzərdə bütün Yer kürəsində olan göllərdəki suların 45 faizə qədəri toplanıb.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin tərəddüdü tarixən müxtəlif dövrlər üzrə mütəmadi baş verib və hətta müəyyən zamanlarda fəsadlara səbəb olub. Buna əsasən deyə bilərik ki, Xəzər dənizinin səviyyə tərəddüdünün yaranmasında əsasən iqlim və geoloji amillər önəmli rol oynayır.

“Xəzər dənizinin səviyyə tərəddüdünün müşahidələri qədimdən aparılsa da, ilkin olaraq ölçü cihazı ilə sistemli müşahidə işləri 1837-ci ildən E.A.Lents tərəfindən Bakı şəhəri ətrafı dəniz sahəsindən aparılmağa başlanılıb. Bu sistemli müşahidələrin əsasında belə bir nəticəyə gəlmək olar ki, 1837-ci ildən XX-ci əsrin 30-cu illərinə qədər Xəzərin səviyyəsində kəskin tərəddüdlər müşahidə edilməyib. 1882-ci ildə dənizin maksimal səviyyəsi Baltik sistemi ilə -25.2 metr qeydə alınıb.

Lakin 1929-cu ildən Xəzərin səviyyəsi kəskin düşməyə başlayıb və səviyyənin düşmə prosesi 1977-ci ilə qədər davam edib. Bu dövr ərzində Xəzər dənizinin səviyyəsi təxminən 4 metr enərək Baltik sistemi ilə -29.05 metrə kimi düşüb. 1977-ci ildəki səviyyə son dövrlər üçn Xəzər dənizinin ən minimum səviyyəsi hesab edilir.

1978-ci ildən etibarən Xəzər dənizinin səviyyəsi artmağa başlayıb və bu proses 1995-ci ilə qədər davam edib. Bu dövrdə Xəzər dənizinin səviyyəsi təxminən 2.65 metr artaraq Baltik sistemi ilə – 26.40 metr olub. 1995-ci ildən 2010-cu ilə qədər Xəzərin səviyyəsində müəyyən stabilləşmə müşahidə olunub. Bu dövrdə kəskin səviyyə tərəddüdləri qeydə alınmayıb. Lakin 2011-ci ildən başlayaraq yenidən kəskin enmə prosesləri müşahidə edilib ki, bu proses də hazırki dövrə qədər davam edir”.

N.Mahmudovun sözlərinə görə, Xəzər dənizinin Azərbaycan sektorunda hidrometeoroloji müşahidələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan stansiya və məntəqələrdə aparılır. Xəzər dənizinin hidrometeoroloji şəraitinin öyrənilməsi məqsədilə dəniz müşahidə şəbəkəsi stansiya və məntəqələrində suyun səviyyəsi, temperaturu, duzluluğu, rəngi, şəffaflığı, dalğanın hündürlüyü, yağıntının miqdarı məlumatları və digər göstəricilər üzərində mütəmadi müşahidələr aparılır.

“Neft Daşları dəniz hidrometeoroloji stansiyasının müşahidə məlumatlarına əsasən 2021-ci ildə orta illik səviyyə Baltik sistemi ilə -28.14 m, 2022-ci ildə -28.42 m, 2023-cü ildə -28.69 m qeydə alınıb. 2021-2023-cü illər üzrə orta illik səviyyəni müqayisə etdikdə Xəzər dənizində 55 sm azalma qeydə alınıb. Qeyd olunan stansiyanın müşahidə məlumatlarına əsasən 2024-cü ilin iyun ayında Xəzər dənizinin orta aylıq səviyyəsi Baltik sistemi ilə – 28.67 m təşkil edib”.

Xidmət rəisi bildirib ki, Xəzər dənizinə Volqa, Kür, Astaraçay, Viləşçay, Qaraçay, Samur, Ural və digərləri də daxil olmaqla 130-dan çox çay axır. Onlardan Volqa çayı Xəzərə axan ən böyük çay olmaqla su balansının dənizə səth axınının ümumi həсminin 80 faizini təşkil edir. Yeraltı su axınları da Xəzər dənizinin su balansının gəlir hissəsini təşkil edir. Lakin yeraltı su axınlarının hansı dərəcədə Xəzər dənizinin səviyyəsinə təsir etməsi barədə alimlər tərəfindən yalnız nəzəri fikirlər irəli sürülür.

“Xəzər dənizində fəsli səviyyə tərəddüdləri su balansının gəlir və çıxar hissələrinin nisbəti ilə müəyyən olunur ki, bu ərazinin fiziki-coğrafi şəraitindən asılı olaraq dənizin səviyyəsini müxtəlif dərəcədə dəyişdirir. Fəsillərlə bağlı səviyyədə fərq il ərzində 30-40 sm intervalında müşahidə oluna bilər. Aparılan müşahidələr əsasında məlum olub ki, il ərzində səviyyənin ən aşağı vəziyyəti adətən dekabr – fevral aylarında müşahidə olunur. Mart-iyul aylarında isə dənizin səviyyəsi qalxmağa başlayır.

Səviyyənin ən yüksək göstəricisi iyun-iyul aylarında qeydə alınır ki, bu çaylarda yaz gursululuğu ilə əlaqədardır. İyul-avqustda çay axımının azalması və dəniz səthindən buxarlanmanın artması dəniz səviyyəsinin tədricən qış minimumuna qədər (dekabr) azalmasına səbəb olur”.

 

N.Mahmudov onu da qeyd edib ki, Xəzər dənizinin uzunmüddətli, yəni 5-10 illik səviyyə tərəddüdü proqnozunu vermək çox mürəkkəbdir. Səbəbi odur ki, dənizin səviyyə tərəddüdləri iqlim elementləri ilə əlaqədardır. Müasir dövrdə dənizin səviyyə proqnozunu 6 aydan çox müddət üzrə vermək çətindir.

 

“Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsi (KASPKOM) tərəfindən beş Xəzəryanı ölkənin birgə məlumatları əsasında dəniz səviyyəsinin dəyişməsi barədə yarımillik ssenarilər hazırlanır.
Qeyd etmək vacibdir ki, Ümumdünya Meteorologiya Təşkilatının dəstəyi ilə 1994-cü ildə yaradılmış Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsi mütəmadi olaraq Xəzəryanı ölkələrin Xəzər dənizinin hidrometeoroloji məlumatlarının mübadiləsi işini və Xəzər dənizi üzrə birgə koordinasiyalı fəaliyyətini təşkil edir.

 

Şübhəsiz son dövrün iqlim dəyişmələrinin, qlobal hava temperaturunun qalxmasının Xəzər dənizinin səviyyə tərəddüdünə təsiri var. Xəzər dənizinin səviyyəsinin kəskin tərəddüdü öz növbəsində bir sıra mənfi fəsadlara gətirib çıxarır. Belə ki, dəniz səviyyəsinin kəskin qalxması ətraf ərazilərin, sahil texniki qurğuların su altında qalmasına, gəmiçiliyin hərəkətinin məhdudlaşmasına, eyni zamanda bioloji məhsuldarlığın azalması və s. kimi bir sıra ekoloji və sosial-iqtisadi problemlərin yaranmasına, Xəzəryanı ərazilərin iqtisadi strukturunun pozulmasına birbaşa təsir edir. Dənizin səviyyəsi kəskin azalarkən limanlara yaxınlaşmalar, naviqasiya şəraiti çətinləşir, akvatoriyanın hidrometeoroloji rejimində mənfi dəyişikliklər baş verir”.

 

Xidmət rəisi Xəzər dənizinin səviyyə tərəddüdünün baş verməsi prosesinin tam araşdırılmasının, onun fəlakət səviyyəsinə çatmaması üçün vaxtında tədbirlər görülməsinin önəmini vurğulayıb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00