“Nizami” Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda Özbəkistan Kino Günlərinin təntənəli açılışı olub.
Açılış mərasimində Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov və Özbəkistanın mədəniyyət nazirinin birinci müavini Avazxon Tacixanov çıxış ediblər.
Azərbaycanda Özbəkistan Kino Günlərini açan Murad Hüseynov iki ölkə xalqları arasında dostluq əlaqələrini, o cümlədən kinematoqrafiya sahəsində əməkdaşlığı qeyd edib. Onun sözlərinə görə, bu əlaqələr 1955-ci ildə Bakı kinostudiyasında rejissor Tofiq Tağızadənin çəkdiyi və baş rolu özbək aktrisası Nelya Ataullayevanın oynadığı “Görüş” filminin çəkilişi zamanı başlayıb. Daha sonra Özbəkistan və Azərbaycan kino xadimlərini uzun illər davam edən səmərəli əməkdaşlıq bağlayırdı.
Nazir müavini, həmçinin qeyd edib ki, Azərbaycan Dövlət Film Fondunun arxivində yüzdən çox Özbəkistan bədii filmi və digər materiallar saxlanılır. Onların arasında Şuxrat Abbasovun, Əli Xamrayevin, Lətif Fayziyevin əsərləri var. Bildirilib ki, Hüseyn Seyidzadənin rejissoru olduğu “Qaynana” filmi özbək tamaşaçılarının xüsusi rəğbətini qazanıb. Murad Hüseynov çıxışının sonunda qonaqları və kinosevərləri gözəl beynəlxalq film festivalı – Azərbaycanda Özbəkistan Kinosu Günləri münasibətilə bir daha təbrik edib, onlara xoş seyrlər arzulayıb.
Öz növbəsində, Avazxon Tacixanov Azərbaycan xalqını türk dünyasının nümayəndəsi, özbək xalqına məsafəcə uzaq, lakin qəlbən yaxın və qohum kimi salamlayıb: “Azərbaycan xalqı bizimlə bir millət idi, bizimlə bir səhəngdən su içirdi, çörəyini paylaşırdı, eyni dildə danışırdı. Dinimiz də birdir. Əbəs yerə deyil ki, böyük özbək şairi Əlişir Nəvai Nizami Gəncəvi ənənələrini davam etdirərək türk dilində “Xəmsə” dastanını (əsər Orta Asiyada danışılan orta əsr türkcəsi olan Çağatay dilində yazılmışdır) qələmə alıb, Məhəmməd Füzuli Əlişir Nəvaini öz müəllimi adlandırırdı. Belə misallar çoxdur. Azərbaycanın “Arşın mal alan” pyesi indi də Özbəkistanın bir çox teatrlarında tamaşaya qoyulur və böyük uğur qazanır. Yaxud artıq adı çəkilən “Qaynana” filmi Azərbaycanın istehsalı olsa da, onu həm də özbək filmimiz hesab edirik. Hazırda iki ölkə prezidentlərinin xalqlarımızı daha da yaxınlaşdırmaq istəyi sayəsində bütün sahələrdə, o cümlədən humanitar və mədəni sahələrdə əlaqələr yeni səviyyəyə yüksəlir. Hər iki ölkədə Mədəniyyət Günləri böyük uğurla keçirilir, bunu indiki tədbir də sübut edir ki, bu tədbir çərçivəsində özbək kinorejissorlarının çoxjanrlı əsərləri təqdim olunur. Bu, rejissorun yaradıcılıq xüsusiyyətlərini daha geniş başa düşmək üçündür”.
Daha sonra Özbəkistan mədəniyyət nazirinin birinci müavini Azərbaycan və Özbəkistanın maraqları çərçivəsində gələcək layihələrə toxunub. Onların rəhbərlərinin planlarına görə, “yumşaq diplomatiya” hesab edilən mədəni sahədə hər iki xalqı mümkün qədər yaxınlaşdırmaq lazımdır. Nazir müavini “yumşaq güc”dən danışıb və bu yaxınlaşmanın gələcəkdə öz bəhrəsini verəcəyini qeyd edib. Özbəkistan nümayəndə heyətini təqdim edən Avazxon Tacixanov zala toplaşanlara bir daha təşəkkürünü bildirib və tədbirin proqramına daxil edilmiş filmlərin Azərbaycan tamaşaçısının marağına səbəb olacağına ümid etdiyini deyib.
Açılış mərasimi çərçivəsində “Evriliş” (“Təkamül”) bədii filmi nümayiş etdirilib. Rejissor Yolkin Tuyçiyevin çəkdiyi döyüş dramı sovet ordusu sıralarına çağırılan və qaynar nöqtələrdən birinin qəhrəmanına çevrilmiş özbək gəncinin taleyindən bəhs edir. Müharibə onun və ətrafındakıların həyatını dəyişir, keçmiş əsgər xaricə gedir və illər sonra vətəni Özbəkistana qayıtmaq qərarına gəlir. “Evriliş” Asiyanın ən böyük kinofestivalının – XXVII Busan Beynəlxalq Film Festivalının KIM Jiseok Mükafatı kateqoriyasında qalibidir. Bu mükafat festivalın Asiya kinosuna pəncərə bölməsində ən istedadlı Asiya rejissorlarının işini təqdir edir. Çəkilişlər Özbəkistan, Əfqanıstan, Misir və Böyük Britaniyada aparılıb. Rollarda Olmas Urayev, Baxrom Matçonov, Botir Abduraxmonov, Jurabek Arziyev, İlmira Rahimcanova, Yulduz Racabova, İqor Buxaidze, Yevgeni Moskviçev və başqaları yer alıb.
Bazar günü, iyulun 21-i saat 14:00-da tamaşaçılar rejissor Matekub Matçonovun çəkdiyi “Yaşa, Xotin” (“Bravo, xanım”) komediya filminə baxa biləcəklər. Çəkilişlər əsasən Daşkənd və Səmərqənddə aparılıb. Bu, qadınlara hörmət və verilən qiymətdən bəhs edən filmdir. Rejissorun özünün qeyd etdiyi kimi: “…bacılarımıza həsr olunmuş komediya janrında film çəkmək qərarına gəldik”. Baş rollarda Səidə Rametova, Barno Kadırova, Samd Muxtarov, Zuxra Salieva, Rixsitilla Abdullayev, Əsgər Xikmatov, Baxyer Turqunov və başqaları çəkiliblər.
Həmin gün saat 16:00-da isə tamaşaçılara “Hakim” filmi təqdim olunacaq. Dram filminin rejissoru Dilmurod Məsəidovdur və qadın hakim Əzizin həyatından bəhs edir. Əsas personaj uzun müddət hakim vəzifəsini tutan hörmətli və həddindən artıq ehtiyatlı bir qadındır. O, karyerasının bütün dövrü ərzində müxtəlif mürəkkəb vəziyyətlərin öhdəsindən gələ bilib. Nəzərə alsaq ki, qadın hakimin arxasında bu qədər zəngin iş təcrübəsi var, onun peşəkarlığına təəccüb edəcək çox az səbəb var. Lakin tezliklə onun əlinə yeni cinayət işi düşür və bu, böyük stres keçirməsinə səbəb olur. Bu dəfə müttəhimlər kürsüsündə cinayətdə özünü təqsirli bilməyən bir gənc var. Hakim hələ başa düşmür ki, bu iş onun bütün peşəkar karyerasında ən qeyri-adi və həqiqətən çətin proses olacaq. Filmdə baş rolu “Oltin Xumo” milli film mükafatında ən yaxşı qadın roluna görə mükafata layiq görülən Şodiya Abdukodirova oynayıb. Baş rolları Müyassar Berdikulova, Erkin Komilov, Muhabbat Abdullaeva, Bobur Yuldoshev və başqaları ifa ediblər.
Bazar ertəsi, iyulun 22-si saat 11:00-da “Bahodir Yalanqtuş” filmi nümayiş olunacaq. Tarixi film Özbəkistan prezidentinin şəxsi xahişi ilə lentə alınıb. Rejissor Dünyagir Əhmədovdur. Film böyük sərkərdə, Registan kompleksinin yaradıcısı, Səmərqənd qubernatoru, idmançı və aktyor Həbibullo Nizomovun obrazını canlandırdığı Bahodir Yalanqtuşun həyat və fəaliyyətindən bəhs edir. Bu, xüsusi tikilmiş və təchiz olunmuş panoramik pavilyonda çəkilmiş yeganə filmdir. Rollarda Bexzod Muhammadkarimov, Matekub Maçonov, Boir Xolmirzaev, Tahir Saidov və başqaları çəkiliblər. “Bahodir Yalanqtuş” filmi Səmərqənd şəhərinin keçmişi və Əmir Bahodir Yalanqtuş dövrünün tarixi mühiti haqqında ətraflı məlumat verir. Tarixi sənədli filmin təqdimatı Səmərqənd şəhərinin Registan meydanında baş tutub.
Bütün kinoseanslara giriş pulsuzdur.