Kolumbiya Universitetinin İctimai Sağlamlıq Məktəbinin və Kolumbiya Universitetinin Butler Yaşlanma Mərkəzinin mütəxəssisləri belə qənaətə gəliblər ki, sevdiyi birini itirmək insanı sürətli şəkildə qocalda bilər.
Bu halda insanın, xüsusilə də bioloji yaşı artır.
Yeni araşdırma valideynlərini, partnyorunu, bacısını, qardaşını və ya övladını itirmiş insanlarda bioloji baxımdan daha yaşlı olma əlamətlərinin olduğunu üzə çıxarıb.
Tədqiqatın nəticəsi “JAMA Network Open” jurnalında dərc edilib.
Bildirilib ki, bioloji qocalma hüceyrələrin, toxumaların və orqanların fəaliyyətinin səmərəliliyinin tədricən azalmasıdır. Bu, xroniki xəstəliklər riskinin artmasına səbəb olur. Bu növ qocalma DNT markerləri ilə ölçülür.
Tədqiqatçılar 1994-1995-ci illərdə başladılan Yeniyetmələrin və Yetkinlərin Sağlamlığının Araşdırılması layihəsi çərçivəsində əldə edilən məlumatlardan istifadə ediblər. Layihə çərçivəsində iştirakçılar yeniyetməlikdən yetkinliyə qədər izlənilib. Tədqiqatda iştirak edən insanların təxminən 40%-i 33-43 yaşları arasında ən azı bir itki yaşayıb. İki və ya daha çox yas keçirənlərin daha böyük bioloji yaşı olduğu müəyyən edilib.
Yetkinlik dövründə bir neçə belə itki yaşamaq bioloji qocalmanı bir itki yaşamağa nisbətən daha güclü şəkildə sürətləndirir.