İyul ayında İspaniyada istilər səbəbindən 700-dən çox adam ölüb.
İspaniyada 40 dərəcəni keçən anomal yüksək temperatur müşahidə edilir.
Mayorka bölgəsi istidən ən çox əziyyət çəkir: avqustun 1-i cümə axşamı günü orada bir gündə bir neçə nəfər ölüb.
60 yaşlı kişi səhər təcili yardım nömrəsinə zəng vurub – o, qayıqla sahildən uzaqlaşıb və qəfil özünü pis hiss edib. Yerli nəşr “Ultima Hora” yazır ki, xilasedicilər gələnə qədər o, artıq ölüb. Bunun səbəbi, yarılmadan göründüyü kimi, həddindən artıq isti olub.
Həmin gün saat 18:00 radələrində 61 yaşlı kişi avtomobilində keçmiş kəsim məntəqəsinin yaxınlığında ölüb – bu, ilk ölüm yerindən 7 kilometr aralıda baş verib. Həmin şəxs xilasediciləri telefonla da çağırıb. Məlumata görə, məhkəmə-tibb eksperti mərhumun bədən istiliyini ölçəndə 40 dərəcədən çox olub.
Təkcə iyul ayında III Karlos Sağlamlıq İnstitutunun məlumatına görə, İspaniyada ən azı 771 nəfər istidən ölüb, bunların əksəriyyəti ayın son həftəsində olub.